Neftin ucuzlaşmasının siyasi səbəbi varmı?

Neft ucuzlaşmaqda davam edir. Kimi bundan təlaş keçirir, kimi də prosesin yarada biləcəyi zəncirvarı qiymət düşməsini nəzərə alıb tövrünü pozmur. O qədər bu mövzuda yazırlar ki, insanlarda həm də bir etinasızlıq immuniteti yaranır, necə deyərlər, elliklə gələn qəza toy-bayram olur. Məsələnin səbəb və nəticə aspektlərinə gəldikdəsə gərək əvvəlcə səbəbləri araşdırasan ki, o səni düzgün nəticələr çıxarmağa yönəldə bilsin. İndi çox səbəb deyilir, lakin sırf iqtisadi amilləri götürəndə görürsən ki, bu məsələnin qanunauyğunluğu da yox deyildir.

Ən əvvəl onu qeyd etmək lazımdır ki, son illərdə neftin qiyməti heç də təbii və normal deyildi, qiymətlər çox qalxmışdı. Təbii ki, şişirdilmiş qiymətlərin bir gün enməsi də baş verməli idi.

Başqa bir amil onunla bağlıdır ki, son vaxtlar Avropa ölkələrində baş verən dərin iqtisadi böhran neftə olan tələbi azaldır. Bu ölkələr elə-belə, sadə ölkə deyillər, enerji istehlakına və sənaye tutumuna görə dünyanın aparıcı, lider ölkələridir.

Bunlar, necə deyərlər, əsas, bir növ, təbii səbəblərdir. Lakin ucuzlaşma tək sırf iqtisadi və təbii səbəblərdən baş verirmi? Bax, bu suala birmənalı halda «hə» demək olmur, çünki bununla bağlı şübhələr var.

İRANA ƏKS HƏMLƏ

Bu ilin yanvarın 22-də İrana qarşı qoyulmuş neft embarqosu iyulun 1-dən qüvvəyə minməlidir. O tarixə artıq bir neçə gün qalıb. Təhlilçilər qiymətlərin düşməsinin siyasi səbəblərindən danışanda daha çox İran faktorunu qeyd edirlər. Nəzəri cəhətdən İran neftinə qoyulan embarqo dünya bazarında bir növ neft qıtlığı yaratmalı və bunun nəticəsi kimi əsl neft «lixoradka»sı baş verməli, qiymətlər astronomik həddə çatmalı idi. Bunun baş verməməsi və neft idxal edən ölkələrin maraqlarının təmin edilməsi, həm də İran neftinin yarada biləcəyi əks reaksiyanın neytrallaşdırılması üçün neftin qiymətinin kəskin şəkildə azaldılması prosesi gedir. Konkret rəqəm söyləmək çətindir, çünki son hədd kimi hətta 20 dollar deyilir. Amma onu qeyd etmək gərəkdir ki, son hədlə bağlı hələ yekdil fikir yoxdur. Başqa bir detal da var. Heç kim üçün sirr deyil ki, İranın da əsas gəlirləri neftin və qazın hesabına formalaşır və indi bu gəlirləri kəskin şəkildə azaltmaq niyyəti güdülür, çünki bu yolla həm də İranın nüvə proqramının reallaşmasının qarşısını almağa cəhd edilir və hədəf də İran iqtisadiyyatını çökdürməkdir. Amma neft zərbəsi tək İranla məhdudlaşacaqmı?

RUSİYA İKİNCİ NEFT DALĞASI ƏRƏFƏSİNDƏ

Ya təsadüfdən, ya da qanunauyğunluqdan avtoritar ölkələrin hamısı əsasən xammal ixracı ilə məşğul olurlar. Böyük bir kəsim də neftin ixracı ilə məşğul olur. Rusiya da belə ölkələrdəndir. Rusiya böyük neft dalğasını düz iki dəfə yaşayıb. 70-ci illərdə neftin qiymətinin artması ölkənin rifah halını yüksəltsə də 80-ci illərdə başlayan ucuzlaşma dalğası SSRİ-nin çökməsi və böyük bir imperiyanın süqutu ilə nəticələndi. İndi də Rusiyanın büdcəsi neft və qazın hesabına formalaşır, iqtisadiyyat diversifikasiya olunmayıb, kəskin şəkildə neftdən asılıdır. Ona görə də Rusiya təlaş içindədir. Düzdür, bu illər ərzində toplanan dollar ehtiyatı bir qədər təsəlli verir, lakin bu heç də böyük ölkənin xilası demək deyil, iflas prosesi hər an yetişə bilər.

«ANALOQU OLMAYAN YÜKSƏLİŞİN» TƏHLÜKƏSİ

Azərbaycan da neft ixracatçısıdır. Analoqu olmayan iqtisadi yüksəlişlə və o boyda Avropa ölkələrini çulğalayan böhrana baxmayaraq Azərbaycanda gedən dinamik inkişafla bağlı bu vaxta qədər deyilənlər «sabun köpüyü»nə çevrilə bilər, özü də qısa müddətdə, çünki bu ölkənin də büdcəsinin düz 70 faizdən çoxu neftin satışından gələn gəlirlərin hesabına formalaşır. Əgər Azərbaycan büdcəsindən neftlə bağlı punktları çıxarsan Gürcüstanın və ya Ermənistanın büdcəsi alınar. Baxmayaraq ki, Azərbaycanın ərazisi, əhalisi hər iki ölkədən bir neçə dəfə böyükdür. Bunun üzərində xüsusi dayanmağa ehtiyac yoxdur, çünki «analoqsuz yüksəliş»lə bağlı fikirlər hakimiyyət və ya hakimiyyətə yaxın telekanallardan səslənir. Real iqtisadi göstəriciləri isə bu gün dünya birjalarından əldə etmək mümkündür. Rusiya kimi Azərbaycan da bu illər ərzində toplanan dollar ehtiyatına və bir də qazın nisbətən sabit qiymətinə arxayındır. Lakin bu arxayınçılıq nə qədər çəkə bilər? Hesablama aparmaq o qədər də çətin deyil. Amma yaxşı olardı ki, hesablamalar böhran qapını kəsdirəndə deyil, bir qədər əvvəl aparılaydı...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.