Azərbaycan dünyada qaz sahəsində elə bir önəmli ölkə sayılmır: BP Sraristicl Review of World Energy-2012 hesabatında göstərilir ki, 2011-ci ilin yekunlarına əsasən Azərbaycan qaz ehtiyatlarına görə dünya ölkələri arasında 21-ci, hasilatına görə isə 37-ci olub. Ancaq Azərbaycan az sayda ölkələrdəndir ki, coxkombinasiyalı gedişlər nəticəsində qaz faktorundun əməlli-başlı bir imic formalaşdıra bilib.
Nabucco West-lə gözlənilən müqavilə
Qarşıdan gələn bir neçə həftədə "Şah-dəniz" layihəsinin əsas tərəfdaşları ilə (SOCAR, BP, Statoil və Total) Nabucco West boru kəməri konsorsiumu səhmdarları arasında maliyyə sazişinin imzalanması gözlənir. Bunu jurnalistlərlə söhbətində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, Nabucco layihəsi iştirakçılarına bu sazişin son variantını başa çatdırmağa bir neçə həftə lazımdır.
Qeyd etmək lazımdır ki, oktyabrın 8-də Avstriyanın iqtisadiyyat və enerji naziri Reinhold Mitterlehner mətbuat konfransında bildirmişdi ki, "Şah-dəniz" layihəsi iştirakçıları Nabucco West kəmərində pay almaq üçün danışıqlar aparırlar.
Azərbaycan az sayda ölkələrdəndir ki, coxkombinasiyalı gedişlər nəticəsində qaz faktorundun əməlli-başlı bir imic formalaşdıra bilib.
Bəs, bu sənədin mahiyyəti nədən ibarətdir? Bu, faktiki olaraq, cari ilin avqustun 9-da "Şah-dəniz" layihəsinin əsas tərəfdaşlarının (Statoil istisna olmaqla, çünki o artıq qarşı tərəfdə təmsil olunurdu) Trans-Adriatik Boru kəməri (TAP) iştirakçıları ilə imzaladığı analoji saziş olacaq. Onun bütün müddəaları da bir-birinə yaxın olmalıdır, bəlkə də təkrarı oldu.
Onda soruşula bilər ki, elə isə bir-biri ilə rəqabətdə olan iki boru kəmərinə maraq göstərməyin mənası nədir?
Məqsəd nədir?
Əslində bunu imzalamaqla, "Şah-dəniz" layihəsinin əsas tərəfdaşları üç məqsəd güdürlər:
Birincisi,
hər iki boru kəmərinin detallı layihələndirmə prosesini başa çatdırmaq. Orada hələ də sonadək öyrənilməmiş bəzi məsələlər var. Biri var, şirkətlər tender proseduru zamanı bəyan edirlər ki, "bizim kəmər hansı texniki parametrlərə malik olacaq və hansı coğrafi relyeflərdən keçəcək", bir də var ki, bütün bu detalları öz mütəxəssislərinin iştirakı ilə yerində baxış keçirib dəqiqləşdirirlər.
İkincisi,
"Şah-dəniz" layihəsinin əsas tərəfdaşları qarşı tərəfi bu sənədə imza atdırmaqla hər iki boru kəməri arasında 2013-cü ilin ortasına qədər bir sağlam rəqabət mühitində mübarizə aparmaq üçün şərait yaradır. Hamıya bəllidir ki, Nabucco layihəsi iştirakçıları indiyə qədər kommersiyadan çox siyasi dairələrin dəstəyi uğrunda mübarizə aparırdılar.
Üçüncüsü,
"Şah-dəniz" layihəsinin əsas tərəfdaşları istər TAP olsun, istərsə də Nabucco West, əgər hansı boru kəməri Avropaya daşınacaq Azərbaycan qazı üçün bir marşrut kimi seçilərsə, onda həmin boru kəmərində səhmlərin 50%-ə sahib olmaq məqsədini ortaya qoyub. Təbii ki, qarşı tərəf də sazişə imza atırsa, demək bu öhdəliyə əməl edəcəyinə söz verir.
Başqa bir tərəfdən artıq məlumdur ki, SOCAR Türkiyə ərazisində tikiləcək yeni magistral qaz kəmərindəki (TANAP) öz payının bir hissəsini "Şah-dəniz"dəki əsas tərəfdaşları ilə bölüşməyi qərara alıb.
Çoxlarına bəlli deyil ki, Avropa şirkətləri Azərbaycanı qazını elə öz sərhədindəcə satmağa məcbur etmək istəyirdilər. Necə ki, Rusiyanın "Gazprom"u da indiyə qədər Mərkəzi Asiya ölkələrinə bu sxemi tətbiq edir.
Düzdür, bu bölgü hələ başa çatmayıb, ancaq 2013-cü ilin iyununu, yəni hansı marşrutun seçiləcəyini gözləmədən
bir şey artıq məlumdur....
Azərbaycan öz qazının Xəzərdən ta Avropanın Mərkəzi və ya Cənub bazarlarına qədər nəqlinə nəzarəti tam olmasa da, müəyyən qədər saxlamaq iqtidarında olacaq. Bu isə çox peşəkarcasına aparılan, mən deyərdim ki, "böyük qaz oyunun" ilk partiyasının Bakının xeyrinə qurtarması deməkdir. Çünki 2006-cı ildən başlayaraq Qərb qaz sövdələşməsində Azərbaycanı faktiki olaraq özündən asılı olan bir ölkə kimi təsəvvür edirdi.
Çoxlarına bəlli deyil ki, Avropa şirkətləri Azərbaycanı qazını elə öz sərhədindəcə satmağa məcbur etmək istəyirdilər. Necə ki, Rusiyanın "Gazprom"u da indiyə qədər Mərkəzi Asiya ölkələrinə bu sxemi tətbiq edir. Təbii ki, buna müqavimət də ortaya çıxdı (Azərbaycan qazının Türkiyə üzərindən İordaniyaya və Suriyaya nəqli layihələrini yada salın, onlar heç nədən gündəmə gəlməmişdilər).
Azərbaycanın TANAP layihəsini gündəmə gətirməsini həzm etməyən qüvvələr elə indinin özündə az deyil. Ona görə də, bunun bir reallıq olduğunu görüncə, hər vəchlə bütün səylərini Transxəzər kimi orta perspektiv dövrdə belə gerçəkləşməsi sual altında olan bir layihə çərçivəsində (rəsmi Aşxabadın bütün gücünü TAPİ layihəsinə verməsi və ciddi-cəhdlə Avropa Enerji Komissarı ilə görüşdən yayınması elə buna sübutdur) ixrac oluna biləcək qazın da TANAP-da yer almasını indidən müzakirə obyektinə çevirməsi heç də Azərbaycan qazına bir rəqabət yaratmaq niyyətindən doğmur. Azərbaycan qazının yönələcəyi bazarlarda kifayət qədər müxtəlif mənbələrdən gələn qaz olacaq. Hətta Şimal dənizindən və Şimali Amerikadan (LNG) belə.
Nəticə
Bu yaxınlarda SOCAR öz loqosunda dəyişikliklər etdi. Düzdür, bu ilk dəfə İsveçrədə yeni yanacaqdoldurma stansiyasının açılış mərasimində baş versə də, geniş ictimaiyyət onu oktyabrın əvvəlində "Neftçi" və "İnter" komandalarının Bakıda keçirilən Avropa futbol çempionatının mərhələ turnirində görə bildi.
Artıq SOCAR-ın klassik üslubdakı hərflərindən - estakadaların dayaq hissələrini xatırladan şriftlərdən əsər-əlamət qalmayıb. Həmçinin neft buruğu rəmzi daşıyan "A" hərfi də əvvəlki görkəmində deyil. Əvəzində hərflər "kökəlib", daha çox boru xətlərinə bənzəməyə başlayıb, Azərbaycan bayrağının rəngləri isə başa keçərək qaz məşəli formasını alıb.
Necə deyərlər, rebrendinqi belə də izah etmək olar: Azərbaycan artıq Qərbə qazla gəlir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.