Müxalifət «vahid namizəd» məsələsindən çəkildi?

Arxiv foto: İP-nin iclası

İctimai Palatanın ötən həftənin sonunda keçirilən sessiyasında deyəsən bu məsələyə nöqtə qoyuldu. Lakin ölkənin siyasətində həmişə iki qüsur özünü büruzə verib. Bunlardan biri rasional qərar qəbul etmək, digəri isə bu qərara əməl etmək mədəniyyətidir. Ona görə də bir daha iki prinsipin prizmasından çıxış etsək hələ problemlə bağlı narahatlıqların bitmədiyi qənaətinə gələrik.

«Vahid namizəd» məsələsilə bağlı bu vaxta qədər söylənilən əsas arqument və iradlar o qədər də çox deyil və onları prinsipcə iki əsas tezisdə aşağıdakı kimi ifadə etmək olar.

Birincisi, o məsələ müxalifət daxilində ixtilaf yaradır və qüvvələri parçalayır.
İkincisi, «vahid namizəd» məsələsi müxalifətə seçkinin verdiyi imkanlardan geniş və səmərəli şəkildə istifadə etməyə imkan vermir.

Mən bu iki tezisin yanlışlığını sübut etmək fikrində deyiləm, çünki belə fikir yarana bilər ki, mən seçkilərdə vahid namizədin müəyyən edilməsinin və bu formatla seçkiyə getməyin tərəfdarıyam, amma mən bu məsələdə tamam və birmənalı neytralam. Güman edirəm ki, seçkidə formatın seçilməsini həmin müxalif qüvvələr kollektiv müzakirələr vasitəsilə müəyyən edə bilərlər. Zira bir neçə irad və qeyd var ki, onları vurğulamamaq çox çətindir.

BELƏ BİR PARTİYA VARMI?

Deyilənə görə, 20-ci əsrin əvvəlində Rusiyada ölkədəki vəziyyət müzakirə edilərkən menşeviklər belə bir fikir deyib ki, hazırda heç bir partiya ölkəni təkbaşına böhrandan çıxarmaq iqtidarında deyil. Bütün partiyalar bununla razılaşıb və tək bir nəfər ayağa qalxıb deyib ki, belə bir partiya var! Həmin adam da V. İ. Lenin olub. Sonrası aydın olduğundan mən bu epizodu elə bu yerdə bitirirəm. İndi Azərbaycanda da heç bir partiya təkbaşına ölkəni idarə etmək və ən başlıcası onu böhrandan çıxarmaq iqtidarında deyil. Amma bu reallığa rəğmən heç kim utopik və hipotetik qələbənin çələnglərini başqası ilə bölüşmək niyyətində deyil. Əgər yaranmış bloklar, o cümlədən də elə bu İctimai Palata bir hakimiyyət komandası formalaşdırmaq iqtidarında deyilsə bu birliyə ehtiyac varmı? Deyirlər, bizim məqsədimiz demokratiya uğrunda birgə mübarizə aparmaqdır. Mən burada bircə detalı qeyd etmək istərdim və o, kifayət qədər ibrətamizdir. «Azadlıq» qəzeti İctimai Palatanın son tədbirinə iki səhifə ayırmışdı. Amma mən iki səhifəlik materialda qəzetin düşdüyü bu böhranlı vəziyyət haqda bir cümlə də tapmadım... Bəli, reallıq budur. Bunun elə özü demokratiya uğrunda birgə mübarizə taktikasına yetərincə aydınlıq gətirmirmi? Bəlkə də İctimai Palatanın daha vacib hesab etdiyi problemlər o qədər çoxdur ki, ölkənin iki əsas qəzetindən birinin problemi heç yadlarına belə düşməyib. Mən sadəcə bir məsələni qeyd etmək istərdim ki, həmin bu qəzetlər olmasa onda İctimai Palata və onun tədbirləri də cəmiyyətin yadına düşməyəcək.

SEÇKİDƏN DAHA EFFEKTİV İSTİFADƏ ETMƏK MÜMKÜNDÜRMÜ?

Artıq qeyd etdim ki, İctimai Palata 14 ay bundan sonra baş tutacaq seçkidə geniş formatla – bir neçə namizədlə iştirak etmək niyyətindədir. Olsun. Lakin mən burada da bir detalı qeyd etmək istərdim. 1991-ci ildə Z. Əlizadə seçki prosesindən yararlanmağın və ondan effektiv istifadə etməyin nümunəsini göstərmişdi. O, A. Mütəllibova opponentlik etdi və sonda seçkiyə qatılmadı və bunu seçkinin demokratik keçiriləcəyinə şübhə etməsi ilə əlaqələndirdi.

İndi İctimai Palata da seçkiyə bir neçə namizədlə qatıla bilər. Əgər sonda bu prosesin real nəticə verə bilməsi perspektivi yaransa Palata öz seçimini bir namizəd üzərində cəmləşdirə bilər və digər namizədlər təbliğat prosesindən istifadə edəndən sonra özlərinin namizədliklərini elə həmin o bir namizədin xeyrinə olaraq geri götürə bilər. Göründüyü kimi, məsələnin çox sadə həlli var. Ona görə də vahid namizəd məsələsini ən son ana saxlamaq və əgər real uduş şansı yaranarsa, onu sonda həll etmək olar. Belə bir qərarı onda rasional qərar adlandırmaq olar.

KİÇİK SÖZARDI

Mən İctimai Palatanın 14 ay bundan sonra baş tutacaq seçki ilə bağlı təşkil etdiyi tədbirdəki çıxışlarında daha bir detala rast gəlmədim. 2013-cü ildə baş tutacaq seçki adi seçki olmayacaq, bu, ölkənin həm də Mərkəzi Asiya ilə bir sırada, Türkmənistanla və ya Qazaxıstanla bir siyasi cərgədə dayanması və «nəfəs alması» demək olacaq. Tədbirdə bu haqda da söz deyən olmamışdı.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir