Yoxsullar

Foto: Arxiv

-
Oktyabrın 17-si Dünya Yoxsulluqla Mübarizə Günüdür.
Dünyanı bilmirəm, ətrafım yoxsullarla doludur.
Onların varlığı, ehtiyacları normal yaşamıma mane olur.
Hər addımda qarşıma çıxırlar...

XXX

Məsələn, kefi kök ət almağa gedirəm. Bişirəcəyim küftə-bozbaşın xəyalıyla xumarlanıram.
İllərdir tanıdığım qəssab ət alanların get-gedə azaldığından şikayətlənib qanımı qaraldır.
Az qalıram ət almadan geri qayıdam.
Amma «mən də getsəm, bunun axırı necə olar»-- deyə düşünüb onu az da olsa sevindirirəm...

XXX

Bax, uzun illərdir «Xlor!» deyib qışqıran birisinə isə heç cür kömək edə bilmirəm.
Bu da ət deyil ki, hər gün yemək bişirəsən—indi xloru əvəzləyən o qədər tozlar çıxıb ki...
Bir dəfə «Xlor» deyən adamı görmək istədim.
İnanın 15-20 ildir ki, səhər tezdən bizi yuxudan oyadır, sakitliyimizi pozur.
Səsi də hamıdan seçilir.
Qıyya vurur!
Dedim görüm bu kişi qocalmadımı?
Bezmədimi?
Bu cür yüksək səs onda haradandır?
Eyvandan boylandım.
Heyrətimdən dondum. Özü düzəltdiyi arabanı satdığı xlor qablarıyla sürən cavan oğlan gördüm...
Demək, bizim həyətdə əmək fəaliyyətinə başlayanda uşaq olub!
Elə belə də qocalacaq!

XXX

Dünən qonşumu əlində torba harasa tələsən gördüm. Məlum oldu ki, əlindəki ev əşyalarını kirayə verdiyi evə aparır.
Dedi ki, təzə kirayənişini Gəncədəndir.
Bakıya ev təmizləmək üçün gəlib.
Elə belə də dedi—ev təmizləməyə...
Dedi Gəncədə dolanmaq çox müşküldür.
Bu xanım da başını götürüb Bakıya qaçıb.
İndi «yaxşı iş yeri» tapıb—«Nəsimi bazarı»nın yanındakı qul bazarında.
Dayanıb gözləyir.
Yenə şükür eləyir ki, Bakıda ev təmizlədənlər var. Gəncədə bu da yoxdur—deyir.
O, ev təmizləməkdən nə qazanır, nə yeyir, uşaqlarına nə verir, üstəlik, ev kirayəsini necə ödəyəcək—Allah bilir... bir də, qonşum...

XXX

O gün həmkarlarımdan biri Bərdədən ezamiyyətdən gəlmişdi.
Dedi camaatın halı müşküldür.
Dedim, oradadamı 1 manat böyük puldur?
Dedi, hə!!!
Dedim, daha dalısını danışma...
Dedi yox, qoy, bircəsini deyim. Bir ailə gördüm. 7 uşaqlı. Uşağın biri qadının qucağında, biri də çox güman ki, qarnında... Çiy kərpicdən tikilmiş bir evdə qalırlar. Ər qaçqındır, xanım yerli. Ər heç yerdə işləmir. Sosial yardım almaq istəyiblər. Deyiblər, get, ərinin iş yerindən arayış gətir...
İş hardaydı?
İş olsaydı...

XXX

Dünya Yoxsulluqla Mübarizə Günü!
Mən səndən nə yazım?
Səni necə tərif edim?
İllərdir ətrafımda yoxsulluq içində çabalayanlar görürəm.

Bəs sən bura niyə gəlib çıxmırsan?
Niyə burada da yoxsulluqla mübarizəyə girişmirsən?
Axı, mən istəyirəm ki, qəssab Cahangir ət kəsib-satmaqdan bezib-usansın...
Xlorsatan oğlan xlor arabası əvəzinə lüks bir maşın sürsün...
Gəncəli Aynurə də elə Gəncədə işləyib ailəsini dolandırsın...
Bakıya ancaq gəzməyə gəlsin...
Məsələn, «Crystal Hall»da Shakira'nın konsertinə...
Bulvarda nə bilim neçə D-formatlı filmə baxmağa...
Özünə «Torqovı»nın sayseçmə dükanlarından paltar almağa...
Ya da uşaqlarıyla «Park-Bulvar»da gəzməyə...
Bu arzu belə əlçatmazdırmı?
Səndən soruşuram, Yoxsulluqla Mübarizə Günü!
Buna çatmaq belə çətindirmi?
Bunun yolları varmı?
Haydı, söylə!!!

P.S. «Yoxsul» sözü «yox» sözündəndir.