Liberal – millətçi mübahisəsi! bu dəfə Rusiyada...

Rəşid Şərifin karikaturası

Bizim də Rusiyanı qabaqlayan vaxtlarımız olarmış! Düzdür, Rusiyada qərbçi insanlarla millətçilərin – konkret halda, slavyanofillərin mübahisəsi artıq iki əsrdir davam edir, ötən əsrin sonunda və bu əsrin əvvəlində biz onları azca qabaqlamışdıq. Azərbaycandakı mübahisələri unutmaq mümkün deyil. Mən tək bir məsələdən məmnunam ki, bu mübahisələr ölkənin Avropa Şurasına üzv olmağı ərəfəsində gedirdi. İnsanlar bəzi şeyləri öyrəndilər. Lakin böyük mənada heç nə baş vermədi. Partiya funksionerlərinin eqoizmi artıq nəticə əldə etməyə imkan vermədi. Çox maraqlıdı ki, sonradan belə mübahisələrin getdiyi partiyalardan biri hətta heç bir müzakirə olmadan liberal – demokrat partiyaların alyansına daxil oldu. Bu detalın özü bizim partiyalarda liderin hansı rola və çəkiyə malik olmasını çox aydın göstərir. Ruslara gəldikdə isə bəlkə də daha böyük ənənələrə malik olduqlarına görə onlarda bu müzakirə və mübahisələr partiyaların daxilində deyil intellektualların arasında, elm və tədris ocaqlarında gedir. Lakin son məqsəd burada da eynidir: ölkələri üçün məqbul ideoloji proqram hazırlamaq və partiyaların bu proqramın ətrafında birləşməsinə nail olmaq. Bizim müzakirələrdən artıq bir xeyli müddət keçib.

Sonradan vəziyyət elə dəyişdi ki, daha heç kim bu mübahisələrə qayıtmaq və onları hansısa formada təzələmək təşəbbüsü göstərmədi. Ona görə mən bir – iki sətirlik tezislərlə yaddaşları oyatmaq istərdim.

LİBERALİZM NƏDİR?

Bu, böyük fəlsəfi – siyasi cərəyandır. Amma ən ümumi prinsiplərini bir – iki cümlədə ifadə etmək olar. Liberalizm bütün sferaların mərkəzində birmənalı şəkildə fərdin hüquq və azadlıqlarını görür. Ən geniş mənada isə o, azad və sərbəst iqtisadiyyat və ticarət, hüquqi dövlət, insan haqları ilə məhdudlaşan hakimiyyət, vətəndaş cəmiyyəti, insan hüquq və azadlıqlarının üstünlüyü və aliliyi, individualizm, seçkili və hesabat verən hakimiyyət, bölünmüş və bir – birinə nəzarət edən hakimiyyətlər, fərdin hüquq və azadlıqları, demokratik siyasi institutlar və s. deməkdir. Bir sözlə ifadə etsək liberalizm – azadlıqdır.

Bu sonuncu tezisin daha aydın olması üçün deyək ki, sosializm üçün əsas prioritet bərabərlikdir. Amma liberalizm bərabərliyi yalnız qanun qarşısında bərabərlik kimi başa düşür.

NİYƏ GÖRƏ HƏM MİLLƏTÇİ, HƏM DƏ LİBERAL OLMAQ MÜMKÜN DEYİL?

Liberalizmin bir ideoloji sistem tək qarşına millətçilik və yaxud da sosializm çıxır. Liberallar hər iki ideologiyaya «zəiflərin sığınacağı» kimi baxır. Burada bəlkə də millətçilik fərqli fonda görünə bilər. Lakin bu ideya da fərdiyyətçilik kimi tendensiyanı rədd edir, «ümummilli orqanizmdə zəiflərin və güclülərin vəhdətini görür. Burada bizim əski Müsavatın milli təsanüd konsepsiyasını necə yada salmayasan? Qərəz, liberalizm və millətçilik bir – birinin əksidir.

Əgər liberalizm individualizmin ideallarını əks etdirirsə, sosializm, millətçilik xolizmin(tamın üstünlüyü!) ideallarını əks etdirir. Əgər liberalizm individual olanın hüquq və azadlıqlarının üstünlüyünü müdafiə edirsə, xolizm tamın – ictimainin üstünlüyünün tərəfini tutur. Bir şeyi də qeyd edək ki, əgər millətçi xolizmin etnik aspektini nəzərdə tutursa, sosialist də çox uzağa getmir – o da sinfi aspekti əsas kimi götürür. Xolistlərin baxışları öz kökünə görə bəlkə Aristotelə qədər gedib çıxır, çünki ilk dəfə o, demişdi ki, tam öz hissələrinin cəmindən həmişə böyükdür. Nə qədər qəribə olsa da, sistem nəzəriyyəsi də bunu iddia edir. Amma məni həmişə bir sual düşündürüb. Əgər toplum, tam kreativ gücə malikdirsə niyə biz həmişə kütlədən ehtiyat edirik? Nə üçün bu kütlə həmişə dağıdıcı amil kimi səciyyələndirilir? Maraqlı sualdır, deyilmi?..

RUSLARI QAYĞILANDIRAN NƏDİR?

Rus intellektuallarını narahat edən amilləri duymaq o qədər də çətin məsələ deyil. Onlar tərəqqi və azad təşəbbüs üçün liberal dəyərlərin vacibliyini çox gözəl dərk edirlər. Lakin həmin dəyərləri milli siyasətə buraxmaq və özlərini digər millətlərlə bərabər tutmaq istəmirlər. Ona görə gah «liberal imperiya» (A.Çubays), gah da «milli liberalizm» (Y.Yasin) konsepsiyası meydana çıxır. Beləcə, Rusiya yanlış ideya ətrafında fırlanır və fırlandıqca əsl həqiqətdən o qədər uzaq düşür ki, adam buna, sadəcə təəssüf edir...