«Vətən Bağı» və ya «Yahşi Cazibe» nədən «Pis Cazibe» oldu?

Ağabəyim ağa (Ağabacı)

Azərbaycanlı qadınlar yad ölkədə yaşamağı sevmirlər.

Nə deyirsiniz-deyin, torpağa bağlılıq bizim qanımızdadır.

İbrahim xanın sevimli qızı Ağabəyim Ağanı xatırlayın.

İki əsr öncə İran şahı Fətəli şaha ərə verilən bu xanım şah sarayında keçən illərini nisgilli bayatılar deyərək başa vurub:

Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!


Fətəli şah ömür yoldaşının nisgilini azaltmaq üçün Tehranda bir bağ saldırır.

Xankəndində, Şuşada bitən bütün ağac, gül-çiçəyi burada əkdirir.

Hətta bağbanı da Şuşadan gətizdirir.

Bağı «Vətən Bağı» çağırırlar.

Amma Ağabəyim Ağa «Vətən Bağı»na seyrə çıxarkən ağlayır.

Saray əhli heyrətlənir. Axı, «Vətən Bağı» sanki Qarabağın bir parçasıdır...

«Vətən bağı» al-əlvandır,
Yox üstündə Xarıbülbül!
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!


Bax, çoxlarınızın bildiyi bu məşhur misra Ağabəyim Ağanın heyrətlənənlərə cavabıdır.

Bütün Qarabağın gül-çiçəklərini Tehrana gətizdirən Fətəli şah bir şeyi unutmuşdu:

Xarıbülbül ancaq Şuşada bitir!

Onu da deyim, bilin ki, Vətən nisgili ilə yaşayan Ağabəyim Ağa şah sarayında cəmi 52 yaşında dünyadan köçüb:

Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmirəm, ömrüm necə gəldi, necə getdi...

Bu məşhur misra da Ağabəyim Ağanındır.

1800-cü illərdə baş vermiş bu hadisəni nədən xatırladım?

Hə, bizim xanımların Vətənə bağlılığını sübut etmək üçün!

Elə isə üstündən iki əsr ötəndən sonra Cazibələr nədən yad ellərdə dolaşır?

Nədən serial mövzusuna çevrilir?

Bəlkə macəra axtarırlar?

Bəlkə yad məmləkətdə daha çox para qazanmaq istəyirlər?

Səbəb nədir?

Sizdən soruşuram...

Öz evində Filippindən gəlmiş qulluqçu işlədən «kişi»lərin məmləkətində Cazibənin yad «erkeklerin» evində qulluqçu işləməsinə səbəb nədir?

İbrahim xan öz sevimli qızını İranla münasibətləri düzəltmək üçün Tehrana göndərmişdi.

Bəs Cazibə nədən Türkiyəni seçib?

Bir neçə gündür ölkə mediasının gündəmini zəbt etmiş bu mövzuya, inanın, əvvəlcə laqeyd qaldım.

Serialın necə bitməsini biz ssenaristə diktə edəcək deyildik ki?

Ortada adamı təsirləndirəcək sənət əsəri də yoxdur.

Çox zaman mənasız, şit, bayağı zarafat yığını olan bu film son vaxtlar lap xərifləmişdi.

Təsadüfən baxdığım son seriyaların birində Kamal Simgədən canını qurtarmaq üçün
özünün gecələr yatarkən çıxardığı səslərdən danışırdı...Pardon!

Bəs belə bir serialın sonluğu niyə belə ajiotaj doğurub?

Hətta Prezident Aparatı səviyyəsində bu seriala münasibət bildirmək nədən qaynaqlanır?

"Yahşi Cazibe" türk serialının qəhrəmanları

Bəlkə Cazibədən əl çəkək, hə?

Qoy o İstanbulda parasını qazansın, hə?

Öz Vətənimizdə, öz şəhərimizdə yaşayan Cazibələrə diqqət edək, hə?

Onları mitinqlərdə saçından tutub sürüməyək.

Polis məntəqəsinə aparılmaq adı ilə lüt-üryan etməyək.

«Qış bulvarı» salacağıq - deyib, polis məntəqələrində gecələtməyək.

«Eurovision» keçirəcəyik - deyə evindən didərgin salmayaq.

Başını balta ilə kəsib, ayağının altına qoymayaq.

Maşında diri-diri yandırmayaq.

Qadınlarımıza, Cazibələrimizə bir az dəyər verək, hə?

Bax, onda İstanbulda Kamala qulluqçuluq etməyə heç bir Cazibə razılaşmayacaq, əmin olun.

Bax, onda nişanlı qızı ilə İstanbulda yeniyetmə qonşu qız tərəfindən bıçaqlanan Cazibə də olmayacaq, bunu bilin.

Onda ərindən qorxub İstanbul şəhər poliklinikasında gecələyən, ancaq qaynının gülləsindən elə gizləndiyi yerdəcə ölən Cazibə də olmayacaq, arxayın olun...

Onda bütün seriallar yaxşı sonluqla bitəcək.

Yetər ki, siz bizlərə əsl «Vətən Bağı» salın.

Amandır, içində müstəqilliyin 20 ilində gördüyümüz eybəcərliklər olmasın...

Yaltaqlıqlar, yarınmalar, rüşvətlər, talamalar, ah-nalələr olmasın...

Qurd-quzu ilə otlasın...

İnsana dəyər verən cəmiyyətdə yaşayaq.

Hüquqi dövlətdə ömür sürək.

Düz söz deyəni başından basıb əzən, cibinə uyuşdurucu atan məmləkətdə yox!

YOX!!!

Amma... dayanın, daha bir şərtim var!

Orada Xarı bülbül də olsun!

Bunu unutmayın!

Xarıbülbülsüz - Şuşasız «Vətən Bağı» Cazibənin nəyinə gərək?!