Hakimiyyətdən narazı olmaq pis keyfiyyətdirmi?

Tbilisidə tələbə və idmançılar həbsxanalardakı işgəncə faktlarına etiraz edir

Doğrusu, Gürcüstanda etirazların belə davamlı və kütləvi xarakter alacağını gözləmirdim. Düşünürdüm ki, həbsxanalara nəzarəti həyata keçirən nazirin istefası ictimai ehtirasları səngidəcək. Amma belə olmadı. Etirazlar hələ də davam edir. Prinsipcə, mən burada neqativ hal görmürəm, əksinə insan hər hansı zorakılıq halına qarşı dözümsüz münasibət gəstərirsə bunun özü çox müsbət haldır. Amma bu yaxınlarda, oktyabr ayında Gürcüstan özünün parlamentinə növbəti seçki keçirməlidir. Artıq məndə belə təəssürat yaranır ki, M. Saakashvilinin başçılıq etdiyi blok üçün çox çətin olacaq. Bəlkə də indi gürcü siyasətində M. Saakashvili dövrünün finalının başlanğıcını görürük. Bu sizə qeyri-adi görünməsin, gürcü cəmiyyəti çox inadkar cəmiyyətdir, əgər o kimisə yola salmaq fikrinə düşürsə bunu mütləq başa çatdırır. Saakashvili bir dəfə demişdi ki, biz nəyin bahasına olursa-olsun seçkidə qalib olacağıq. İndi mən bunun mümkünlüyünə o qədər də inanmıram. Çox güman hakim partiya özünün inzibati resurslarından faydalana bilməyəcək. Etirazların bu çağında seçkini saxtalaşdırmaq daha böyük ictimai dalğaya səbəb ola bilər.

Biz Gürcüstan cəmiyyətini Z. Gamsakhurdianın, E. Shevardnadzenin vaxtında görmüşük, indi həmin cəmiyyəti M. Saakashvilinin dövründə görürük. Prinsip etibarilə çox şey dəyişməyib, həmin mətin gürcü cəmiyyətidir. Şəxsən məni daha çox proseslərdə «Rusiya izi»nin olub-olmaması maraqlandırır. Qalan bütün məsələlər yoluna qoyula bilər. Bəs gürcü cəmiyyəti M. Saakashvilidən niyə narazılıq edir? Bunun bir neçə səbəbi var.

HAKİMİYYƏTDƏN NARAZI OLMAQ CƏMİYYƏTİN BORCUDUR...

Bəli, nə qədər qəribə olsa da bu, belədir. Biz, Şərq insanları kiçik bir iş üçün hakimiyyətə o qədər minnətdar olmağı öyrənmişik ki, xristian və xüsusən Qərb cəmiyyətinin davranışını anlamağa çətinlik çəkirik. Harasa kiçik yol çəkilir və asfalt döşənir. Hakimiyyətə o qədər təriflər yağdırırıq ki! Və düşünmürük ki, bu, hakimiyyətin işidir. Qərb cəmiyyətində insanlar daim hakimiyyətdən narazılıq tonunda köklənir. Onlar hər işə bir prizmadan baxırlar: daha yaxşı, gözəl ola bilərdi! Bu da əlavə stimul deməkdir – həm hakimiyyət üçün, həm də cəmiyyət üçün. Gürcü cəmiyyəti də tarixən özünü Avropaya yaxın hesab edib.

Mikheil Saakashvili

Saakashviliyə gəldikdə isə onun müsbət işlərilə yanaşı mənfi cəhətləri də vardı. Bəlkə də bu cavanlıqdan irəli gəlir, onun xarakterində bir avtoritar lider xüsusiyyətləri var. Mən bir neçə əcnəbinin (Gürcüstanda olan) onunla bağlı fikirlərini oxumuşam. Bizdən fərqli olaraq onlar M. Saakashvilini diktator hesab edirlər. Təbii, burada bir qədər şişirtmə də var. Lakin misal var, deyir ki, «od yanmasa tüstü çıxmaz». Elə gürcü cəmiyyətinin özünün də onunla bağlı mövqeyi birmənalı deyil. Həm də əvvəldə qeyd etdiyim kimi cəmiyyətdə bir dinamizm var, o, olduğu yerdə dayanmaq istəmir. Bunun nəyi pisdir ki? Biz çox mühafizəkarıq. Azərbaycan cəmiyyəti həmişə dəyişikliklərdən qorxur, o həmişə mövcud qaydaların və münasibətlərin qalmasının tərəfdarı tək çıxış edir, yeniliyə meyl azdır. İstənilən azərbaycanlıdan hətta hipotetik dəyişiklik barədə soruşsanız bir cavab eşidəcəksiniz:«sonra gələnlər guya indikindən yaxşı olacaq?». Amma gürcü cəmiyyəti belə deyil. Bu cəmiyyət hər bir anda özünün ən böyük oğlundan belə böyük və qüdrətli olduğunu sübut etməyə hazırdır. Siz adi bir detala diqqət yetirin. H. Əliyevi və E. Shevardnadzeni yada salın. İki kommunist funksioneri, iki prezident... Hətta eyni vaxtda siyasi büro üzvü olublar, üstəlik Shevardnadze M. Qorbaçov dövründəki işlərinə görə bir neçə dəfə artıq yüksək imicə malik idi, dünyada daha yaxşı qarşılanırdı. Amma gürcülər Shevardnadzeyə heykəl qoymadılar, onu bütləşdirmədilər. O da bundan incimir, hətta belə hesab edir ki, elə belə də olmalıdır. Cəmiyyət miqyasında götürəndə bu iki qonşu cəmiyyətin fərqidir. Hətta indinin özü üçün Gürcüstanda olan bu etirazlar Azərbaycanda ola bilməzdi, onu dərhal yasaq edərdilər. Ona görə mən bir daha qeyd edirəm ki, Gürcüstan Avropa ölkəsi üçün xarakterik davranış tərzi nümayiş etdirir. O ki qaldı M. Saakashvili cənablarına...

GÜCLÜ MÜXALİFƏT HEÇ KİMƏ MANE OLMUR...

Mənə belə gəlir ki, M. Saakashvilinin də daha çevik və daha güclü müxalifətə ehtiyacı var. Ən başlıcası isə Gürcüstanın buna ehtiyacı var. Ola bilsin bu seçki Saakashvili komandasının qürubunun başlanğıcı olacaq. Nə olsun ki? Bununla həyat və siyasət bitirmi? Yox. O, davam edir və davam da edəcək.

İrəli getmək üçün risk etməyi bacarmaq lazımdır. Siyasətdə elə vaxtlar olur ki, mühafizəkarlıq müsbət nəticələr verir. Amma o həddini aşanda tərəqqini əngəlləyir, inkişafı ləngidir. Gürcüstandan fərqli olaraq Azərbaycan indi bu dönəmi yaşayır. Sabahın mümkün dəyişiklikləri qarşısındakı qorxu onun öz ayaqlarında buxova çevrilir. Bəzən bunu elə yozurlar ki, guya cəmiyyətin öz gələcəyini müəyyən etmək üçün seçim imkanları, variantları məhduddur. Di gəl, hər şey çox sadədir: cəmiyyət seçim etməyə qorxur. Liberal Gürcüstan cəmiyyəti isə sosial eksperimentdən çəkinmir, ona doğru gedir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir