Avropa üçün qaz: Rəqiblər və müttəfiqlər bir-birinə qarışıb

Azərbaycan prezidenti İlham Əliyev (solda) Türkiyənin Baş naziri Recep Tayyib Erdogan`la birlikdə qaz kəmərinə dair razılaşmanın imzalanması mərasimində. 26 iyun 2012


Azərbaycan və Türkiyə Avropanın Rusiya enerjisindən asılılığını azaltmağa cəhd etdiyi qaz kəməri üzərində işə bu il başlamağı planlaşdırırlar. Bu barədə Britaniyada çıxan “Financial Times” qəzeti yazır.

Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, dəyəri 7 milyard dollar olacaq kəmər Türkiyədən keçəcək və onun inşası 2017-ci ildə başa çatacaq.
Qəzet yazır ki, Türkiyənin qərb sərhədində bu kəmər BP-nin Xəzər sularından çıxardığı qazı Avropaya nəql etmək üçün rəqabət aparan hər iki, və yaxud bir kəmərlə birləşəcək.

Region hökumətləri Türkiyədə artıq mövcud olan infrastrukturun təkmilləşdirilməsi barədə plan üzərində düşünsələr də, Natiq Əliyev Bakıda keçirilən neft və qaz konfransında bildirib ki, Bakı yeni kəmər variantını seçib.

“Financial Times” yazır ki, bu addım Avropanın “Qazprom”dan asılılığının azaldılması istiqamətində addımların atılmasına Bakının hazır olduğunu göstərir.
Qəzet yazır: “Digər tərəfdən Avropa investorları narahatdırlar ki, təchizat kəmərinin Türkiyə ərazisi ilə çəkilməsi qitəyə başqa kəmərlərin çəkilişini əngəlləyə bilər.”

Almaniyanın EON, Norveçin Statoil və İsveçrənin EGL şirkətlərinin dəstəklədikləri və Yunanıstandan İtaliyaya çəkiləcək Trans-Adriatik qaz kəməri və Nabucco layihəsi çərçivəsində qazı Almaniyanın RWE şirkətinin kəməri ilə Avstiyaya nəql etməli olan kəmər layihələri qaz yataqları sahiblərinin dəstəyi uğrunda rəqabət aparırlar.

Qəzet yazır ki, Trans-Anadolu və ya Tanap kimi tanınan kəmər ilkin mərhələdə Azərbaycandan ildə 16 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Sonralar, 2020-ci ildə bu həcm ildə 31 milyard kubmetrə çatdırılmalıdır. Lakin bunun üçün Türkmənistan və Qazaxıstan qazı da bu kəmərə daxil olmalıdır.

Natiq Əliyev bildirib ki, Xəzərdə Şahdəniz layihəsinin ikinci fazası ildə 20-25 milyard kubmetr qaz gətirə bilər, hərçənd BP-nin proqnozu 16 milyard kubmetri keçmir.

Burası da bəllidir ki, Tanapın reallaşması BP-nin investisiyalarından son dərəcə asılı olacaq.

Bununla belə, bir sıra Britaniya və Avropa ekspertləri məsələnin bu qədər bəsit olmayacağına inanırlar.

Onlar bildirirlər ki, bu kəmər Azərbaycan layihəsi deyil və Bakının buradakı rolu şərtidir.

Belə ki, bu məsələdə Türkmənistan və Qazaxıstanın mövqeyi həlledici rol oynamalıdır.

Əsas məsələ Türkmənistan qazının Avropaya necə nəql olunacağıdır. Ən real variant Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana sualtı kəmərin çəkilməsini nəzərdə tutur.

Qərb ekspertləri bildirirlər ki, bu məsələdə Rusiyanın mövqeyi bir yana dursun, Aşqabad və Bakı arasında Xəzərin statusuna dair fikir ixtilafı da var.

Londondakı Qlobal Enerji Araşdırmaları Mərkəzindən (Centre for Global Energy Studies) Julian Lee bildirir ki, Türkmənistanla bağlı problem bu ölkənin öz qazını sərhəddə satması və onun alıcıya çatdırılması üçün məsuliyyətin üçüncü ölkəyə etibar etməsidir.

Julian Lee deyib: “Türkmən qazının Avropaya ən yaxın yolu Azərbaycandan keçir və Azərbaycan onun ərazisinə daxil olan qazın sahibliyini tələb edir. Keçmişlərdə Azərbaycan Qazaxıstan nefti üçün sadəcə tranzit ölkə olmaqda maraqlı olmadığını göstərib və mən şübhə edirəm ki, Bakı onun öz qazı ilə rəqabət aparacaq Türkmənistan qazına yalnız tranzit ölkə olmağa razılıq versin”.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.