Söz azadlığına baxışda toqquşan qərb və şərq

Karikatura Rəşid Şerifə məxsusdur

-

BMT-nin Baş Assambleyasında çıxış edən ABŞ prezidenti B.Obama və Misir prezidenti M. Morsi söz azadlığına baxışda iki fərqli dünyagörüşünün, yaxud da konsepsiyanın konturlarını cızdılar. Bir daha əmin olduq ki, Qərb və Şərq ölkələrinin bir çox məsələlərə baxışında hələ də fundamental fərqlər, mövqe və fikir ayrılıqları qalmaqdadır. Belə ki, qalmaqal yaradan filmin Amerikaya heç bir aidiyyəti olmadığını və amerikalıların onu qətiyyətlə pisləydiyini önə çəkən prezident B.Obama bütün hallarda söz azadlığını məhdudlaşıdıran və həmin filmin qadağan olunmasına yönələn heç bir addımın atılmayacağını dedi.

Prezident M.Morsi isə müxtəlif sivilizasiyaların məsələyə münasibətini ifadə etməyə cəhd etdi və dünya ölkələrini məsuliyyətli söz azadlığına, necə deyərlər, bəzi məsələlərdə məhdudlaşdırılmış söz azadlığına dəstək olmağa çağırdı. Əvvəldə qeyd etdiyim ki, bu, faktiki olaraq iki fərqli dünyagörüşü və demokratiyaya iki fərqli baxış idi. B.Obama Amerika ənənələrinə sadiq qaldı və ABŞ Konstitusiyasında əks olunmuş prinsipin («Konqress söz azadılığını məhdudlaşdıran akt qəbul edə bilməz») ziddinə getmədi. M.Morsi də Şərqin azadlıq və demokratiya ilə bağlı çox əsrlik tərəddüdlərini ifadə etdi, avtoritar düşüncə tərzindən kənara çıxa bilmədi. Amma onun çıxışı əksər müsəlman ölkələrinin, necə deyərlər, ürəyindən xəbər verdi. Bu isə narahat etməyə və düşünməyə vadar etməyə bilməz. Həmin çıxışlar haqqında oxuyarkən məni öz ölkəmizdə bü xüsusda bu vaxta qədər səslənən fikirlər qoynuna aldı. Biz azmı eşitmişik belə bəyanatları?

Suveren və məsuliyyətli demokratiya-bunu eşitməkdən az qala yorulmuşuq və bunlar bizim siyasət texnolqlarının elmə, demokratiya nəzəriyyəsinə verdikləri töhfələrin tam siyahısı deyil. Amma o da var ki, bu, bir ölkə üçün xarakterik detal deyil. Bu hətta bir məzhəb üçün, bir din üçün də xarakterik detal deyil, bir az geniş məsələdi. Məsələn, qonşu Rusiya Şərq və islam ölkəsi deyil, amma suveren demokratiya onun siyasət adamlarının ən çox xoşladığı ifadələrdəndir. Bəs problem nədədir? Bunun səbəbləri nədir?

YENƏ DƏ MƏDƏNİYYƏTLƏR VƏ ƏNƏNƏLƏR...

Biz burada fərqli mədəniyyətlərə söykənən demokratiya modelləri görürük.

Bizim söz azdalığına olan münasibətimiz məşhur bir atalar sözündə özünün tam ifadəsini tapıb. Demokratiya tədqiqatçıları artıq bu məsələyə çoxdan öz münasibətlərini bildiriblər və mən onların mövqeyini bir daha çatıdırmaq və öz növbəmdə diqqəti söz azadlığının «mental» tərəflərinə yönəltməyə cəhd edirəm. Qərəz, bizim məşhur atalar sözündə deyilir ki, xəncər yarası gedər, amma söz yarası getməz!.. Ötən dəfə diqqəti azərbaycanlıların mühafizəkar xarakterinə yönəltməyə cəhd etdim. İndi bir daha həmin bu aspektdən çıxış edərək qeyd etmək istəyirəm ki, təəssüf ki, tutduğu vəzifəsindən, cəmiyyət içindəki statusundan asılı olmayaraq hər bir azərbaycanlı sözə belə yanaşır.
Nə gizlədək, sözə görə Azərbaycanda adamı öldürə də bilərlər və bir vaxtlar öldürüblər də. Amma Qərbin söz azadlığına münasibəti tamam fərqi baxışın təzahürü kimi çıxış edir.

Bu özünün ifadəsini bir ingilis atalar sözündə tapıb və həmin atalar sözündə deyilir ki, sən nə istəyirsən, de, amma başıma daş atma! Bir daha qeyd edim ki, məsələnin bu tərəfinə demokratiya tədqiqatları ilə məşğul olan insanlar bir neçə dəfə diqqəti yönəldiblər. Bu iki fərqli baxış prizmasından çıxış edərək nə demək olar? Qərbdə ifadə azadlığı önə çəkilir. Bu məntiqlə demək olardı ki, Şərqdə də şəxsiyyətin toxunulmazlığı öndədir, amma həqiqətdə belədirmi? Əsla. Totalitar və avtoritar sistemlərdə tamam başqa mənzərə görürük, toxunulmazlıq yalnız bir qrupa şamil edilir, o qrupa ki, onlar hakimiyyət və sərvət sahibidirlər.

VOLTAİRE VƏ ROUSSEAU

Voltaire (Volter) Rousseau (Russo) və onun əsərlərinə çox tənqidi yanaşırdı və hətta bir neçə dəfə Rousseauya yazmışdı ki, adam sizin əsərlərinizi oxuyanda əlləri üstündə gəzmək istəyir. Lakin Voltairein heç ağılına da gəlmirdi ki, Rousseaunu susdurub bu yolla özünü bəyənmədiyi fikirlərdən hifz etsin. Mən bu detalı nədən qeyd etdim? Belə ənənələr də var. Bizim mentalitet rəqiblərimizi məhv etməyi və onları tamam sıradan çıxarmağı tövsiyə edir, biz hamımız rəqabətsiz şəraitə can atırıq. Amma Qərbdə belə deyil və bunun dərin mədəni kökləri var. İndi bu fərqlərə baxanda adam həqiqətən də iki böyük sivilizasiyadan danışmaq istəyir, özü də böyük təəssüf hissi ilə...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir