Öldürülən diplomatlar, ölən millətlər

ABŞ səfiri Christopher Stevens

-

AZADLIĞIN SINAĞI


Budur, bir vaxt mübarizəsini böyük şövq və maraqla izlədiyimiz Liviyada bir gün bundan əvvəl amerikalı diplomatlar qətlə yetirildi. Qətlin səbəbini yenə də dini motivlə, həvəskar rejissorların çəkdiyi filmlə bağlayırlar. Məni miqyas və motivindən asılı olmayaraq bütün terror hadisələrində bircə detal həmişə qeyzləndirib. Bəli, sən sadəcə hansısa millətə və ya ölkəyə məxsus olduğuna görə terror hədəfi kimi seçilə bilərsən. Sözü gedən film haqqında mənim də heç bir təsəvvürüm yoxdur. Amma adamın ağlına gələn ilk sual bu olur ki, o filmin öldürülən diplomatlara nə dəxli vardı? Onların filmlə bağlılığı, sadəcə amerikalı olmaları olub. Təsəvvür edin ki, haradasa bir azərbaycanlı hansısa bir film çəkir və yaxud da ki, başqa bir iş görür və buna görə sizi öldürürlər! Bunun azərbaycanca açıqlaması «Heç dəxli var?» sualıdır ki, onu verməyə bilmərik, çünki belə hadisələrin doğurduğu reaksiya yalnız belə ifadə oluna bilər. Mən demirəm ki, bu cür fundamentalizm təzahürləri yalnız müsəlman ölkələrinə və millətlərinə aiddir. Yox, belə deyil. Bu yaxınlarda 21 il cəzaya məhkum edilən A. Breivik də özünü protestant fundamentalisti adlandırırdı.

Bütün hallarda isə, kitaba görə, yazıya görə və yaxud da filmə görə insanın 21-ci əsrdə qətlə yetirilməsinə ad tapmaq mümkün deyil. Bu başqa müstəvi və planda özünün aciz olduğunu etiraf etmək deməkdir. Məsəl var, deyirlər, bacarırsan, sən də yaz, sən də film çək... Daha insanları niyə öldürürsən? O ki qaldı dinlərə, məsələn, xristian dini haqqında az film çəkilib və az yazılıb? Bunların hamısını elə xristianların özləri etməyiblərmi? Mən etiraf edirəm ki, «ərəb baharı»na həm də azacıq ehtiyatla yanaşırdım. Bilirsiniz, azad olmaq bəlkə də asandır, nəinki bu azadlığın məsuliyyətini hiss etmək. Əgər azadlıq diplomatik korpusu (diplomatik immuniteti – toxunulmazlığı olan insanları!) raket atəşinə tutmaq, meydanlarda dini şüarlar qışqırmaq, dünya kafirlərinə qarşı cihada çağırmaqdırsa, mən bu azadlığı başa düşmürəm... Hər bir belə hadisə zamanı hədəf seçilən millətdən bir-iki nəfər ölürsə, öldürən kəslərin milləti tamam ölür. Adam inana bilmir ki, nə vaxtsa və haralardasa dindarlar ateistlər kimi qorxulu ola bilərlər, amma görünür ki, belə olur. İndi ərəblərin sınağa çəkildiyi vaxtdır. Onların qurduqları diktaturaları hamı görüb, hamını onların quracağı demokratiya maraqlandırır və hamı üçün maraqlıdır ki, bəs görək, bu, necə olacaq? Bu marağa nə ilə cavab verilir? Raketlərləmi? Mən bir faktın üzərində çox uzağa gedən nəticələr çıxarmağın tərəfdarı deyiləm.

Amma elə nüanslar var ki... Deyirlər ki, əfqanlar azad və məğlubedilməz bir xalqdır. Mən isə deyirəm ki, Allah kəssin belə «azadlığ»ı! Az qala bütün Yer kürəsi on illərdir ki, bunlara sadə həqiqəti başa sala bilmir. O həqiqət budur ki, döyüşmək kimi, əkin-biçinlə də məşğul olmağı, məktəbə getməyi, dövlət qurmağı və idarə etməyi də öyrənmək lazımdır...

ƏMİR TEYMURDAN BİR NƏSİHƏT

«Nəsimi» filmində çox maraqlı bir epizod var. Bəlkə tarixdə belə bir epizod olmayıb, sadəcə kinonun müəllifləri fikirləşiblər onu. Amma dəxli yoxdur və əsas odur ki, bu fikir səslənir. Qərəz, Teymur Nəsimini azad edərkən molla və üləmalar hamısı bir ağızdan qışqırır ki, hökmdar, nə edirsən? Teymur da qeyzlə onlara tərəf çevrilərək «Nə vaxta qədər baş kəsməklə qalib gələcəm» - deyir. Həqiqətən də çox ibrətamiz ştrixdir. Və burada Qərbdən də bir detal yadıma düşür. Voltaire (Volter) deyirdi ki, sizin dediklərinizlə razılaşmaya bilərəm, gəl, sizin bu fikri azad şəkildə deməyiniz üçün canımı qurban verməyə hazıram.

Bəli, haradasa bir nöqtədə birləşən iki baxış. Bu baxışları çox böyük, uzaq coğrafi məsafələr ayırsa da hər ikisi ibrətamizdir, çünki bəşəridir. Ona görə də yazının əvvəlində yazdım ki, fikrə görə adam öldürmə, bacarırsan sən də fikir de, kitab yaz, film çək...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir