Ziyalılar kimdir və onlar nəyə can atır?

Rəşid Şərifin karikaturası

Hər bir cəmiyyətin əbədi sualları olur. Nə etməli? Kimdir müqəssir? Hara və necə gedirik? Yolumuz kiminlədir?

Hər cəmiyyətdə müəyyən qruplar olur ki onlar bu suallara cavab axtarırlar və bu insanlara ziyalılar deyilir. Adama elə gəlir ki, ziyalı sualı öz kəskinliyi ilə yalnız rus – slavyan mədəniyyətində, bir də ona yaxın ölkələrdə qoyulur.

Lakin azca dərinə varanda görürsən ki, bu məsələnin izləri Avropa mədəniyyətinə gedib çıxır. İndi bu predmetin tarixi o qədər də önəm kəsb etmir.

Bir məsələni qeyd etmək vacibdir ki, ziyalıların bir qrup tək digər sosial təbəqələr içində əridiyini iddia edənlər və yaxud ki, onları intellektuallarla eyniləşdirənlər belə son nəticədə onların varlığını və mövcudluğunu etiraf etmək məcburiyyətində qalırlar, çünki digər təbəqələr və hətta intellektualların heç də hamısı cəmiyyətin sözçüsü və vicdanı kimi sosial statusa can atmır. Ən başlıcası isə cəmiyyətin özü bu statusu heç də hamıya vermir.

Oxucu bəlkə də məndən konkret haşiyələr gözləyir. Mən də imkan daxilində belə haşiyələr edəcəm. Amma indi ümumi girişi elə burada bitirərdim. Beləliklə, ziyalılar kimidir və onların sosial rolu nədən ibarətdir?

SOSİAL – TARİXİ MİSSİYA

Ziyalı fenomenini bunsuz təsəvvür etmək mümkün deyil. Həmişə böyük və kiçik qruplardan bir neçə addım qabaqda olmaq, həmin qrupların istəklərini və arzularını ümumiləşdirmək və bir çox hallarda isə onlara belə dəyərlər və məqsədlər aşılamaq - ziyalının missiyası budur. Ziyalı sadəcə cəmiyyətin və ayrı-ayrı qrupların sözçüsü deyil, əgər belə olsaydı onlar sosial-siyasi texnoloqların və siyasətbazların dəstəsində əriyərdilər. Onların statusu bir qədər də böyükdür. İndi bayrağı hamı öz milli dəyəri və vicdanı hesab edir.

Amma Ə. Hüseynzadə üç məşhur prinsip haqqında yazarkən insanların heç də hamısı nədən söhbət getdiyini təsəvvür etmirdilər. M. F. Axundzadə əlifba islahatı aparmaq istəyərkən insanlar bunun mənasını yetərincə dərk etmirdi və güman edirdilər ki, rus və ərəb əlifbası varkən buna ehtiyac yoxdur. İndi də narahat ziyalıların axtarışlarına təəccüb və bir qədər də rişxəndlə baxan orta statistik vətəndaş bunun mənasını dərk etmir. Elə «ağıllılar»ı da var ki, hamının əvəzinə düşünməli olan dövlət qurumlarının olduğu halda həmin o insanların istəklərilə bağlı xudbin fikirlərə qapılırlar, zənn edirlər ziyalıların məqsədi bu yolla hakimiyyətdən özü üçün nəsə qoparmaqdır. Hətta belə bir faktı da unudurlar ki, bu insanların hakimiyyətin yanında olmaq problemləri yox idi, hətta hakimiyyət böyük məmnunluqla onlara yarınmağa çalışardı.

MAARİFÇİLİK

Əsl ziyalı ilk növbədə maarifçidir. Bununla bağlı örnəklər o qədər çoxdur ki, adam təkrarçı kimi görünməkdən ehtiyat edir. Yenə də adi «obıvatel» ağılını və məntiqini əsas götürsək bunun da elə bir əhəmiyyəti yoxdur, çünki hamı az-çox savad sahibidir və hamı özünə nə lazım olduğunu bilir. Məsələ isə ondadır ki, M. Cəlilin, Ə. Sabirin personajları da həqiqətən özlərini ağıllı, kefli İsgəndəri isə sərsəm və içki düşkünü hesab edirdilər. Əgər dünyanın ağılsız və savadsız adamları özlərinin ağılsız və savadsız olduğunu bilsəydilər, heç kimə ehtiyac olmazdı. Amma bu mümkündürmü? Təəssüf.

MÜXALİFƏTÇİLİK

Ziyalı müxalifətçi olmaya bilməz. Təbii ki, bunun əksini heç kim ona yasaq etmir. Amma bu halda o, hakimiyyət adlı institutun bir elementinə çevrilir.
Vicdan həmişə nəfsə müxalif olur. Hakimiyyət daha çox nəfs deməkdir, zira müxalifətçilik vicdandır. Əvvəldə dedik ki, ziyalı cəmiyyətin vicdanıdır. Mən bununla bağlı da misallar gətirə bilərəm. Amma misaldan vacib olanı budur ki, hamının razı olduğu bir məqamda narahat bir insan peyda olur, rahatlığı və asudəliyi pozur – Socrates, Sartre, Solzhenitsyn kimi. Rusların maraqlı deyimi var. Onlar deyir ki, ziyalının sosial-siyasi seçimi hakimiyyətə müxalif olmaq və ona opponentlik etməkdir.

AZADLIQ

Tarixdə azadlığa opponentlik edən böyük insanlar çox olub. Uzağa getmək lazım deyil. Müəlliminin qətlindən sonra demokratiyalara və azadlığa nifrət edən Platon totalitarizmin ideoloqu oldu. Bəli, inqilabçılığı hamı Voltaire’dən öyrənmişdi, amma o, özü inqilabdan qorxurdu. Çox maraqlıdır, bu insanlar ictimai mənada azadlığın əleyhinə olsalar da və yaxud da ona ehtiyat, qorxu ilə yanaşsalar da şəxsi həyatda həmişə azadlığa can atıblar. Azadlıq ziyalı üçün məşəldir, onun mövcudluq formasıdır. Bəziləri deyir ki, ziyalılar yalnız özləri üçün azadlıq tələb edirlər. Amma bu, çox səthi yanaşmadır, çünki biz ziyalılığı bir yola bənzətsək onun başlanğıcı həmin «öz»dən imtinadan keçir.

Əvvəldə qeyd etdik ki, ziyalının kimdənsə nəsə «qoparmaq» problemi olmur və onun iddiası daha böyükdür, o qədər böyükdür ki, heç bir hakimiyyət bu iddianı ona verə bilməz. Cəmiyyətin mayakı olmaq – iddia budur. Bunu ona hansısa hakimiyyət verə bilərmi?

KİÇİK SÖZARDI

Mən də bu mövzuya bir neçə dəfə müraciət etmişəm. Hər dəfə də yazmağa başlayanda zənn etmişəm ki, artıq bu dəfə yaxşı alınacaq, mövzunu tamam bitirəcəm. Amma hər dəfə yazının ortasında məlum olur ki, əfsus, bu mövzu tükənməzdir, elə ziyalının yolu, missiyası kimi...