Siyasətçilər Amerikada və Azərbaycanda...

Rəşid Şərifin karikaturası

-

A BALA, SƏN KİMSƏN?


ABŞ-dakı seçki debatlarını izləməyin ayrı ləzzəti var. Bu debatlardan ölkədə təqdir olunan siyasətçi obrazı və amerikalıların önəm verdiyi siyasi dəyərlər haqda müəyyən təsəvvür əldə etmək mümkündür. Bu günlərdə həmin çıxış və debatlardan bir fikir məni cəlb etdi. M. Obama deyirdi ki, Barack (B. Obama) çətinliyin nə demək olduğunu çox yaxşı başa düşür, çünki özü həmin həyatı yaşayıb. İlk baxışda qeyri-adi heç nə yoxdur. Amma bu zahirən belədir. Bir məsələ məni həmişə çox düşündürüb. O da müxtəlif ölkələrdə həyata baxış məsələsidir. Düşünmək olar ki, ABŞ-da nə var ki? Adamlar gözəl yaşayır və dünyanın ən qüdrətli ölkəsinin vətəndaşı olmaqdan qürur duyurlar. Amma o saat yanıldığını dərk edirsən. Bəs niyə ölkənin birinci xanımı çətinlik haqda danışır? Bax, elə həyata baxış məsələsi burada özünü büruzə verir. Amerika vətəndaşı heç vaxt öz dəbdəbəli həyatı ilə öyünmür, haradan gəldiyini və bu həyatda qazandığı uğurlara necə çatdığını həmişə xatırlayır. Amerikalı bunu özü üçün qəbahət hesab etmir, əksinə sadə insanlar arasından, cəmiyyətin hətta nisbətən kasıb hissəsindən çıxmağı ilə qürur duyur. Azərbaycanda bir vaxt müxalifətçilərdən biri gəncliyində ticarətlə məşğul olduğuna görə bərk qınananda mən o ölkənin həyatından bir epizodu tez-tez xatırladırdım. ABŞ prezidentlərindən və sərkərdələrindən biri - D. Eisenhower uşaqlıqda qəzet satmaqla ailəsinə kömək etdiyini vurğulamağı sevirdi. Amma bizdə hey milli elitanın olmamasından, sovetlər dönəmində elitanın məhv edildiyindən dəm vurmağı sevirlər. Heç kim demir ki, cəmiyyətdə «sosial lift» işləmir, mobillik yoxdur. Elita var, o heç yerə qaçmayıb, buradadır, sadəcə o qədər qapalı və bağlıdır ki, yenilənmir, inkişaf etmir, cəmiyyətlə birgə nəfəs almır, çünki bəzi insanlar artıq doğulan andan bu elitaya çıxış əldə edirlər, bunu heç də alın təri ilə qazanmırlar. Məsələn, mən demək olar ki, heç vaxt İ. Əliyevin və onun ətrafının çıxışlarında sadə azərbaycanlılar üçün doğma olan notlar və fikirlər hiss etmirəm. Mənə elə gəlir ki, İ. Əliyev sadə insanları duymur, onlar haqda çox az təsəvvürə malikdir. Bu təkcə onun üçün xarakterik deyil. Əgər bir ölkənin şairi deyirsə ki, kasıbı Allah onda bədbəxt edib ki, kasıb yaradıb, siyasətçilərdən fərqli bir şey gözləmək mümkündürmü? Azərbaycanda bir çox insanlar özlərinin olmayan «aristokratik kökləri» ilə qürur duymağı, lap əzəldən «seçilmiş»lərdən olduğunu gözə soxmağı sevirlər. Lakin M. Obama deyir ki, Barack sizlərdən biridir... Bu «sizlərdən biri olmaq» fikri sizə adi şey kimi görünməsin, bu, hakimiyyətlə cəmiyyət arasında bir yaxınlıq, anlaşmaq istəyi yaradır. Ən dəhşətlisi odur ki, bu illər ərzində cəmiyyətin özü belə təsəvvürləri deformasiya edib, cəmiyyət özü «onlardan biri olan» insanlarla anlaşmaq istəmir. Burada mənim yadıma özünün aristokratik köklərə malik olduğunu güman edən bir yazıçının jurnalistə sualı düşür: «axı sən kimsən?».

Ona görə də nəyəsə cəhd edən kimi məhz bu sual –«A bala, sən kimsən? Bu ölkənin böyükləri var, hökumətlə hökumətlik edəcəksən?» sualı qarşını bir divar kimi kəsir və sən də o divarı nəinki aşa, heç o biri tərəfinə boylana da bilmirsən...

HƏTTA KEÇMİŞ KOMMUNİSTLƏR DƏ?

Mən solçuluğu təqdir etməyi sevmirəm. Lakin müstəqillik illərində qəribə və anlaşılmaz bir hadisə baş verdi: ölkədə güclü solçu müxalifət yaranmadı və hətta yenidən hakimiyyətə gəlmiş kommunist nomenklaturası özünü elə tərz və üslubda təqdim etdi ki, 17-18-ci əsrlərin liberallarına şükür dilədik. Bəli, H. Əliyev sadə ailədən çıxmışdı, həyatda hər şeyi özü qazanmışdı. O, sadə və nisbətən kasıb təbəqəni hiss edirdi. Lakin bu, çox maraqlı və özünəməxsus tərzdə təzahür edirdi. H. Əliyevin sadə insanları duymasının nəticəsi onunla bitirdi ki, o hesab edirdi ki, bu insanlar dözməlidir...Təsadüfi deyil ki, onun ən sevimli ifadəsi «Xalqımız dözümlüdür!» ifadəsi idi. Bu, onun sadə insana verə biləcəyi yeganə təskinlik idi...

KİÇİK SÖZARDI VƏ YA «POTERPİM!»

Əvvəldə cəmiyyətin təsəvvürlərinin deformasiyasından yazdım. Bəlkə elə o da təsadüfi deyil. İnsanlara on illər ərzində aşılanıb ki, dövlət adamlarının və məmurların cəmiyyətin qayğılarından savayı da çox vacib işləri var. Məhz o səbəbdən də dözmək və dözümlü olmaq, sadə insanın taleyini yaşamaq və bu yükü çəkmək lazımdır. Hətta yadıma gəlir ki, sovetlər vaxtı liderlərin xalq ilə təmasları zamanı sonda mütləq işlədilən bir söz vardı - o da «poterpim!», yəni «dözərik», «səbr edərik» sözü idi...