-
GÜRCÜSTANDA PİK-IN BAĞLANMASI
Yaxınlarda növbəti Qafqaz dinləməsini keçirmək üçün Tbilisiyə getmişdim. Konu Güney Qafqazda jurnalistlərin haqları idi. Gürcü həmkarlarımızda bu mövzuya «Birinci İnformasiya Kanalı»nın (PİK-in) bağlanması ayaq vermişdi. Əslində, kanal bizim anladığımız şəkildə bağlanmamışdı, sadəcə, öncələr onun pulunu İctimai Televiziya Büdcədən alıb verirdi, indi isə vermirdi.
YENİ DURUMUN İLK TƏƏSSÜRATI
Gürcüstana Böyük Kəsik tərəfdən girəndə Saakaşvili hakimiyyətinin İvanaşvili hakimiyyəti ilə əvəzlənməsini duymadım. Sadəcə, gömrükçülər, deyəsən, bir az boşalmışdılar, hətta öncələr söylədikləri ritual salamlarını demədilər. Gürcüstan tərəfdən məni Tbilisiyə aparan taksi şoferi həmişə Saakaşvilini tərifləyirdi ki, bizə (yəni Borçalı türklərinə) yaxşıdır. Bu səfər Tbilisiyə gedəndə söylədi ki, nə bilim, deyirlər İvanaşvili bizə torpaqlar verəcək. Qayıdan başı isə söylədi: deyirlər yaman millətçidir.
NİYƏ PİK MÖVZUSU BELƏ DİŞSİZ EDİLMİŞDİ?
PİK-in jurnalistləri «Demokratik» Gürcüstanda yetərincə ehtiyatlı idilər. Mən təklif etmişdim ki, mövzu belə olsun: «PİK-in bağlanmasına Güney Qafqazda reaksiyalar». Hərə öz ölkəsindəki reaksiyadan danışmalı idi. Reaksiyalar zəif idisə, deməli, PİK-in Qafqaz reytinqi aşağı idi. Ancaq PİK-çilər bir etiraz nümayişi edəndən sonra etirazlarını kəskinləşdirmək istəmədilər. Görünür, kanallarının açılacağına hələ ümidləri qalırdı.
Dinləmənin konusunda «Güney Qafqazda jurnalist haqları» ilə yanaşı, «dördüncü hakimiyyət» də yazılmışdı. «Dördüncü hakimiyyət» məsələsi mənim ağrılı yerim olduğu üçün kiçik bir açıqlama yapdım ki, azad, özgür Medianı avtomatik olaraq dördüncü hakimiyyət saymaq yanlışdır. Media hakimiyyət statusuna «Azad və ədalətli» seçkilərin keçirilməsi normal hal olan ölkələrdə qalxır. Çünki məhz bu rejimdə ictimai rəyin seçkiyə etgi göstərmək, yeri gələndə hakimiyyəti dinc yolla dəyişmək gücü olur. Deməli, Media da bu rəyi formalaşdıran vasitə kimi hakimiyyət məsələsində iştirak edir. Yoxsa, hakimiyyət seçkiləri istədiyi kimi fırladırsa, ictimai rəyin təsiri sıfırlaşır və beləcə, Medianın da hakimiyyət statusu sıfırlaşır. Tipik örnəyi Azərbaycan verir. Sanki ölkədə azad qəzetlər var.
İndi isə İnternet azad, özgür sözə, bilgilərə böyük imkanlar açıb. Di gəl, orada söylənən düşüncələr, hətta korrupsiya ilə bağlı ora qoyulan gizli çəkilişlər ictimai rəyi dəyişsə də, hakimiyyətə təsiri çox az olur. Deməli, Azərbaycan, Ermənistan kimi ölkələrdə Media dördüncü hakimiyyət dərəcəsinə çatmayıb. Gürcüstanda türmə işgəncələri ilə bağlı çəkilişlər seçkilərə etgi göstərdi. Bu anlamda dördüncü hakimiyyət anlayışına xeyli yaxınlaşdı. Ancaq gürcü Mediasının nə qədər dördüncü hakimiyyət olması belə təsirlərin nə qədər dayanıqlı olmasından asılı olacaq.
İVANAŞVİLİNİN SİMVOLİK JESTİ
Güman ki bizdə çoxları bilmir, Saakaşvili PİK-i anti-Putin kampaniyası üçün yaratmışdı. Orada Viktor Şenderoviç, Kseniya Sobçak kimi Rusiya müxalifəti ilə bağlı adamların öz proqramı vardı. Kanalı BBC uzmanlarının təlimi ilə biçib-düzmüşdülər. Bəlkə də ona görə anti-Putinizm xeyli obyektiv tonda görünürdü, demək olar ki, vulqar və qışqırıqçı deyildi. Ancaq kanalın adı pis çıxdığı üçün B.İvanaşvili komandası Rusiyaya mehribançılıq jestini necə etməyin axtarışı üçün dağa-daşa düşmədi, həməncə PİK-i bağladı. Bu aktın asanlığı və müqavimət doğurmaması göstərir ki, Gürcüstanda da Medianın ayaqları üstündə möhkəm durmasına həyan olacaq güclü, oturuşmuş infrastrukturlar – həmkarlar qurumu, məhkəmə dəstəyi yoxdur.
GÜRCÜSTANDA JURNALİST HƏMRƏYLİYİ OLDUMU?
Dinləmə zamanı PİK-in çıxışçısından soruşdum ki, bəs o biri telekanalların sizin bağlanmasına reaksiyası necə olub? Cavabdan sezdim ki, onlar həmrəylik göstərməyiblər. Bəlkə də ona görə ki, vaxtı ilə PİK də Saakaşvilinin basqısı olan kanallara hayan olmamışdı, ona görə də indi dilləri gödəkdir.
DEMOKRATİYAYA ARQUMENT
Tədbirdən sonra biz - dinləmə iştirakçıları Aleksandr Randelin mərkəzinə getdik ki, PİK-in işçiləri ilə ekspertlərin məsləhətləşmələrinə qoşulaq. Orada növbə mənə çatanda bu sözləri dedim: nə qədər qəribə görünsə də hətta 21-ci yüzildə belə Qafqaz kimi bölgələrdə demokratiyanın mümkünlüyü və daha yaxşı sistem olmasına adi insanları inandıracaq arqument qıtlığı var.
«Biz düzələn deyilik» düşüncəsi bütün Qafqazda geniş yayılıb. Bu «düzələn deyilik» fikri həm korrupsiya, həm də İnsan Haqlarının pozulmasına dözümümüzlə bağlı deyilir. Mən öncələr düşünəndə ki, Azərbaycanda korrupsiyanın aradan götürülməsini nə qədər nəsnələr dolaşdırır, tüklərim biz-biz olurdu. Ancaq sonra nə gördüm? Qafqazda ən korrumptə olunmuş mentalitet gürcülərdə, sonra isə bizdə olub. Saakaşvili «mənə və adamlarıma olar, sizə olmaz» prinsipi ilə aşağıda korrupsiyanı durdurub, yalnız elit qatda onun «azad zonasını» saxladı. Prinsip çox həyasız idi, ancaq heç olmasa, bu variantda müəllimlərə, həkimlərə, hakimlərə, polislərə, banklara rüşvət verməkdən adamları qurtarırdı.
Saakaşvili bizim üçün anti-korrupsiyanın Azərbaycanda mümkünlüyünə arqument verdi. Nisbətən zəif arqumenti demokratiya ilə bağlı vermişdi, çünki bu yöndə uğurları parlaq deyildi. Ancaq yenə nəsə vermişdi. İndi PİK-in bağlanması Gürcüstanı Qafqazda demokratiyaya arqument olmaqdan çıxarır. İndi sizin probleminizdir, belə bir arqument olmağa çalışacaqsınız, ya yox. Çalışmasanız, bütün Qafqaz belə arqumentləri yenə Avropada axtarmalı olacaq.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir