Qərbi Azərbaycan üçün kəşf edən insan

M.F. Axundov adına Milli kitabxana

Bir neçə ilin söhbətidir. Liberalizmi sevməyənlər liberal sözünü aciz, hər bir şeylə barışan və prinsipsiz kimi yozaraq bizə rahatlıq vermirdilər.

Bu haqda Qərb mənbələrindən nə qədər sitat gətirirdiksə faydası olmurdu. Təsadüfən M.F.Axundzadənin «Kəmalüddövlə məktubları»nda onun liberal sözünə nəinki o vaxt, hətta indiki zaman üçün məqbul və maraqlı ola biləcək açıqlamasına rast gəldim. Məqalələrimin birində həmin açıqlamanı təqdim etdim.

Sanki rəqiblərimizin üzərinə soyuq su ələndi, artıq deməyə söz tapa bilmədilər və susmaq məcburiyyətində qaldılar. Çünki liberal sözünün açıqlamasını artıq hansısa qərbli deyil, klassik azərbaycanlı vermişdi.

Bu, özünü Azərbaycanın tarixinin və ədəbiyyatının bilicisi sayan insanlar üçün sözün əsl mənasında bağışlanmaz səhv idi. Mən nə üçün o vaxt M. F. Axundzadəyə müraciət etdim?

O vaxt intuitiv olaraq dərk edirdim ki, Azərbaycan qərbçiliyinin ilk əsaslarını o istiqamətdə – Axundzadədə axtarmaq lazımdır. İndi həmin illərdən bir xeyli ötüb və bu il bu böyük insanın 200 illiyini qeyd edirlər. Necə, hansı şəkildə qeyd edirlər, bununla elə bir işim yoxdur, hamı bacardığını edir. Bu yazıda mən onu müxtəlif rakurslardan ötəri də olsa şərh edəcəm.

Bəlkə də bu, kiməsə qəribə görünəcək, kiməsə də hətta bir qədər soyuq təsir edəcək.

Olsun. Böyük insanların hərəsinin bir neçə «surəti» olur. Axundzadə də belədi və təbii ki, mənim də «öz Axundzadəm» var, çalışacam ki, sizlərə onu təqdim edim.

KÜRƏ ÜZƏRİNDƏ VƏ YA AVROPANI GÖRMƏYƏN İNSAN

Mən bir dəfə oxuyanda ki, J. Vern ömrü boyu heç yerə səyahət etməyib, bir dəfə belə olsun təsvir etdiyi ölkələrin həndəvərindən keçməyib həm məyus oldum, həm də dəhşətə gəldim. Amma sonradan bu cür misalların sayı artdı və mən belə hallara qarşı daha dözümlü oldum. Nə başınızı ağrıdım, İ. Kant ömrü boyu yaşadığı şəhərdən bircə dəfə kənara çıxıbmış, onda da çox uzaq bir yerə getməyibmiş, amma hətta bu, ona universitetdə coğrafiyadan dərs deməyə mane olmurmuş.

Bu misalları niyə çəkdim? Məndə Axundzadənin hər hansı bir Avropa ölkəsində olması haqda məlumat yoxdur. Onun oğulu, hər birimizin adını eşitdiyimiz R. Axundzadə Belçikada oxuyubmuş, lakin bu adam özü bircə dəfə belə olsun Avropanı görməyibmiş. Məni maraqlandıran elə bu detaldır. İnsanlar min illərlə yerin üzərində yaşaya–yaşaya onun bir kürə olduğunu bilmirdilər. Ta o vaxta qədər ki, bunu Magellan sübut etdi. Bəlkə o da bizim üçün milli Magellan idi – bəlkə də ondan əvvəl kimsə Avropada və yaxud ona yaxın yerlərdə olmuşdu, amma əsl Avropanın nə olduğunu hətta təsəvvürünə gətirə bilmirdi. Einshteindən soruşanda ki, niyə məhz o nisbilik nəzəriyyəsini kəşf etdi, o, çox qısa cavab veribmiş: insanlar kürə üzərində yaşayan böcəklərə bənzəyir, onlar heç vaxt üçüncü ölçü barədə düşünmür, mən isə düşündüm... İndi nə olsun ki, Axundov Avropanı görməyibmiş? Bu nəyisə dəyişirmi?

Əslində o Avropanı görənlərdən daha yaxşı görür və ən əsası isə dərk edirdi. Axundzadədə məni təəccübləndirən təkcə bu deyildi. Bir fikir deyəcəm və ola bilsin ki, o, mübahisəli görünəcək. Məncə köhnə Azərbaycanın ən çox oxumuş və görmüş intellektualı Ə. Hüseynzadə olub. Bu adam hansı böyük əsəri yazsaydı, mən bunu təbii qəbul edərdim, çünki onun çox böyük intellekti var idi. Amma Ə.Hüseynzadə özündən sonra çox az şey qoydu. Bu da həyatın qəribəliyidir. Axundzadə iki universitet bitirməmişdi, rəssamlıq, sənətşünaslıq dərsi, həkimlik və təbiətşünaslıq öyrənməmişdi, «Faust»u da orijinaldan oxumamışdı. Hətta o vaxtlar üçün kafi sayıla biləcək gimnaziya və ya seminariya təhsili də almamışdı. Lakin qərbçilik manifestini məhz ona yazmaq nəsib oldu.

BÖYÜK LAYİHƏ

Bunu da yazmalıyam. Bunu yazsam, Ə. Hüseynzadə ilə M. F. Axundzadənin niyə bu qədər fərqli aqibət bölüşdüyünü zənn edirəm ki, çatdırmış olaram. Mirzə Fətəli Axundzadə böyük layihənin bir hissəsi idi. Bu böyük layihə Rusiya kimi imperiya dövlətinin İrana və irançılığa qarşı təklif etdiyi alternativ idi. Axundzadə də bu layihənin və geokulturoloji konsepsiyanın tərkib hissəsi idi. Bunu da etiraf etməliyik. Bu çalar onun dramaturgiyasında da, fəlsəfi publisistikasında da özünü çox parlaq şəkildə göstərir. Hüseynzadə isə başqa layihə idi və o bu fərqli və yeni layihənin həm də yaradıcısı idi. Həmin layihəni bir Azərbaycan kontekstində nəzərdən keçirəndə və bir də vaxt kəsimini dəqiq seçməyəndə Ə. Hüseynzadənin böyüklüyü hiss olunmur. Səbəb budur və ilk baxışda bir qədər fərqli görünsələr də, böyük zaman kəsimində iki böyük şəxsiyyət çox gözəl tərzdə birləşir və bir–birini çox gözəl tamamlayır. Çünki millət və milli dövlət anlayışı da qərbçilikdən və Avropadan gəlirdi.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.