Neft ucuzlaşmaqda davam etsə...

Foto: Arxiv

İyunun 21-də dünya birjalarında neft psixoloji həddən aşağı endi – «Brent» markalı neftin 1 barelinin qiyməti $89.23, Nyu-York birjasında isə «Qərbi Texas» markalı neftin qiyməti $78.20 oldu. Bir sözlə, hələ ötən ilin sonlarında 2012-ci il üçün neftin qiymətlərinin kifayət qədər aşağı enəcəyi ilə bağlı dünyanın aparıcı beyin mərkəzlərinin və bank-təhlilçilərinin verdiyi proqnozlar özünü doğrultmağa başlayır.

NEFT NİYƏ UCUZLAŞIR

Əvvəla, burada bir qanunauyğunluq vardı. Belə ki, 2008-ci ilin dekabrın ortalarında neft özünün ən aşağı həddinə - $39-a qədər endikdən sonra daim üzü yuxarı irəliləməkdə olmuşdu. Özü də artım sürəti kifayət qədər tempdə olub: 2010-cu ilin dekabrında «Brent» markalı neftin 1 barelinin qiyməti $90-ı aşıb, 2011-ci ilin fevralın əvvəlində isə $100-ü. O zamandan bəri neft 2012-ci ilin 5 iyununa qədər $100-dən aşağı həddə düşməmişdi. Onu qeyd etmək gərəkdir ki, hələ tarixdə bu qədər yüksək həddə neftin qiymətinin qaldığı zaman olmamışdı. Neftin qiymətləri isə spiralvarı xətlə dəyişir, yəni artım müəyyən dövrdən sonra hökmən enişlə müşayiət olunur və əksinə. Düzdür, onun dövrlüyünü dəqiq demək çətindir, ancaq ehtimal etmək mümkündür. İndiki şəraitdə isə qiymətlərin aşağı düşməsinə dəlalət edən bir neçə amil vardı:

- birincisi, hələ 2008-ci ildə Qərb ölkələrinin üzləşdiyi maliyyə böhranı bitər-bitməz iqtisadçılar 2010-cu ildən sonra onun ikinci dalğasının - daha böyük fəsadlara müşayiət olunacaq iqtisadi böhranın olacağını proqnoz etmişdilər. Onların fikrincə, iqtisadi böhran inkişaf etmiş ölkələrdə - hansılar ki, dünyanın əsas enerji istehlakçılarıdırlar - neft və qaza olan tələbatı aşağı salacaq və bunun nəticəsində «qara qızıl»ın qiyməti ucuzlaşacaq. Həqiqətən də, hazırda Avropanın iqtisadi məkanında görünməmiş bir tənəzzülə meylik müşahidə edilir: istehlak bazarı daralır, şirkətlər istehsal həcmlərini azaldır, banklar kredit vermək şərtlərini ağırlaşdırırlar və sair;

- ikincisi, 2011-ci ildə «ərəb baharı» deyilən inqilablar nəticəsində Tunis, Misir, Liviya və Yəməndə hakimiyyət dəyişikliklərinin baş verməsi və Suriyada vətəndaş müharibəsinin alovlanması dünyanın neftlə ən zəngin bölgəsi sayılan Yaxın Şərqdə siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxartdı. Belə bölgələrdə siyasi stabilliyin nəzarətdən çıxa bilməsi amili neftin qiymətlərinə təsir edən başlıca elementlərdən biridir. Məhz buna görə də informativ pressinqin birjalarda neftin qiymətlərinin uzun müddət yüksək səviyyədə saxlanmasında xüsusi rolu oldu;

İranda hərbi təlimlər

- üçüncüsü, İran faktoru idi. OPEC ölkələri içərisində neft ixracının həcmlərinə görə ikinci yerdə olan bu ölkə özünün nüvə məsələlərindəki ambisiyalarına görə beynəlxalq təşkilatlarla qarşıdurmaya getməyə qərar verdi. Nəticədə 2011-ci ilin sonunda ABŞ tərəfindən, 2012-ci ilin yanvarın 23-dən isə AB-nin neft embarqosu ilə üzləşdi. Bundan sonra neftin dünya qiymətləri daha da artdı. Ancaq hamıya bəlli idi ki, İranla hərbi qarşıdurma olmasa, siyasi gərginliyə görə martın sonuna - aprelin əvvəlinə 1 bareli $125-ə qədər yüksələn neftin qiyməti qısa zamanda da öz real bazar dəyərinə qayıtmalıdır. Bunu isə bir çox neft şirkətləri $85-90 intervalında göstərirdilər.

Beləliklə, 1 iyuldan İrana qarşı neft embarqosu qüvvəyə minəcək və hamıya bəlli oldu ki, rəsmi Tehran Qərbə neft amili ilə nə meydan oxuya bildi (1973-cü ildəki kimi Qərbdə heç kəs yanacaqdoldurma məntəqələrinin qarşısında saatlarla növbə gözləmədi ki, avtomobilini doldursun), nə də özü bundan qazana bildi (eyni zamanda, İrana qarşı tətbiq edilən maliyyə sanksiyası ona gətirib çıxartdı ki, rəsmi Tehran barterlə, ucuz qiymətlə neft satmağa başladı və ənənəvi bazarlarında kifayət qədər yer itirdi. May ayına olan OPEC-in məlumata görə, onun gündəlik neft hasilatı ilin əvvəlindən 1 mln barel azalıb). Eyni zamanda, İranla hər hansı hərbi qarşıdurmanın ehtimalı da get-gedə azalır, çünki iqtisadi cəhətdən onun zəiflədilməsi Qərb üçün daha əlverişlidir. Belə olan halda «neft köpüyü» sadəcə partlamalıydı.

UCUZLAŞMA UZUNMÜDDƏTLİ OLA BİLƏRMİ?

Bu suala cavab verməzdən öncə bir şeyi dəqiqləşdirmək gərəkdir. Neftin ucuzlaşması hansı səviyyəyə qədər olacaq? Son zamanlar adətən nə qədər çox ucuzlaşma baş verirsə, «dibdən» yuxarıya qalxma da daha tez həyata keçir. Ancaq əvvəllər tam başqa olub. Məsələn, 1980-ci ildə «Brent» markalı neftin qiyməti $36.83-dən $27.56 səviyyəsinə cəmi 5 ilə düşmüşdü. Ancaq yenidən həmin səviyyəni əldə etmək üçün 23 il vaxt gərək oldu. Təbii ki, indi ona bənzər hadisələrin başvermə ehtimalı azdır, ancaq zaman etibarilə uzun müddət (10-15 il) hər hansı bir qiymətin öz dəyərini saxlaması (inflyasiya göstəriciləri də nəzərə alınmaqla) da mümkündür. Bu baxımdan, BP-nin öz hesabatlarında «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənmə müddətinin başa çatmasına qədər (2024-cü il 12 dekabr) neftin 1 barelinin orta qiymətinin $80 götürməsi daha inandırıcıdır.

2012-ci ilin II yarısında isə neftin qiymətlərinin $80-dən aşağı düşəcəyi proqnoz edilir. Avropada iqtisadi vəziyyətin daha da pisləşməsi (Yunanıstan, İspaniya və İtaliyanın maliyyə göstəriciləri getdikcə gərginləşməkdədir), ABŞ-da avtomobillərin və daşınmaz əmlakın satışının aşağı düşməsi, ixracat üzərində qurulmuş Çin iqtisadiyyatında yaranan problemlər nəticəsində neft istehlakı azalır. Bu da «qara qızıl»ın qiymətinin «od tutub yayan» həddən real bazar qiymətləri həddinə düşəcəyindən xəbər verir.

Bashar Assad'ın tərəfdarları

Maraqlıdır ki, bir qədər əvvəl ABŞ prezidenti Barack Obama çıxışlarının birində bəyan etmişdi ki, dünyada neftin qiymətlərinin yüksək olması iqtisadi inkişafın qarşısındakı əsas baryerdir. Respublika Partiyasından olan opponentləri Obama'nın bu bəyanatını şərh edərək bildirmişdilər ki, seçicilərin rəğbətini əldə etmək üçün ən yaxşı yol neftin qiymətini bacardıqca aşağı həddə salmaqdır, özü də bu noyabrın əvvəlinə olsa, effekti daha yaxşı olar.

Ancaq bir məsələ var ki, o, həqiqətən neftin dünya qiymətlərinin sabit və uzunmüddətli aşağı səviyyədə saxlanmasına yardım edə bilər. O da Suriyada yeni hakimiyyətin, Qərblə əməkdaşlıqda maraqlı olan bir hakimiyyətin ortaya çıxmasıdır. Rusiyanın faktiki olaraq Bashar Assad rejiminin arxasından geri çəkilməsi (Moskvada Suriya inqilabi hərəkatının nümayəndələri fəaliyyətə başlayıblar) ona dəlalət edir ki, gec-tez Suriyada da yeni bir hakimiyyət formalaşacaq. Bəs Suriyanın dünya neftində nə rolu ola bilər? Bu ölkədə 2011-ci ildə cəmi 16.5 mln. ton neft hasil edilib. İş ondadır ki, bu ölkə ilə qonşu İraqın çox böyük neft ehtiyatları var. «BP Statistical World Energy»nin hesabatına əsasən, İraqda 19.3 mlrd. ton neft ehtiyatı cəmləşib. Müqayisə üçün deyək ki, 2011-ci ildə hasilata görə dünyanın 1№-li neft hasilatçısı olan Rusiyanın ehtiyatı cəmi 12.1 mlrd. ton olub. Hazırda İraqda neft hasilatı gündə 3 mln. bareli ötüb. Ancaq 5 il sonra hasilat 2 dəfə artırıla bilər, 2025-ci il üçün isə İraq gündəlik 12 mln. barel hasilatla dünyanın liderinə çevrilmək şansı var. Bu neftin yarısını Suriya üzərindən Aralıq dənizinə (müxtəlif planlara görə, Suriya sahillərində 3 nəhəng terminalın tikintisi nəzərdə tutulur) çıxarılarsa, onda Qərbin Fars körfəzindən asılılığı kifayət qədər azalar. İraq neftinin həm ucuz başa gəlməsi, həm də Avropaya ucuz yolla çatdırılması isə dünya bazarında «qara qızıl»ın qiymətlərinin artmamasına səbəb olar.

Bir faktoru da nəzərə almaq gərəkdir ki, təbii qazın xüsusi çəkisinin get-gedə dünya bazarlarında artması müşahidə ediləcəkdir. Hazırda qazın qiyməti neftlə müqayisədə 2 dəfədən də aşağıdır və onun qiymətinin müəyyən edilməsi neft amilinə bağlıdır. 2017-1018-ci illərdən ABŞ və Kanada Avropaya sıxılmış qaz ixracatını planlaşdırır. Təbii ki, bu qiymətlərə də təsirsiz ötüşməyəcək. Bundan əlavə 2020-ci ilədək Avropada 10 yeni LNG-terminal inşa ediləcək ki, bu da dünyanın müxtəlif bölgələrindən iri həcmdə sıxılmış qaz idxalının artırılmasına imkan verəcək. Avropanın iri avtomobil istehsalçıları elektromobillərlə yanaşı, qazla işləyən avtomobillərin sayını da artırmaq niyyətindədirlər. Nəzərə alsaq ki, cəmi 8 il sonra Avropa Birliyi ölkələrində alternativ enerji mənbələrindən istifadənin xüsusi çəkisi orta hesabla 20%-ə qədər artırılmalıdır (Danimarkada hazırda 22%-dir bu göstərici) və enerjidən effektiv istifadə etmə məsələsi enerji təhlükəsizliyinin başlıca elementinə çevrilməlidir, onda neftə olan tələbat heç də əvvəllər düşünüldüyü qədər yüksək olmayacaq. Bu isə öz sözünü qiymətlərdə göstərəcək.

AZƏRBAYCANIN REALLIĞI

Xəzər dənizi

Mayın 29-da Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsinə dəyişikliklər edildi. Büdcənin gəlirləri və xərcləri 600 mln. manat artırıldı. Daha doğrusu, büdcənin formalaşdırılması əvvəlcə neftin illik ixrac qiyməti $80-dən planlaşdırılmışdısa, indi həmin göstərici $100-dən hesablanıb. Maraqlıdır ki, Azərbaycan parlamentinin bu qərarından cəmi 6 gün sonra neft bir daha $100 olmadı. Necə deyərlər, hökumətimizin strateji araşdırma və proqnozlaşdırma üzrə mütəxəssisləri bircə həftə tələsməsəydilər...

Sözün düzü, hazırkı şəraitdə çətindir bir mülahizə yürütmək. Cari il Azərbaycan büdcəsi üçün hansısa fəsadlar olacaqmı? Axı büdcəyə dəyişikliklər edildikdən sonra onun xərc hissəsi 17.672 mlrd. manat ($22.5 mlrd.) təşkil dib. Və bu xərclərin 9.9 mlrd. manatını Neft Fondundan büdcəyə edilən transfertlər təşkil edəcək. Ümumiyyətlə isə, cari ilin dövlət büdcəsinin gəlirlər hissəsinin (17.038 mlrd. manat) formalaşdırılmasında neft gəlirlərinin payı 73.5% proqnoz edilir. Ona görə də, büdcənin neftdən (onun dünya qiymətlərindən) asılılığı çox yüksəkdir.

Bəs narahatçılığa əsas varmı? Hökumətin davranışından görünür ki, hər şey əvvəlki qaydasında gedir... Əslində ən pessimist hesablamalara görə, ilin I yarısında Azərbaycan neftinin orta illik ixrac qiyməti $115 ətrafında olacaq. Demək, hökumətin büdcə proqnozlarının həyata keçməsi üçün ilin II yarısında orta qiymətin $85 olması kifayətdir. Yaxşı, tutaq ki, $75 olsa, nəsə Azərbaycanda fövqəladə bir hadisə ilə üzləşəcək? Onsuz da neçə illərin təcrübəsinə əsasən deyə bilərik ki, büdcəmiz həmişə profisitlə olub və xərcləmələrinin əsas hissəsi IV rübdə baş tutur. Yəni, hökumət baxır: nə xərclənməyibsə... Elə isə bir balaca xərcləmələrə nəzarəti artırmaqla neftin ixrac qiymətini daha aşağı qiymətlərlə də büdcə qarşısında duran vəzifələrin öhdəsindən lazımınca gəlmək olar.

Bir də Azərbaycan hökumətinin təhlükəsizlik yastığı var axı... Yəni Neft Fondu. Büdcədə vəsait çatmadığı vaxt istənilən zaman dövlət başçısının sərəncamı ilə Fonddan büdcəyə əlavə vəsait köçürülə bilər. Bunun qarşısını alan nə qanun var, nə də transfertləri əngəlləyəcək bir limit.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.