London 2012: Qadağan olunmuş qonaqlar

Belarus prezidenti Aleksandr Lukashenka London Olimpiadasına buraxılmayıb.

Buna səbəb cənab Lukashenkaya Avropaya səfər üçün 2010-cu ildən bəri qoyulmuş qadağandır.

Belarusun prezidentinə bu qadağan 2010-cu ilin seçkiləini saxtalaşdırdığı üçün qoyulub.
Çox maraqlıdır ki, Belarusun prezidentinə qoyulan bu qadağanla bağlı Rusiya Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov bəyanat verib.

O deyib ki, Lukashenkaya qoyulan qadağan Olimpiadanın dəyərlərinə ziddir.

Aleksandr Jukov deyib ki, qədim Yunanıstanda iştirakçılar üçün heç bir qadağa qoyulmazdı və oyunlar zamanı edam hökmləri icra edilməzdi.

Lakin məsələ burasındadır ki, Lukashenkanı heç kim edam etməyə hazırlaşmır. Ona sadəcə olaraq işarə ediblər ki, o, Avropaya yaraşmayan adamdır.

Böyük Britaniyanın Minskdəki səfirliyi isə bildirib ki, qadağan qadağandır və Lukashenka üçün heç bir istisna edilə bilməz.

Bəzi mənbələrə görə Aleksandr Lukashenka London Olimpiadası üçün məxsusi kostyum da tikdiribmiş.

Məlumatlara görə, Lukashenka öz ölkəsəsinin Olimpiadada 20-25 medal alacağına inandığını deyib.

Yəni Belarus prezidentinin həmin kostyumu üçün hələ çox tədbirlər olacaq.

Lakin Lukashenkadan fərqli olaraq Argentina prezidenti Christina Kirchner öz təşəbbüsü ilə London Olimpiadasının açılış mərasimində iştirakdan imtina edib.