Siyasi islamın gücü nədədir?

Misir - Qahirədə Təhrir meydanı yaxınlığında bu divarda «Sabahın prezidenti» ifadəsi yazılıb

SEÇKİ VƏ HƏRBİ ÇEVRİLİŞ

Misir seçimini etdi. Rəqiblər nəticələrin hələ ilkin xarakter daşıdığını, rəsmi dairələr isə yekun məlumatın bir-iki günə (iyunun 21-də) elan ediləcəyini desələr də, artıq «Müsəlman qardaşları» seçkini udduqlarını bəyan ediblər. Düzdür, hər şey seçkinin nəticələri rəsmi elan olunandan və hamının həmin nəticələri öz maraqlarına rəğmən tanımasından sonra bəlli olacaq. Məhz bu baş verəndən sonra bilinəcək ki, ölkənin siyasi qüvvələri udmağı-uduzmağı bacarırlar, ya yox?! Elə seçkilər bitəndən dərhal sonra hərbçilər prezidentin səlahiyyətlərini məhdudlaşdıran dekret qəbul ediblər və yeni parlamentin fəaliyyətə başlayacağı vaxta qədər hərbi qüvvələrin qanunverici orqanın da funksiyalarını yerinə yetirəcəyini bəyan ediblər. Yeni parlament isə ali qanun, konstitusiya qəbul ediləndən sonra seçiləcək və hal-hazırda aşağı palatanın funksiyasını yerinə yetirən qurumu əvəz edəcək. Burada islam təmayüllü və məzmunlu qüvvələr dominantlıq edirdi. Qeyd edək ki, seçkinin nəticələrinin üçdən bir hissəsinin saxtalaşdırıldığı təsdiq edildikdən sonra aşağı palatanı buraxıblar. Artıq yerli və əcnəbi müşahidəçilər Misirdə ərəb baharının hərbi çevriliş ilə əvəz edilməsindən danışırlar. Qəbul olunmuş yeni dekretə görə prezident ordunun büdcəsinə nəzarət edə və hərbi vəzifələrə adamları təyin edə bilməz. Totalitar ölkələr istisna olunmaq şərtilə hərbçilərin qanunverici orqanın funksiyasının mənimsəməsi hallarına təsadüf etməmişəm. Misir hər vaxt ekzotik ölkə olub, amma onun timsalında siyasi ekzotikanı görmək elə də ürəkaçan hal deyil. Bir daha qeyd edirik ki, ölkə faktiki olaraq çevriliş və hakimiyyətin uzurpasiyası dövrünü yaşayır. Bu, mənə müəyyən qədər yaxın dövrlərdə digər islam ölkələrində baş verən bəzi hadisələri xatırladır və fərq ondadır ki, islamçı qüvvələrin rolunu həmin ölkələrdə solçular oynayırdı. Bu səbəbə görə də Misirdə vəziyyətin durulması hələ xeyli vaxt tələb edəcək və məlum deyil ki, bütün bu ziddiyyətlər hansı formada öz həllini tapacaq. İndi bir məsələ aydındır ki, ölkədə iki hakimiyyətliliyin bünövrəsi qoyulub və onu həm mülki, həm də hərbi hakimiyyət idarə edir. Mülki hakimiyyət hər bir an küçələrə minlərlə silahsız insanı, hərbi hakimiyyət isə ordunu çıxarmaq və onları qarşı-qarşıya qoymaq iqtidarındadır. Kim üstün olacaq? Təəssüf ki, bu sualın cavabını ərəb dünyasının bilicisi hesab edilən insanlar belə bilmir.

-

SİYASİ İSLAMIN DAHA BİR TƏZAHÜRÜ


Digər detal isə budur ki, seçkini dini qüvvələr udublar. Mən də hamı kimi bu fenomenin o qədər də bilicisi deyiləm və onun səbəblərini göstərməkdə bir qədər acizəm. Lakin burada iki nüansı qeyd etmək istərdim. Birincisi, Şərq ölkələrinin hamısında dünyəvi və dinc siyasi qüvvələrin fəaliyyət imkanları vaxtilə məhdud olduğundan orada dinçi siyasi qüvvələr ekstremal mübarizə şəraitinə daha tez alışırlar, radikal mübarizəni daha tez əvəz edirlər. İkincisi, «Müsəlman qardaşları» 1928-ci ildə yaranıb. O vaxtdan 84 il ötüb. 84 ildən sonra bu siyasi qüvvə qalib gəlib. Burada böyük mübarizə əzmini, cəsarəti görməmək mümkün deyil. Dünya təcrübəsində bu cür, düz 84 il mübarizə aparan siyasi qüvvələr o qədər də çox deyil. Bir əsr. Söhbət, bəli, təxminən bir əsrdən gedir. Bir əsr ərzində onlar konspiroloji mübarizə üsullarını yaxşı mənimsəyib və ekstremal şəraitə alışıblar. İndi qalib siyasi qüvvə, dinçilər də dünyəvi dövlət tərəfdarı olduqlarını, lakin ölkəni şəriət qaydaları ilə idarə edəcəklərini bildirirlər. Doğrusu, dünyəviliklə şəriətin uzlaşması bir o qədər də real görünmür və mən praktikada buna necə nail olunacağını bir o qədər də yaxşı təsəvvür etmirəm. Misirin dini təmayüllü qüvvələri xarici şəraiti bir qədər nəzərə almağa cəhd edirlər. H.Mübarəkin devrilməsi zamanı onlar və onlara yaxın siyasi qruplar arxa planda idilər. Etirazlar zamanı bircə dəfə də dini şüarlar səslənmədi, islam fundamentalizmitək yozula biləcək hadisələr baş vermədi. Bu həmin qüvvələrin dünyadakı siyasi tendensiyalardan yaxşı xəbərdar olduqlarının göstəricisidir. Təbii ki, bu qüvvələr haqda mülahizələr yürütmək üçün onların proqram və məramnamələri ilə daha yaxından tanış olmaq lazımdır, çünki tək islamçı qüvvə adlanmaq artıq əvvəlki vaxtlarda və məqamlarda olduğu kimi heç kimi diksindirmir, çünki Türkiyədə AKP modeli var və getdikcə daha çox insan bu modelə loyal yanaşır. Elə Qərbin özündə də mühafizəkarların proqramlarında xristian dəyərlərinə çox tez-tez təsadüf olunur. Təbii, Şərqin islamçılarını Qərbin mühafizəkarları ilə müqayisə edib təskinlik verici nəticə çıxarmaq hələ tezdir, çünki əksər hallarda söhbət hələ müqayisə oluna bilməyən hallardan gedir.

NİYƏ BÜTÜN YOLLAR ŞƏRİƏTƏ APARIR?

Mən bu sualı özümə təkrar-təkrar verirəm. Mənə elə gəlir ki, burada həm də bir psixoloji məqam var. İnsan zahirən çox cəzbedici görünən bir şeyi öz sınağından keçirməyənə qədər sakit dura bilmir. Bəli, məsəl var ki, qadağan olunan şey həmişə şirin olur. Müsəlmanlara da elə gəlir ki, onları şəriətçilik yolundan çəkindirməklə çox böyük xəzinədən məhrum edirlər. Mən əminəm ki, İranda indi demokratik referendum keçirilsəydi əhalinin əksəriyyəti şəriət üsul – idarəsindən imtina edərdi, çünki onlar artıq bunun nə olduğunu bilir.

Görünür, hamısı olmasa da, digər müsəlman ölkələrinin bir qismi bu yolun ən azı bir hissəsini keçməlidir, başqa çıxış yolu yoxdur. Əks təqdirdə həmin ölkələrin vətəndaşları düşünəcək ki, onları şəriət yolundan çəkindirənlər bu ölkələrin tərəqqisini istəməyən, onları sevməyən insanlardır. Və sonda daha bir detalı qeyd etmək istəyirəm. Hələ bir neçə il bundan əvvəl yazmışdım ki, müsəlmanlar bir suala cavab tapmalıdırlar. Onlar nə istəyirlər: demokratiya içində islam, yoxsa islam içində demokratiya? İndi dünyaya baxanda görür və dərk edirsən ki, müsəlmanlar ən yaxşı halda ikinci varianta-islam içində demokratiyaya meyl edirlər...