Hüquq müdafiəçisinin kredosu

Femida

-

İstənilən işdə əsas prinsiplərin razılaşdırılması heç də həmişə asan olmur. Bəzən buna aylar, hətta illər sərf olunur. Amma bütün ixtilafların və mübahisələrin əsas prinsiplərə baxışlardakı fərqlərdən yarandığını zənn etmək də sadəlövhlük olardı, xüsusən də əgər söhbət ölkənin hüquq müdafiəsi sferasındakı problemlərdən gedirsə. Amma bu gün bu sferada yaşanan problem özünün personallaşdırılmadan çözülməsini tələb edir, çünki onu fərdiləşdirsək və ayrı – ayrı fərdlərin bu məsələdə oynadığı rolu təhlil etsək, belə təhqiqatlar bizi çox qəliz nəticələrə gətirib çıxarar və bütövlükdə ölkənin hüquq-müdafiə sferası üçün hətta əlavə problemlər yaradar. Amma hüquq müdafiəçiləri arasındakı problemlər artıq adi dəhliz və ya mətbəx söhbəti olmaqdan çox kənara çıxıb, ölkənin aparıcı qəzetlərinin mövzusuna çevrilib. Problem nədədir? Onu qısaca belə ifadə etmək olar: hüquq müdafiəsi ilə məşğul olan insanlar bir – birini faktiki olaraq hakimiyyətlə heç də yaxşı olmayan əməkdaşlıqda ittiham edir. Bəlkə də hər şeyi öz adı ilə adlandıraraq, məsələni daha tez və asan çözmək olardı, amma əvvəldə qeyd etdik ki, məsələni personallaşdırmadan çözmək niyyətindəyik. Beləliklə, hüquq müdafiəsi prosesində problemlər və böhranlar nə vaxt baş qaldırır?

HÜQUQ MÜDAFİƏÇİSİ SİYASƏTLƏ MƏŞĞUL OLURSA…

Böhranın ilk simptomları məhz bu anda təzahür etməyə başlayır – bir də görürsən ki, hüquq müdafiəçiləri artıq siyasətlə məşğul olur. Bizim hüquq müdafiəçiləri təəssüf ki, heç vaxt siyasətə biganə olmayıblar, şəxsən mənim yaxşı tanıdığım hüquq müdafiəçilərinin hamısının konkret siyasi mənsubiyyəti olub. Amma biz buna həmişə bir vətəndaş mövqeyi kimi baxmışıq və bundan uzağa gedən nəticələr çıxarmamışıq, çünki kimlərinsə müxalifət partiyasında təmsil olunmasının obyektiv mövqe tutmağa mane olacağını zənn etməmişik. Bunun həm də başqa səbəbi olub. Hüquq müdafiə prosesi dövlət - vətəndaş müstəvisində cərəyan edir. Ona görə də prosesə təsir edə bilən amil hüquq müdafiəçisinin hakimiyyətlə olan münasibətləridir. Bu münasibətlər «istiləşəndə», «dərinləşəndə» artıq demək olar ki, bəli, insan haqları fəalları siyasətlə məşğul olurlar. İnsan haqları fəallarının məlumatları əsasında Avropa Şurasının ekspertləri, başqa təşkilatların təmsilçiləri məruzələr və hesabatlar hazırlayırlar. Təbii ki, bu amil həmin fəalları hakimiyyətin nəzərində maraqlı edir və əsl «siyasi ov» başlayır.
Qısaca demək olar ki, artıq bu «siyasi ov»un nəticələri də var, onları hamı çox gözəl bilir, mətbuatdakı yazılardan sonra yəqin bilməyənlər və tərəddüd edənlər də bu haqda məlumat əldə ediblər. Amma hər şeyin bir «bəraət»i var. Ona görə də hüquq müdafiəçilərinin bir qismi elə bəzi siyasi həmkarları kimi hakimiyyətlə münasibətlərini «əsaslandırmağa» cəhd edirlər.

«DÖVLƏTÇİ» OLMAQ NƏ DEMƏKDİR?

Bu söhbətin də kökləri çox dərinə gedir. Hakimiyyətlə «isti» münasibətlər saxlayan siyasətçilər, hüquq müdafiəçiləri və hətta jurnalistlər həmişə belə bir tezis irəli sürürlər ki, bəs, biz dövlətçiyik. Güman etmək olardı ki, hakimiyyəti obyektiv olaraq tənqid edənlərə, ona qarşı müxalifətdə olanlara dövlətçilik hissi yaddır!... İnsan haqları müdafiəçiləri insan haqlarının heç bir dövlətin daxili işi olmadığını və insan haqlarının üstünlüyü prinsipini qəbul etməlidir, əks təqdirdə o, hüquq müdafiəçisi deyil, prokuror və ya polisdir. Əslində bu illər ərzində hakimiyyətin təsir sferasında olan və ya sonradan bu sferaya düşən hüquq müdafiəçilərinin olması faktı da çox təbii qəbul edilməli idi, çünki əvvəldə qeyd etdik ki, hakimiyyət bu məsələyə heç də biganə deyil. Bu gün təəssüflə demək olar ki, hakimiyyətə əsl müxalifət partiyası obrazını mənimsəmək, onu istədiyi partiyaya «yapışdırmaq» nəsib olmasa da, bəzi hüquq müdafiəçilərini öz sferasına cəlb etmək mümkün olub. İndi həmin hüquq müdafiəçiləri müstəqil olduqları vaxt topladıqları etimadı hakimiyyət üçün xərcləyirlər. «Bəraət»ləri də odur ki, biz dövlətçi insanlarıq…

İSLAMÇILARI MÜDAFİƏ ETMƏK OLARMI?

Hüquq müdafiəçisinin əslində siyasi simpatiyası olmamalıdır. Onun işi siyasətçilər və siyasi qüvvələr arasında seçim etmək, kimin ölkə üçün daha gərəkli olmasını araşdırmaq yox, kimlərə qarşı hüququn və qanunların pozulduğunu müəyyən etmək, əgər belə pozuntu varsa, həmin adamları müdafiə etməkdir. Bəzən insanlara selektiv yanaşırlar. Bu isə artıq hüquq müdafiəsi demək deyil. Hakimiyyətdəkilər də elə düşünür ki, əgər dünyada dinçi siyasi qüvvələrə qarşı bir qədər mürəkkəb münasibət varsa, onlarla istədikləri kimi davrana bilərlər, çünki bu qüvvələr «dövlətçi» deyillər. Hüquq müdafiəçiləri də bu baxışı bölüşməyə və onu müdafiə etməyə başlayanda bir də görürsən ki, ölkə artıq feodal qaydalarla idarə olunur. Ədalət selektiv olmur, o, ya hamıya şamil edilir, ya da hamıya münasibətdə pozulur, çünki «dövlətçilik»lə «hakimiyyətçiliy»in çulğalandığı ölkədə bir gün hər birimiz «xalq düşməni» elan edilə bilərik.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.