Vladimir Putin MDB-də nə planlaşdırır?

Arxiv foto: Vladimir Putin

-
İlk Avropa Olimpiadasının Bakıda keçiriləcəyi haqda xəbər və bir də Rusiyanın Qəbələ RLS-lə bağlı notası başqa bir hadisəni tamamilə kölgədə qoydu – hətta media əhli də maraqlanmadı ki, Ukrayna prezidenti V. Yanukovych-in Bakıya qısa səfərinin məğzi nə idi. Adətən belə səfərləri xarici işlər nazirləri və yaxud da hökumətin başqa üzvləri edirlər, amma indi MDB liderlərinin sayəsində hətta prezidentlərin protokoldan kənar səfərləri adi hal alıb. Çox maraqlıdır ki, media əhli də sadəcə faktı konstatasiya etməklə kifayətlənir və onun necə deyərlər, kökünə getmir.

Ən maraqlısı isə budur ki, V. Yanukovych-in bu gün (red: dekabrın 18-si) üçün Moskvaya səfəri nəzərdə tutulub. Elə bu səfərin də qısa müddətli olacağı gözlənir, onun günün hansı vaxtı və necə baş tutacağı mübahisəli olaraq qalır. Amma rusiyalı təhlilçilər bu səfərə geniş şərhlər həsr edirlər, sanki MDB formal bir qurum olmaqdan qurtularaq, BMT-nin və yaxud da NATO-nun səviyyəsinə qalxıb. Bu səpkidəki fikirlərlə qısa bir tanışlıq belə bir nəticəyə gəlməyə əsas verdi ki, Ukrayna bu günlərdə Rusiyanın özü üçün böyük layihə hesab etdiyi məsələyə – gömrük ittifaqına münasibətini açıqlamalıdır. Həmişə olduğu kimi ruslar Ukraynadan tam inteqrasiya umur, amma ukraynalılar özləri isə bu məsələdə yalnız qismən inteqrasiyadan söhbət gedə biləcəyini deyirlər. Əgər Ukrayna Rusiyanın təklifinə «hə» desə, onda onun nəql etdiyi qazın qiyməti təxminən üç dəfə azalacaq. Elə Ukraynanı da həm şirnikləndirən, həm bu təklifə diqqət ayırmağa sövq edən də qaz sövdələşməsidir, çünki qış gələndə Avropa ölkələrinin birinci problemi məhz qaz məsələsi olur. Xatırladaq ki, indi gömrük ittifaqına üç dövlət – Rusiya, Qazaxıstan və Belarus qoşulub və onlar öz sıralarını yaxın dövrlərdə genişləndirmək əzmindədirlər…

KİYEV MDB-YƏ CAVABINI BAKIDA AXTARIR?

Ukraynanın bu ittifaqa münasibətini Azərbaycanla çək – çevir etməsi bir o qədər də qeyri-adi və təəccüblü görünmür, ən azı o səbəbdən ki, indi MDB-də sanballı dövlətlərdən biri də Azərbaycandır. O, enerji və kredit resurslarına malik ölkə hesab edilir, həm də birlik çərçivəsində özünün fərqli, bir az da orijinal siyasəti ilə seçilir. Artıq bir dəfə yazmışdıq ki, prezident İ. Əliyev Aşqabad sammitinə yollanmadı, ölkəni bu tədbirdə baş nazir A. Rasi-zadə təmsil etdi. Hiss olunur ki, Azərbaycan Rusiyadan bir qədər siyasi məsafə saxlamağa cəhd edir və bununla da Rusiyanın gömrük ittifaqı təklifindən yayınmağa çalışır. İndi Rusiya ilə qonşu Gürcüstan arasında Cenevrədə danışıqlar aparılır. Gürcüstan lideri isə özünün ilk xarici səfərlərindən birini Azərbaycana etməyi planlaşdırır. Azərbaycan tamam olmasa da, qismən Gürcüstanla eyni statusdadır, çünki artıq o, da Rusiyanın hərbi çətirindən tamam kənardadır. Hətta belə bir halı ölkə üçün təhlükəli hesab edənlər də var. Amma bir məsələ aydındır ki, təzyiq eyni vaxtda bir neçə ölkəyə qarşı yönələndə onu neytrallaşdırmaq da asan olur. Gürcüstanın MDB-dən tamam çıxması müəyyən mənada Ukraynanın və Azərbaycanın birlik daxilində mövqelərini zəiflətdi. Amma eyni zamanda birliyin təzyiq imkanlarını da azaltdı, çünki bu məqamda tez-tez belə bir sual yaranır ki, birliyin digər üzvlərinə qarşı təzyiq etmək bu ölkələri də Gürcüstanın yolu ilə getməyə təhrik etməzmi? Hətta ən optimist təhlilçilər belə hesab edir ki, Cenevrə danışıqları uzun çəkəcək. Deməli, qonşu Gürcüstanın MDB-yə qayıdışı yaxın dövrün predmeti deyil. Bu hal GUAM-ın nüvəsini təşkil edən ölkələr üçün MDB-də bir qədər zəif siyasi fon yaratsa da, başqa çıxış yolu yoxdur – onlar özlərini bütün ehtiyat resurslarını gömrük ittifaqına inteqrasiyanı yubatmaq üçün səfərbər etməlidirlər.

ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATI, YOXSA GÖMRÜK İTTİFAQI?

Rusiya hələ onu da nəzərə almır ki, gömrük məsələsi ən azı Azərbaycan üçün xüsusi önəm kəsb edir və bu məsələyə münasibət təkcə sırf milli maraqlarla şərtlənmir. Gürcüstan, Ermənistan və hətta Rusiyanın özü də Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvüdür. Amma Azərbaycan bu təşkilata üzv olmağı hələ də yubadır. Bunun səbəblərindən biri həm də budur ki, ölkə və yaxud da onun siyasi isteblişmenti gömrük sistemində şəffaflığı öz maraqları üçün hələ məqbul hesab etmir, hər halda ÜTT-yə üzvlüyün bu qədər yubanmasını başqa cür izah etmək çətindir. Adi insanlar milli müstəqilliyə və maraqlara daha çox idealist prizmadan yanaşırlar və onlar heç güman da etmirlər ki, hakimiyyət üçün bu məsələnin həm də bir sərvət və gəlir ifadəsi var və idealistlərdən fərqli olaraq onların milli mücadilə aparmasının əsas siyasi – psixoloji motivlərindən biri də budur ki, onlar bu sərvəti və gəlirləri başqaları ilə bölüşmək istəmirlər. Bunu qeyri – adi qəbul etmək də lazım deyil, çünki siyasi müstəqillik özünün maddi ifadəsini ya cəmiyyətin timsalında (əgər o, güclüdürsə və hər şeyə nəzarət edə bilirsə!) tapır, ya da hakim siyasi elitanın timsalında – xarici aspektdən yanaşanda fərq o qədər böyük olmur…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir