«Gürcü arzusu» niyə bu yolu tutdu?

Prezident Mikheil Saakashvili və «Gürcü arzusu»nun lideri Bidzina Ivanishvili

-
Doğrusu, hələ yoldan danışmaq tezdir. B. İvanishvili-nin əsl siyasəti hiss etməsi və duyması üçün hələ bir müddət lazımdır. İndi onun etdiklərini isə seçki ovqatının və psixologiyasının davam etməsi və bir də Rusiyanın diqqətini özünə cəlb etməyə cəhd kimi yozmaq olar. Oturuşmuş ölkələrdə seçkidən sonra adi siyasət başlayır, seçkiyə xas olan sərt və sensasyon bəyanatların tonu dəyişir. Amma bu, oturuşmuş ölkələrdə olur. Gürcüstan kimi ölkələr seçki və hakimiyyət dəyişikliyi prosesini daha uzun müddət yaşayırlar. Bu, tendensiya təkcə «Gürcü arzusu»na xas deyil, M. Saakashvili də belə edirdi. İndi «Gürcü arzusu»nun özünə hansı rəngi seçdiyi aydın olmasa da, onlar da öz qələbələrini əsl inqilabi qələbə hesab edirlər. İnqilabın psixologiyası isə birdir: «Lomay staroqo!», yəni, «köhnəni dağıt!». Amma böyük bir əminliklə demək olar ki, bu psixologiya Gürcüstana yaxşı heç nə vəd etmir. Bu ölkəni daha irəlidə hesab edirdik, düşünürdük ki, artıq Gürcüstan demokratik və idarəolunan məcraya düşüb. Amma bu ölkədə indi baş verən bəzi detallar narahatlıq üçün əsas yaratmaya bilməz.

ÖZÜNDƏN ƏVVƏLKİNİN XOFU

Oturuşmamış ölkələrdə bütün hakimiyyətlər özlərindən əvvəlki siyasi komandaları, hakimiyyətləri potensial cinayətkar qismində görürlər. Bu, hakimiyyətin dəyişməsi ilə az qala bir anda baş verən həbslərdə, sensasyon bəyanatlarda təzahür edir. Hələ bundan bir qədər əvvəl, Gürcüstanın penitensiar xidmətində işgəncə faktları aşkar edilərkən yazmışdıq ki, bu məsələ M. Saakashvili-nin başçılıq etdiyi «Vahid milli hərəkat»ın qələbəyə yolunu bağladı. O vaxt bir çoxları güman etdi ki, daha Saakashvili-nin öz inzibati resurslarından və seçkini saxtalaşdırmaqdan savayı yolu qalmayıb. Amma Saakashvili bunu etmədi. İndi elə bir vəziyyət yaranır ki, Saakashvili bunu etmədiyinə görə peşmançılıq keçirə bilər.

«Gürcü arzusu» koalisiyası tərəfdarları Zuqdididə yerli seçkilər komissiyasının yaxınlığına toplaşıb

Məsələ bundadır ki, hakimiyyəti elə almaq lazımdır ki, onu verən peşman olmasın. Ancaq bu halda hakimiyyət dəyişikliyinin dinc yolla baş verməsi oturuşa bilər. Saakashvili-nin müddətinin bitməsinə çox da böyük vaxt qalmayıb. Belə olan halda prezident aparatının maliyyələşməsindən imtina etmək, prezidenti iqamətgahı boşaltmağa çağırmaq, onu hətta impiçmentlə hədələmək nə dərəcədə doğrudur? Onsuz da Saakashvili-nin müddətinin bitməsinə çox da böyük vaxt qalmayıb. Bir inqilab pis deyil, amma iki inqilab artıq təhlükəlidir, çünki bundan restavrasiya qoxusu gəlir. Məsələ bundadır ki, ikinci, təkrar inqilabı adətən əks-inqilabçılar edirlər…

BUYUR MDB-YƏ!

Rusiyanın bir «sınıq-salxaq», çürük MDB-si var və hamını onun çətiri altına yığmaq istəyir. Bu haqda çox düşünmüşük. Bu, Rusiyanın nəyinə lazımdır? Axı MDB onsuz da işlək orqan deyil, ondan yalnız separatçı və işğalçı elementlər faydalana bilir. Zənnimizcə, MDB Rusiya üçün təsəlli və toxtaqlıq deməkdir. Bu qurumla o, özünü bir regional güc mərkəzi hesab edir. B. İvanishvili Rusiya ilə münasibətləri yoluna qoymaq üçün dərhal bir komissiya yaratdı. Təbii ki, ruslar bunu razılıqla qarşıladı. Bundan başqa baş nazir Azərbaycanla layihələrə yenidən baxılacağını dedi, amma tez də bu fikrindən daşındı. Böyük ehtimalla bu da Rusiyanın «könlünü oxşamaq» üçün verilən bəyanat idi, çünki rusların bir taktikası var: «Azərbaycana dəymək lazım deyil, Gürcüstanı götürmək gərəkdir, onda Azərbaycan özü çökəcək!».

Amma bütün hallarda tələsik bəyanatlara meydan vermək istəməzdik. Gürcü hökumət başçısı hələ Rusiyaya tələsmir. Görünür, o, səlahiyyətlərinin artmasını gözləyir. Müqayisə üçün deyək ki, H. Əliyev parlamentin sədri seçilən kimi dərhal Rusiyaya yollanmışdı. Üstəlik, təsadüfi deyil ki, İvanishvili də Viktor Yanukovych kimi ilk səfərini Brüsselə etdi. İndi ruslar B. İvanishvili-yə də Rusiyaya yolun MDB-dən keçdiyini deyirlər. Hətta deyildi ki, Gürcüstanın MDB-yə qayıtması üçün heç bir problem yoxdur. İndi çox adam güman edir ki, Gürcüstan ora qayıdacaq. Amma ehtimal var ki, bu ölkə MDB-yə üzv olsa da, Kollektiv Təhlükəsizlik Təşkilatına qoşulmayacaq, çünki artıq hətta Özbəkistan da bu təşkilatdan çıxıb. Fəqət, bundan da acı bir həqiqət var. Gürcüstan MDB-yə qayıda da bilər, qayıtmaya da. Amma o qayıtsa belə, daha Abxaziya və Cənubi Osetiya Gürcüstana qaytarılmayacaq, çünki Rusiya aldıqlarını qaytarmağı o qədər də sevmir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir