Böyük siyasətdə daha bir tandem?

Tayyip Erdogan və Abdullah Gul

Türkiyə Konstitusiya Məhkəməsinin prezident A. Gülün səlahiyyət müddətini 7 il müəyyən etməsi, onun ikinci dəfə prezident seçilmək hüququnu təsdiq etməsi bu ölkənin yaxın dövrdəki - 2014-ci ilə qədərki siyasətini hətta türk siyasətilə o qədər də yaxından maraqlanmayan insanlar üçün də maraqlı və düşündürücü edib. Bu, ilk baxışda uzunmüddətli siyasi tandemlərin birində çat verməsi təsəvvürünü yaratdı, çünki hakim AKP-nin təklifinə görə Gülə 7 il səlahiyyət verilsə də, onun təkrar prezident seçilmək hüququ tanınmır və Gülü bu imkandan məhrum etmək nəzərdə tutulurdu. Lakin tandemin çat verdiyi haqda tələsik nəticələr çıxarmaq da düzgün deyil. İndi hamı müxtəlif kombinasiyaları nəzərdən keçirir. Kimi A.Gülü 2014-cü ildə yenə prezident, kimisə də Baş nazir kimi görür. Lakin bu kombinasiyalardan bəlkə daha çox Türkiyənin yeni siyasi sistem seçimi – yarı prezident və yaxud da prezident idarəçiliyinə keçməsinin nə qədər düzgün olmağı maraqlıdır. Belə nəticə və rəy çıxarmaq olar ki, Türkiyə güclü icra hakimiyyəti olmadan keçinə bilmədi çünki ölkə əvvəl parlament respublikası olsa da hərb institutu faktiki olaraq geniş səlahiyyətlərə malik idi. R.T.Ərdoğan hərbçilərin siyasi imtiyazlarını məhdudlaşdırmaq xətti götürdü, amma bununla bahəm ölkənin prezidentini beş il müddətinə və özü də ümummilli seçkilərdə seçmək qərarlaşdırıldı. Bu seçimin özü bir qədər mübahisəlidir.

NƏ DAHA YAXŞIDIR: PARLAMENT RESPUBLİKASI, YOXSA PREZİDENT?

Bu suala birmənalı cavab vermək çətindir. Amma ümumi mülahizələri saf – çürük etmək və bəzi nəticələr hasil etmək olar. Politoloji tədqiqatlar belə bir nəticəyə gətirir ki, parlament respublikaları zahirən dayanıqsız görünsə də əslində onlar daha effektlidir, çünki ciddi siyasi ehtirasları hökumət üzərinə yönəldir və dövlətin əsas institutlarını hifz edir. Üstəlik, parlament sistemini cəlbedici edən amil budur ki, bu sistem ölkənin partiya quruluşuna güclü və dinamik təkan verir, partiyalar sürətlə inkişaf edir. Demokratiya təcrübəsi və vərdişləri az olan ölkədə prezident idarəçiliyi bir çox hallarda avtoritarizmə, icra hakimiyyətinin nüfuz və səlahiyyətinin yersiz yerə artmasına gətirib çıxarır. Təbii, siyasi seçim ölkənin haqqıdır. Lakin diqqət çəkən detallardan biri budur ki, R.T.Ərdoğan özünün nüfuzundan türk seçicilərinə təsir etmək və öz siyasi planlarına təkan vermək üçün geniş istifadə edir. Burada yada qədim yunan polisinin – şəhərinin bir qaydası düşür. Qədimdə yunanlar çox nüfuzu olan şəxsiyyətləri Afinadan sürgün edirdilər, çünki həmin adamların öz nüfuzlarından sui-istifadə etməsindən ehtiyat edirdilər. Bəli, indi qədim Afina dövrü deyil, üstəlik Türkiyədə AKP fenomeni hələ bir çoxları üçün əsl siyasi tapmacadır, insanlar bu partiyanın siyasi triumfunun əsl səbəblərilə bağlı hələ yekdil rəyə gələ bilməyiblər.

ƏRDOĞAN, YOXSA GÜL?

Hər halda, Türkiyə də və xüsusi olaraq da AKP yaxın vaxtlarda bu suala öz cavabını verməlidir. Gül AKP-nin və təbii ki, Ərdoğanın sayəsində böyük siyasətə mandat alıb, bunu inkar etmək olmaz. Amma bir çox hallarda orta statistik seçicini səbəblər deyil, nəticələr maraqlandırır. Bu aspektdən belə bir nəticə çıxır ki, kimin sayəsində olmasından asılı olmayaraq indi Gül özü böyük siyasətdədir və bəzən özü ilə hesablaşmağa vadar edir. Ona görə də bir neçə variantı nəzərdən keçirmək olar.

Gül Ərdoğana dəstək verir, özü isə baş nazir olur.

Gül postunda qalır, Ərdoğan da baş nazir kimi fəaliyyətini davam etdirir.

Gül, ümumiyyətlə, böyük siyasətdən gedir.

Bu variantlardan ən az ehtimalı olan yəqin ki, sonuncu variantdır, çünki Gül siyasətdən getməsilə bağlı hələ hər hansı bir işarə verməyib. Həm də çətin ki, AKP ondan tamamilə imtina etmiş olsun. Daha çox ehtimallı, birinci halı hesab etmək olar. Bununla bağlı belə detal da qeyd olunur ki, Türkiyə siyasi seçim edəndən, yarı prezident və yaxud da ki, prezident idarəçiliyinə keçən zaman baş nazir postunun siyasi çəkisi azalacaq. Lakin güman etmirik ki, o amil Gülün siyasətdən getməsinə səbəb olsun. Prezident olduğu vaxtlarda da Gül böyük səlahiyyətlərə malik deyildi, əsas hakimiyyət Ərdoğanda idi.
Həm də ortalıqda bir Rusiya nümunəsi var. V.Putinlə V.Medvedev çox asan dil tapa bildilər. Ərdoğanla Gül niyə tapmasın ki?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.