Mülayim payızın soyuq siyasəti

Arxiv foto

Doğrudan da nə qədər çalışırsan-çalış, amma siyasətdə mütləq sükunət və mütləq sükut tapa bilməyəcəksən, başqaları danışmasa da özününkülər və ya ölkənin xaricindəkilər danışacaqlar. Bu baxımdan təsadüfi deyil ki, sərbəst toplaşmaq və özünü ifadə azadlığının xeyli məhdudlaşdırıldığı Azərbaycanda indi siyasət əsl qaynar qazanı xatırladır. G. Əhmədova – E. Abdullayev dueti gündən-günə yeni çalarlarla təzahür edir və bu prosesə maraq azalmaqdan daha çox artmaqda davam edir. G. Əhmədova artıq öz partiya həmkarlarını da susmayacağı və bir gün hər şeyi açıb danışacağı ilə hədələyir. İ. Əliyevin BP-yə ünvanlanan ittihamları isə gözlənildiyi kimi cavabsız qalmadı, xarici mətbuat buna dərhal reaksiya verdi. Bu, reaksiyadan daha çox xəbərdarlığa bənzəyirdi, çünki yazılarda BP-nin Azərbaycanda iflasa uğrayacağı tam istisna olmasa da bunun İ. Əliyevin hakimiyyətinin süqutu ilə eyni bir vaxtda baş verəcəyi qeyd olunurdu. Əslində irəlicədən cavabın məhz bu tonda ola biləcəyi istisna olunmurdu, çünki əvvəlki yazılarda qeyd etmişdik ki, BP əsl iqtisadi və biznes imperiyasıdır, o biznes strukturu olsa da ona siyasi maraq da yad deyil və təsadüfi deyil ki, onun adı müxtəlif vaxtlarda Azərbaycanda bir sıra siyasi proseslərlə bahəm hallanıb. Yerli müxalifətə gəldikdə isə o da siyasi ab- havanı müəyyən edən elementə çevrilmək istəyir, amma bu cəhd hələlik hakimiyyətə opponentlik edən insanlara siyasi tribuna verməkdən o yana keçə bilmir. Bəzən bu tribunanın effekti böyük bir mitinqin yaradacağı effektdən heç də az olmur. Amma hakimiyyətlə mübarizə hələ də daha çox virtual müstəvidə baş verir. Mən bunu elektron mübarizə adlandırar və əsas diqqəti internetin siyasi mübarizədə getdikcə artan roluna yönəldərdim. Bu dünyanın artıq ən böyük gizlinləri belə internetin sayəsində faş olur. Siyasi proseslərin özünün də özəllikləri bu tendensiyadan geri qalmır. Nədənsə bu son proseslərə baxanda adamını yadına sosial darvinizm və yaxud Thomas Hobbes-un məşhur «Hamı bir-birinin düşmənidir!» kəlamı düşür. Hakimiyyət, əsasən də avtoritar hakimiyyət həmişə belədir, «xalça»nın ucunu azacıq dartan kimi gözlənildiyindən daha çox adam öz yerindən sürüşür və bəzən elə mərəkə qopur ki, bunu nəinki bir müxalifət, hətta bir neçə müxalifət çalışsaydı belə, edə bilməzdi. Sadə insanlara gəldikdə isə onlar heç də az bilmirlər və neftlə bağlı isterikaya da onların çox özünəməxsus münasibəti var: insanlar nefti yalnız ölkədəki bahalığın və sosial təbəqələşmənin səbəbkarı kimi görürlər. Çox qəribədir, adi adamlar neftin tükənə biləcəyi xəbərini hakimiyyətdən və siyasət adamlarından fərqli olaraq vəlvələ kimi qarşılamır, əksinə yalnız belə bir halda bu ölkədə normal siyasi və ictimai münasibətlərin bünövrəsinin və təməlinin qoyula biləcəyinə ümid edirlər.

İ. ƏLİYEVİN ÜÇÜNCÜ «QAYIDIŞI»

Əgər desək ki, bu gün bu, hakimiyyətin ən əsas problemidir, zərrə qədər də yanlışlığa yol vermərik. Artıq bölgə siyasətində Əliyevlərin missiyası tamam tükənmək üzrədir: neft kontraktları imzalanıb, bəzi hallarda onlar hətta başa çatmaq üzrədir, bölgədəki geosiyasi teatr əvvəlki dramatikliyində deyil, bəzi narahatlıqlar aradan qalxıb... Ona görə də sual yaranır: İ. Əliyev maraqlı ölkə və dövlətlər üçün cəlbedici siyasi fiqur qismində qalıb, ya yox? Düşünürəm ki, bu maraq yalnız Qarabağ problemi ilə bağlı ola bilər. İ. Əliyevin Qarabağ problemi ilə bağlı ritorikası ən məlumatlı dövlətləri belə qorxuda bilər. Lakin o da var ki, bu, boş ritorikadır, onun arxasında heç nə dayanmır və Əliyevlər bəlkə də yeganə siyasi qüvvədir ki, 19 il insanları Qarabağa qayıtmaq ümidi ilə yaşada bilir, başqa heç bir siyasi qüvvə bu qədər duruş gətirməzdi. İndi mənim yadıma bir vaxt deputat olarkən H. Əliyevin ölkə parlamentinə «Sizin Qarabağla bağlı konsepsiyanız varmı?» sualı düşür. Bəli, insanlar düz 19 il bu konsepsiyanı gözlədilər. Amma onun tək bircə cümləsi var: «Əgər lazım gəlsə...». Qarabağ köçkünlərinin sırasında artıq nəsil dəyişməsi baş verir, di gəl, hələ də lazım gəlmir! Ölkənin xaricində də ən çox ondan ehtiyat edirlər ki, başqa siyasi qüvvənin hakimiyyətə gəlməsi bölgədə yenidən müharibəni zəruri edə bilər. Bu isə olduqca arzuolunmaz hal hesab edilir. Səbəb çoxdur. Kimi seçicilərini, kimi də Cənubi Qafqazdakı «rıçaq»larını itirməkdən ehtiyat edir... Ona görə də bu hakimiyyətə olan maraq azalmayıb. Həm də o səbəbə görə ki, onların bütün «zəif nöqtələri» bəllidir və istənilən vaxt bu nöqtələrə toxunaraq bu hakimiyyəti kəskin qərarlardan çəkindirmək olar...

KİÇİK SÖZARDI

Bu yaxınlarda H. Əliyevin xarici ölkələrdəki heykəllərinin sayı qeyd edilmişdi və bu, olduqca maraqlı bir detal idi... Adi kommunist funksioneri dünyanın heç bir siyasətçisinə nəsib olmayan diqqət sahibidir. Amma bunu bir amilin göstəricisi kimi qəbul etmək olar: ölkənin xarici siyasətinin əsas istiqaməti kimi... Mən bir dəfə yazmışdım ki, normal ölkələrdə əcnəbilər üçün hər şey aeroportdan və vağzaldan başlayır, Azərbaycanda isə bu Fəxri Xiyabandan öz başlanğıcını götürür. Protokol qaydalarını elə formalaşdırıblar ki, xarici qonaqlar artıq elə buradaca hansı ölkəyə gəldikləri haqda dəqiq təəssürat əldə edir və nəticə çıxarırlar. Nəticə çıxarmayan isə yalnız bizik, bu doqquz milyonluq xalq. Hələ də düşünürük, bu ölkə hamımızındır. Amma belədirmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir