Xarici siyasət: balansın sonu, yoxsa başlanğıcı?

Rəşid Şərifin karikaturası

-

Siyasətin digər istiqamətlərindən fərqli olaraq xarici siyasət həmişə özünün sabitliyi ilə seçilir. Regionda və dünyada proseslər tez-tez dəyişmirsə, siyasi kataklizmlər baş vermirsə, ölkələr özlərinin ənənəvi xarici siyasət kursuna sadiq qalırlar. Amma bəzən elə olur ki, optimal xarici siyasət kursunun, dövlətlərin milli maraqlarına həqiqətən də cavab verən siyasətin bərqərar olması üçün on illiklər tələb olunur. Bu baxımdan keçmiş sovet ölkələri xüsusi maraq kəsb edir, çünki onlar Rusiya ilə münasibətlərini hələ də cilalamaqla, bu münasibətlərə bərabərtərəfli məzmun verməklə məşğuldurlar. Təsadüfü deyil ki, Rusiyanın son notasından sonra xarici siyasət və onun gələcək istiqamətləri Azərbaycanda əsas mövzuya çevrildi, bir neçə günün ərzində bu problem siyasi gündəmi zəbt etdi. Belə marağın kökü nədədir? İnsanları daha çox nə narahat edir? Onları maraqlandıran nədir? Suallara cavab verməmişdən öncə qeyd edək ki, siyasətə, eləcə də beynəlxalq münasibətlərə kütləvi münasibət bəzən stereotiplər səviyyəsində qurulur. Bəzən insanlar bu və ya başqa şəkildə məhz ona görə düşünürlər ki, onlar buna sadəcə adət ediblər. Bu baxımdan yanaşanda Rusiyaya münasibəti başa düşmək mümkündür. İnsanlar həmin münasibətlərlə bağlı artıq bir dəfə siyasi şok yaşayıblar. Bu, keçmiş SSRİ-nin parçalanması zamanı olmuşdu. Amma deyəsən, indi ikinci şok yaşanır, məmurlar mütəmadi açıqlamalar versələr də, təhlilçilər vəziyyəti şərh etsə də, insanlar Rusiya ilə münasibətlərin tam bərabər müstəviyə qalxmasını bir qədər narahatlıqla qarşılayırlar. Onlar, elə dövlət adamlarının özləri də, bu vaxta qədər yürüdülən xarici siyasət kursuna balanslaşdırılmış siyasət deyirdilər. Amma həqiqətən də belə idimi? Doğrudanmı bu siyasət balanslaşdırılırdı?

ƏSL BALANSLAŞDIRILMIŞ SİYASƏT NECƏ OLUR?

Bir qədər ənənəvi səslənməsə də, etiraf edək ki, bu vaxta qədər siyasətdə balans daha çox Rusiyanın xeyrinə pozulurdu. Sübut üçün heç də uzağa getmək lazım deyil, ölkə ərazisində başqa dövlətin deyil, məhz Rusiyanın hərbi bazası fəaliyyət göstərirdi. Əgər həqiqi və məzmunlu siyasi – diplomatik balansdan söhbət gedirsə, o, hələ bundan sonra bərqərar olacaq. Azərbaycan bloklara qoşulmamaq hərəkatının üzvüdür. Bu üzvlük onu tamam hərbi – siyasi neytrallığa sövq etməsə də, hər halda ölkənin bundan sonrakı vəziyyəti onun bu blokda mövcudluğuna daha adekvat olacaq. Təbii ki, siyasi vəziyyət dəyişə bilər və dəyişmiş münasibətlər yeni siyasi reallıqlar diktə edə bilər. Amma bu, daha çox gələcəyin predmeti və qayğısıdır. İndi daha çox belə fikirlər ifadə olunur ki, Rusiya ilə münasibətlərin hesabına xarici siyasətdə Qərbin çəkisi artacaq. Amma məsələ bundadır ki, Azərbaycan Qərblə hər hansı bir hərbi – siyasi alyansda deyil. Əgər söhbət ölkədə Qərb institutlarının və dəyərlərinin bərqərar olmasından gedirsə, bunu Rusiyanın özündə də müşahidə etmək mümkündür. NATO ilə münasibətlərə gəldikdə isə onların intensivliyi son dövrlərdə xeyli azalıb. Elə əvvəllər də bu münasibətlər tam hərbi – siyasi müttəfiqlik və əməkdaşlıq səviyyəsinə qaxmamışdı, daha çox müdafiə və hərb məsələlərində islahatları nəzərdə tuturdu. Bir daha Rusiya amilinə qayıtsaq, demək lazımdır ki, Rusiya ilə münasibətləri şərtləndirən və onları zəruri edən ilk növbədə coğrafiyadır, bu ölkənin Azərbaycana yaxın olmasıdır. Ona görə də Rusiya Azərbaycanın siyasətində həmişə önəmli yer tutacaq. Bu münasibətlərin bərabərliyinə isə sadəcə alışmaq lazımdır və bunu həm Rusiyada etməlidirlər, həm də Azərbaycanda.

KOLONİAL KOMPLEKSLƏRDƏN QURTULMAĞIN VAXTIDIR

Narahatlıq yaradan, bəzən qorxu, təlaş gətirən səbəblərdən biri həm də budur ki, insanlar əsl balanslaşdırılmış siyasətə adət etməyiblər, məsələn, onlar Rusiyanı adi bir qonşu dövlət statusunda görməyə alışmayıblar. Ona görə də onun tez bir zamanda başqa bir dövlət və ya dövlətlər qrupu ilə əvəz ediləcəyini güman edirlər. Amma bu, yanlış yanaşmadır və müəyyən mənada əski kolonial komplekslərin təzahürüdür. Təbii, bu da zamanla bağlı olan və zamanla bahəm həllini tapan məsələdir. İnsanlar SSRİ olmadan yaşamağa necə alışdılarsa, Rusiyanı da bərabər qisimdə görməyə eləcə alışacaqlar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir