Bu ölkələr – latın Amerikası ölkələri təsəvvürlərdə həmişə çoxillik diktatura, inhisarçılığın və korrupsiyanın tüğyan etdiyi, sosial qütbləşmənin sonuncu həddə çatdığı və partizan müqavimətinin baş alıb getdiyi ölkələr kimi qalıb. Hətta bir ara Azərbaycanda da «Latın Amerikası» sindromundan danışmaq çox dəbdə idi. Mən həmişə belə müqayisələrə bir qədər şübhə ilə yanaşır və daim düşünürdüm ki, əcəba, bu müqayisələri aparanlar Latın Amerikasının hansı dövründən danışırlar? Axı zaman keçir və əgər bizlər özümüz və həm də bizim nə haqdasa təsəvvürlərimiz dəyişmirsə, o demək deyil ki, həmin bu ölkələr də dəyişmir, necə var, elə də qalır. Etiraf edirəm, hər yerin öz özəlliyi olur. Bu baxımdan Latın Amerikası ölkələri də istisna deyil. Amma müəyyən bir dövrdən sonra bu regionlardakı diktaturaların çöküşü başladı, onlar bir – birinin ardınca öz yerlərini demokratik rejimlərə verdilər. İndi bu ölkələrin haqqında ümumi halda danışmaq çox çətindir, gərək mütləq dəqiqləşdirib, ayırasan ki, söhbət haradan gedir, Çilidən və yaxud Braziliyadan? Amma bir məsələ aydındır: Latın Amerikası ölkələri artıq bizim sovetlər dönəmində və ondan azca sonra tanıdığımız ölkələr deyil.
KEÇMİŞ DİSSİDENTLƏRİN İDARƏ ETDİYİ ÖLKƏLƏR
Bəli, bu da Latın Amerikası ölkələrinin indiki durumudur. Məsələn, Uruqvay prezidenti Xose Muxika vaxtilə inqilabi fəaliyyətinə görə 13 il həbsdə olub. Braziliyada hakimiyyətdə olan Dilme Russeff hərbi rejim zamanında adi bir şəhər partizanı olub və həyatının üç ilini həbsdə keçirib. Elə Çilinin bundan əvvəlki prezidenti Mişel Baçelet də, necə deyərlər, həbsxananın dadını bir az dadmışdı. Burada Nikaraquanın prezidenti Daniel Orteqanı da unutmaq bir o qədər də asan deyil. O, Somosa diktaturasına qarşı vuruşan partizanların lideri olmuşdu... Bu misallar Latın Amerikasında bizim görmədiyimiz və ya görmək istəmədiyimiz dəyişikliklərin təzahürüdür. İndi bu region stabilliyilə seçilir, əvvəllər isə belə deyildi və buraya «yanan kontinent» deyirdilər. İndi Latın Amerikasında hakimiyyətin dəyişməsinin demokratik prosedurlarının təsdiqlənməsi müşahidə olunur – seçki keçirilir və seçkinin nəticəsi tanınır.
Problemləri demokratik yolla çözmək ənənəsi yaranır. Artıq Q. Markesin və digər yazıçıların əsərlərindən oxuduğumuz, özünəməxsusluğu ilə seçilən Latın Amerikası diktatorları yoxdur və yaxud da adda-budda qalıb (məsələn, U. Çaves). Bu, Latın Amerikası xalqlarının gəldiyi birinci nəticədir. Bu nəticə həm də o deməkdir ki, demokratik siyasi islahatlar olmadan müasir ölkə və dövlət qurmaq qeyri–mümkündür.
ELİTAR MODERNLƏŞMƏ ÇIXIŞ YOLUDURMU?
Bu da Latın Amerikası ölkələrinin hamıya verdiyi dərsdir. Bir vaxt bu ölkələr bütün resurslarını əhalinin 25 – 30 faizinin firavan həyat sürməsinə yönəltmiş və elitar modernləşmə yolunu seçmişdilər. Lakin bir gün, məsələn, Braziliya prezidentlərindən biri tarixi söz dedi: «Braziliya geridə qalan və kasıb ölkə deyil, o, ədalətsiz ölkədir!». Həmin vaxtdan Braziliya elitar modernləşmə və inkişaf siyasətilə vidalaşdı. Ölkə siyasətçiləri daha bir tarixi söz dedilər və bu söz bütün latın Amerikası ölkələri üçün xarakterik oldu və bu da o, idi ki, dövlət iqtisadiyyatdan çəkilir, diqqətini sosial sfera üzərində cəmləşdirir...
İndi, məsələn, Braziliya büdcəsinin dörddən üç hissəsi sosial sferaya yönəlib və təkcə təhsilə ayrılan vəsait büdcənin 10 faizini təşkil edir. Təbii ki, bu son rəqəm Braziliya kimi bir ölkə üçün çox də yüksək göstərici deyil, amma onu bir artan tendensiya kimi qiymətləndirmək lazımdır. Mən o detallarla ilk dəfə tanış olanda yadıma Azərbaycan düşdü. Burada da demokratiyanın əvəzinə modernləşmədən çox danışılır, burada da əhalinin yalnız 25 – 30 faizinin və bəlkə də bundan da az hissəsinin maraqlarına uyğun siyasət aparılır. Amma Latın Amerikası ölkələrinin təcrübəsi göstərir ki, demokratiya olmadan, azad seçki praktikası təsdiq edilmədən modernləşmə siyasəti aparmaq lazımsız və mənasızdır. Belə siyasət ölkədə sosial qütbləşməni daha da dərinləşdirir və cəmiyyətdəki uçurumu böyüdür. Hətta bugünün də Azərbaycanına nəzər salanda demək mümkündür ki, bəli, ölkə kasıb ölkə deyil, amma ədalətsizdi!
KİÇİK SÖZARDI
Belə bir misal var ki, ağıllı adamlar başqalarının səhvlərindən öyrənir. Bizim inhisarçı və korrupsiyalaşmış iqtisadiyyata baxanda az qalırsan qışqırasan ki, belə olmaz, bu yolu bütöv bir kontinent keçib və ondan imtina edib! 25 – 30 faiz üçün nəzərdə tutulan «siyasət» nifrət və sosial ədavət mənbəyindən özgə bir şey deyil. Nifrət isə hələ heç kimə xeyir gətirməyib... Mən əvvəldə bir neçə prezidentin adını çəkdim. Onların hamısı həbsxanaları keçmiş, ağır və çətin mübarizəni dadmış insanlardır. Bu onu göstərir ki, qeyri – demokratik rejimləri hətta həbsxanalar, təqiblər xilas etmir və dünənki məhbuslar bir gün prezident olur...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir