Oliqarxiya

Rəşid Şərifin karikaturası

Bədii ədəbiyyatın yaratdığı təəssüratı heç nə əvəz etmək iqtidarında deyil.

Gənclikdə oxuduğum «Dəmir daban»ı (J. London) unuda bilmirəm. Sonra bir neçə dəfə də bu əsərə qayıtmışam. Səbəbi budur ki, hamı inhisarçı və oliqarxik kapitalizmin taleyini müəyyən etməyə yönələn ilk cəhdi V. Leninin adı ilə bağlayır. Amma belə deyil. J. London oliqarxiya haqqında ondan lap əvvəl yazıb və özü də gözəl yazıb. Ümumiyyətlə isə çox maraqlı detaldır, hamıya elə gəlir ki, başa düşmək üçün ən asan predmet siyasət və məşğul olmaq üçün də ən ləzzətli şey hakimiyyətdir. Bu hisslər hər adama xasdır.

Platondan tutmuş N. Machiavelli-yə qədər hamı hakimiyyətin mahiyyətini dərk etdiyini zənn edib. Machiavelli-də bu hiss o qədər güclü olub ki, o, hətta özünün məşhur «Hökmdar» əsərinin monarxlara ən böyük hədiyyə olacağını güman edib. Lakin o vaxtdan bu günə qədər hakimiyyət, xüsusən də böyük, sərhəd və nəzarət bilməyən hakimiyyət təəccübləndirməkdə, heyrətləndirməkdədir.

Onun təbiətini nə müəyyən edir? Nədən hakimiyyət böyüdükcə, onu itirmək qorxusu da bu hakimiyyətlə həmahəng böyüyür? Güman etmirəm ki, bu sualların hamısına cavab vermək iqtidarındayam. Amma müəyyən ştrixlərin üzərində dayanmaq olar. O ştrixlər haradasa ümumi xarakter daşıyır. Məni heyrətləndirən də elə budur – demokratik sistemlər rəngarəng olur, onların liderləri bir-birindən çox fərqlənir, amma avtoritar quruluşların hamısı bir-birinə elə bənzəyir ki, sanki bir almanın iki üzüdürlər. Elə bu səbəbdən uzağa getməyə ehtiyac yoxdur...

MALİYYƏ OLİQARXİYASI

Bütün nəzarətsiz hakimiyyətlərin böyüməsində bir qeyri-xəttilik görünür.
Onu belə izah etmək olar ki, hakimiyyət azacıq böyüyən kimi həmin o kiçik və yaxud da ki, əvvəldə dediyimiz, o azacıq hissə yeni artıma təkan verir, bu yolla zəncirvarı proses baş verir. Bunun səbəbi çox sadədir. Hakimiyyət öz predmetini – cəmiyyəti «dişinə vurur», onun müqavimətini görməyəndə bir qədər də artmağa, böyüməyə meylli olur. Lakin burada paradoksal vəziyyət yaranır. Hakimiyyət böyüdükcə o həm də zəifləyir. Düz 19 ildir ki, ölkəni bir siyasi qüvvə idarə edir. Onun dayaqları həmişə mübahisə doğurub. O nəyə söykənir? Onun dayaqları nədir? H. Əliyevin vaxtında, hələ özəlləşdirmədən bir qədər əvvəl bu dayaqların regional qüvvələr olduğu güman edilirdi. Bəli, o vaxt ölkənin siyasi cəhətdən iki fəal regionu bu hakimiyyətin dayağı zənn edilirdi. Özəlləşdirmədən sonra hakimiyyət yeni iqtisadi münasibətlərin və qüvvələrin fonunda özünə yeni dayaq formalaşdırmalı idi. Amma bu olmadı. Əgər hakimiyyət azad işgüzar təbəqəyə arxalansaydı indi ölkədəki vəziyyət çox fərqli olardı. Bunun da səbəbi odur ki, hakim zümrə siyasi hakimiyyətlə kifayətlənmədi, əsas iqtisadi «rıçaqları» ələ keçirərək, oliqarxa çevrildi. İndi ölkənin əsas iqtisadi resursları bu oliqarx zümrənin nəzarətindədir. Ölkədə o yeganə iqtisadi vektordur ki, bütün imtiyazlara malikdir və hər cür rəqabət və ya inhisardan kənardadır. Yadıma gəlir, təxminən 10 – 15 il bundan öncə Rusiya mətbuatında maraqlı bir yazı dərc olunmuşdu. Orada əvvəlcə siyasi hakimiyyətlə iqtisadi, daha sonra isə maliyyə hakimiyyətlərinin birləşməsi nəticəsində maliyyə oliqarxiyasının yaranmasından yazılmışdı. İndi mən bu ölkənin hakim zümrəsinin timsalında bu tendensiyanı hiss edirəm: əvvəlcə iqtisadi sektorlar, sonra isə banklar nəzarətə götürülür və hamısı bir zümrə tərəfindən idarə olunur. Artıq region – filan məsələsi də arxada qalıb. İndi iş o yerə çatıb ki, bu hakimiyyətdən ən çox narazılıq edən əvvəlcə ona dəstək vermiş iki fəal regiondur. İş adamlarına gəldikdəsə onlar bir-birinin ardınca çökür, ölkədən qaçıb gedirlər, onlar öz bizneslərini hətta Gürcüstanda təşkil etməyə daha meyllidirlər, nəinki öz ölkələrində.

HƏM QORXUDUR, HƏM DƏ QORXUR

Belə deyim var ki, siyasət konsensus yaratmaq sənətdir. Avtoritarlığa meyl edən sistemlərsə bu qızıl qaydanı nəzərə almırlar. Total hakimiyyəti həmişə çevrilmiş piramidaya bənzədirlər, onun dayağı, demək olar ki, yoxdur. İndi bir daha yazının əvvəlindəki bir suala qayıtmaq olar. Əliyevlərin hakimiyyəti nədir? Bu yalnız güc strukturlarına söykənən və kiçik bir zümrənin marağını ifadə edən siyasi institutdur. O, hətta klan hakimiyyəti də deyil, çünki klanın belə sərhədləri bir zümrənin sərhədlərindən geniş olur. İndi icazəsiz aksiya üçün cərimələrin artacağı gözlənir. Bu nəyin göstəricisidir? Təbii, qorxunun. Əminəm ki, hakimiyyətin əsas nümayəndələrinin hətta yuxuları da narahat ton almağa başlayıb və zaman onu daha da tündləşdirəcək. Onlar cəmiyyəti tamam müqavimətsiz bir duruma gətirmək istəyirlər. Lakin bu mümkünmü?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir