Ölkə ölkəyə bənzər...

Arxiv foto: Belarusda seçki günü

Etiraf edim ki, başqa vaxt mən Belarusdakı parlament seçkisindən heç söz də açmazdım. Ən azı ona görə ki, cəmi beş nəfərin (onlar da A. Lukashenko hakimiyyətinə loyal partiyaların üzvləridir) müxalifət qismində parlamentə daxil olduğu seçkidə o qədər də maraq kəsb edən bir şey yoxdur. Amma bu proses başqa böyük prosesin – demokratiyanın növbəti dalğasının müjdəçisi ola bilərdi. Ona görə də mən MDB məkanındakı seçkiləri izləmək, onların bu prosesdə müqayisəli təhlilini aparmaq zorundayam. Digər çox maraqlı seçki və özü də parlament seçkisi oktyabrın 1-də Gürcüstanda olacaq. Amma bu haqda hələ bir qədər sonra. İndisə qayıdaq Belarusa. Müşahidəçilər dərhal bir detala diqqət yetiriblər. Onlar qeyd edib ki, seçki çox sönük və cansıxıcı keçir. Amma görün buna Lukashenko nə cavab verib? O, deyib ki, o ölkələrdə ki, seçki darıxdırıcı və sakit keçir, bu həmin ölkələrin xalqlarının xoşbəxtliyi hesab olunmalıdır!... Mən bütün avtoritar ölkələrin tonunda bu notu hiss edir və daim müşahidə edirəm. Bəli, bunların hamısı özlərini elə aparır ki, sanki siyasət çox yorucu, darıxdırıcı məşğuliyyətdir, ağır yükdür. Lakin mənim bu məqamda bir sualım yaranır: cənablar, siyasət belə yorucu və mənasız, özü də onunla məşğul olanlar üçün hətta ziyanlı, ağır məşğuliyyətdirsə, nədən o məşğuliyyəti buraxmaq, başqalarına da bununla məşğul olmaq üçün fürsət vermək istəmirsiniz? Nədən hamılıqla siyasətə qoşulursunuz? Niyə az qala
siyasəti öz şəxsi «qoruğunuza» çevirirsiniz? Niyə həmin siyasətin ağırlığını başqaları ilə bölüşmək istəmirsiniz?...

Təbii ki, belə bir şəraitdə məcbursan ki, hər seçkini tədqiq edəsən, dünya ölkələrinin seçkilə bağlı mövqeyini öyrənəsən, çünki nə vaxsta buz əriməli və əsl böyük, ciddi dəyişikliklərin küləyi hiss olunmalıdır. Amma hələlik nə A. Lukashenkonun, nə də İ. Əliyevin tonunda siyasətdən yorulmaq əlamətləri hiss olunmur. İ. Əliyevin qayğısı bir qədər böyükdür – onu qarşıda prezident seçkisi gözləyir. Bəli, söhbət ölkədə daha bir saxta seçkinin keçirilməsinin çətinliyindən getmir, bu siyasi qüvvənin 19 illik seçki təcrübəsi var, amma...

İ. ƏLİYEV NÖVBƏTİ DƏFƏ NAMİZƏD OLMAQ ÜÇÜN DƏSTƏK TAPACAQMI?

İndi İ. Əliyevin qayğısı budur. O, Mərkəzi Asiya ölkələrinin və ya Belarusun hakimiyyət təcrübəsini Azərbaycana gətirmək üçün beynəlxalq institutların dəstəyini almalıdır. Çox güman ki, bu yaxınlarda diplomatik korpusla görüş zamanı İ. Əliyevin «yumşaq tonu» da bununla bağlıdır. Bu dəfə o əvvəllərdə olduğu kimi «Olmasın beynəlxalq təşkilatlar! Onlarsız Azərbaycan mövcud olmayacaqmı?!» kimi fikirlər səsləndirmədi, əksinə diplomatlara beynəlxalq təşkilatlarla işləməyi tövsiyə etdi. Açığını etiraf edim ki, İ. Əliyevin üçüncü dəfə prezident seçilməsinə maneçilik edə bilən yeganə amil də beynəlxalq rəydir. Düzdür, daxildə müxalifət də kəskin bəyanatlarla çıxış edir. Amma o var ki, çoxdandır ki, Azərbaycanda siyasi ab-havanı müxalifətin bəyanatları müəyyən etmir, İ. Əliyevin daxildə nəzarəti hələ ki güclüdür. Amma onun bir çox avtoritar liderlər kimi ölkənin xaricində problemləri var. Hər bir vaxt bu problemlər ölkənin içində böyük dəyişikliklərə təkan verə bilər, çünki latent narazılıq, passiv siyasi etiraz da kifayət qədərdir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir