150 ilin tərəddüdləri

Rəşid Şərifin karikaturası (Kapitalizm-Demokratiya)

Məşhur bir deyimi azca dəyişsək, demək olar ki, Azərbaycan bütün səhv və faydasız yolları sınaqdan keçirəndən sonra ən düzgün yolu tapır, amma onu qəbul edə bilmir. Bu yaxınlarda dövlət rəsmilərinin Avropa Birliyi və NATO haqda dediklərini dinləyəndə ilk ağlıma gələn bu oldu. Bəli, onlar – dövlətin siyasətini həyata keçirən insanlar əsl ittifaq üçün ünvanın harada olduğunu bilirlər, amma özlərinin dediyi kimi «vətəndaşların maraqları onlara tələsik qərarlar çıxarmağa imkan vermir». Mən demək istəmirəm ki, elə Avropanın öz ölkələrinin birliyə və ittifaqa yolu asan və sürətli olub. Yox, Avropa bunu on illər ərzində addım-addım edib. İndi də heç kimin Azərbaycanı bir günün içində AB üzvü etmək, NATO-ya qoşmaq fikri yoxdur. Sadəcə, buna doğru aparan proseduralardan keçmək və bunun üçün də dəyişmək lazımdır. Onlar isə məhz bunu-dəyişməyi arzu etmirlər. Amma bəhanələr tamam başqadır.

Gah AB-dəki böhranı əsas gətirirlər, gah vətəndaşlara apelyasiya edirlər, gah da başqa dövlətlərin təzyiqini bəhanə gətirirlər. Bəli, nə qədər ki, NATO və AB ilə əlaqələr siyasi məzmun kəsb etmirdi, daha çox sırf iqtisadiyyat və təhlükəsizlik üzərində cəmləşirdi hər şey rəvan gedirdi. Lakin elə ki, məsələ demokratiya və insan haqları, siyasi islahatlar və demokratik siyasətlə bağlı nəzərdən keçirilməyə başlandı o vaxt, necə deyərlər, hər şey korlandı. Lakin maraqlısı budur ki, Avropa ölkələri SSRİ-nin süqutu nəticəsində yaranmış dövlətlərlə əlaqələrini həmişə müəyyən prinsiplərlə şərtləndirib, yəni bu heç də yeni siyasət deyil. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində beş prinsipi birləşdirən məşhur «Brüssel minimumu» vardı. O minimum yeni dövlətlərlə əlaqələrin prinsipini müəyyən edirdi. İndiki proqramlar da buna uyğun gedir və AB də, NATO da onunla tərəfdaşlıq edən ölkələr üçün konkret mərhələlər müəyyən edib və bu mərhələlərin hər birinin öz proqramı var. Əgər mərhələ süni şəkildə uzadılmasa, Bakının halında olduğu kimi, hər dəfə müxtəlif, bir çox hallarda isə qeyri-ciddi «arqument»lərlə yubadılmasa yeni dövlətlərin Avropa qurumalarına inteqrasiyası da sürətlənə bilər. Lakin bəla da ondadır ki, yerli hökumətlərin bəzisi, o cümlədən də rəsmi Bakı bu sürətlənmədə elə də maraqlı deyillər. Bəs onda proses necə davam edəcək?

ÇOXTƏRƏFLİ ƏLAQƏLƏRİN YARATDIĞI ÜSTÜNLÜK

Bakı axtarışdadır. Neft və qaz rəsmi Bakını iqtisadi qayğılardan müvəqqəti azad edib, hətta ona müəyyən sərbəstlik immuniteti verib. Lakin onlar bunu təhlükəsizlik məsələlərində də əldə etmək istəyirlər. Rusiya ilə İranın əhatə dairəsində olmaq istənilən hakimiyyətə gec-tez bu fikri aşılayardı. Bu yaxın günlərdə Bakıda rəsmi səfərdə olan H. Clintonla da təhlükəsizlik məsələsi və xüsusən də İranın Azərbaycan üçün yaratdığı narahatlıqdan bəhs edilib. Bir çox mənbələrin yazdığına görə, H.Clinton isə öz növbəsində İranla ehtiyatla davranmağı məsləhət görüb. Hiss olunur ki, Vaşinqton ya Azərbaycan - İran münasibətlərini hələ kritik hədd kimi qəbul etmir, ya da bu mərhələdə onun üçün nəsə etməyə qadir olmadığına işarə edir. Bakı siyasi prinsiplərlə bağlı və əlaqəli olan çoxtərəfli əməkdaşlıqdan ikitərəfli əlaqələri üstün tutdu. Onu buna konyuktur siyasi maraqlar vadar etdi. İndisə məlum olan budur ki, ona və onun kimi dövlətlərə hələki çoxtərəfli əməkdaşlığın qapıları göstərilir. Bu o deməkdir ki, ikitərəfli əməkdaşlıq üçün dövlətlər bir-biri üçün müstəsna dərəcədə vacib olmalıdırlar. Azərbaycansa nə coğrafi, nə geosiyasi, nə dini, nə də ki, mədəni cəhətlərinə görə belə vacib ölkələr sırasına daxil deyil. Bir məsələni də qeyd etmək yerinə düşər: getdikcə beynəlxalq münasibətlər və əlaqələr sistemi təkmilləşir və bu sistemin özünün formalaşmasında iştirak etmək artıq özü bir üstünlükdür.

KİÇİK SÖZARDI

Azərbaycan da mərhələlərlə bir neçə dəfə Avropaya olan münasibətini izhar etməyə cəhd edib. Bunun hətta ədəbiyyatda izi qalıb. «Dərviş Məstəli şah»ı (M.F.Axundov), «Studentlər»i (Y.V.Çəmənzəminli), «Əli və Nino»nu (Q.Səid) xatırlamağa ehtiyac varmı? Bu ədəbi polemikalarda bir çox hallarda məsələ heç də avropaçılığın xeyrinə olmayıb. Lakin ötən 150 ildə alternativ ideya da ərsəyə gəlməyib. Bu illər ərzində Avropa tikilib, qurulub, inkişaf edib. Şərq isə elə hey suallarla əlləşib:onlara qoşulaq, ya qoşulmayaq? İndi hamı ümid edir ki, bu dəfə suallara və tərəddüdlərə daha az vaxt sərf olunacaq...