-
Hüseynbala Səlimov, müstəqil analitik
Bir məsələ məni bir xeyli müddət idi ki, düşündürürdü. Fikirləşirdim, görən sovetlərin süqutundan və kommunizmin iflasından sonra elə bir ideya və ya ideologiya olubmu ki, milyonların şüuruna hakim kəsilmiş olsun? Burada o ideya nəzərdə tutulur ki, xüsusi bir təqdimatdan asılı olmadan insanları və cəmiyyəti spontan şəkildə əhatə etmiş olsun. Təbii ki, ideologiyasız dövlətə keçiddən sonra belə bir ideyanın mövcudluğuna adam çətin inanır. Amma o var və bu gün də insanların əsas motivasiyası kimi qüvvədədir. Mən bir vaxt diqqəti «istehlak bumu»na yönəltməyə cəhd etmişdim. Lakin sonradan belə tendensiyanın «ümummilli ideya»ya iddia etməsinə özüm də şübhə etdim. Bir müddətdən sonra başa düşdüm ki, son illər insanlar hər şeyin fövqünə bir ideyanı qaldırıblar – bu, da şəxsi həyat və şəxsi rifah ideyasıdır. Bəli, ictimai həyatda, ölkədə tərəqqi hiss etməyən adamlar bütün bunlara rəğmən əsas diqqəti şəxsi həyata yönəltmişdilər: ailə qurmaq, ev sahibi olmaq, uşaqlara təhsil vermək! Çox maraqlıdır, bu yaxınlarda bir rus müəllifinin də yazısında oxşar fikirlərə rast gəldim. Bu məni öz qənaətimə daha çox inanmağa vadar etdi. Hələ bir neçə il bundan əvvəl ictimai həyatda böyük tərəqqinin olması ehtimalının çox az olduğunu diqqətə gətirərək insanlara bunun əvəzində öz şəxsi həyatlarını qurmağı, ictimai həyatdakı tərəqqi qıtlığını şəxsi həyatdakı uğurlarla kompensasiya etməyi tövsiyə etmişdim. Bunu yazmaq mənə elə də asan deyildi, çünki burada insan «eqo»su önə çəkilirdi. Lakin A. Smith-dən başlayaraq hamı iddia edirdi ki, insan «eqo»su olmadan heç bir işdə tərəqqi ola bilməz. Sonuncu amil məni bir qədər sakitləşdirirdi. Ona görə də indi bu məsələyə bir daha qayıdaraq böyük qətiyyətlə deyə bilərəm ki, ən azı ötən o 19 il ərzində bizim insanların milli ideyası şəxsi həyat və şəxsi rifah olub. O ideya insanlara öz talelərini ictimai uğursuzluqların kontekstində aramamağı təlqin edib. Amma mən burada başqa bir detalı da qeyd etmək istəyirəm. Bu odur ki, bir çox hallarda hamı öz problemlərini həll edərkən, öz «eqo»sunu təmin edərkən qeyri–ixtiyari olaraq, özlərindən asılı olmadan cəmiyyətin və ölkənin problemlərini həll etmiş olurlar. Mən burada J. Kennedy-nin çox məşhur kəlamını misal gətirəcəm. O, deyirdi ki, «soruşma ki, Amerika sənin üçün nə edib, de ki, sən Amerika üçün nə etmisən». Təbii, bu fikirlərin müəyyən narazılıq yaradacağını da bəri başdan hiss edirəm. Bəli, insanlar çox həssasdır. Deyəcəklər ki, bəs Qarabağ, bəs demokratiya? Mən bunun sadə cavabını verəcəm. Əgər Qarabağ həqiqətən də ümummilli ideya olsaydı o lap çoxdan geri alınardı və rübdə bir dəfə «lazım gələrsə...» kimi cəfəng şərtlər irəli sürülməzdi. Əgər demokratiya ümumi ideya olsaydı lap çoxdan hamımız başqa hakimiyyətin, əsl demokratik hakimiyyətin dövründə yaşayar və əsl hüquqi dövlətin vətəndaşları olardıq. Bəli, bunlar yoxdur. Bu isə o deməkdir ki, ya bir ideya ətrafında səfərbərlik olmayıb, yaxud da ki, bu səfərbərliyin elə bir nəticəsi olmayıb...
HANSI İDEYA NÖVBƏDƏDİR?
Bunu demək o qədər də asan məsələ deyil. Amma daha bir detal var. Bu ideyanın bir gün tənəzzül yaradacağı vaxt olmalıdır. Böhran dövründəki çox böyük sosial çətinliklər aradan qalxdıqdan sonra, insanların həyatı bir azca qaydaya düşəndən sonra başqa bir ideya gündəmə gəlməlidir. Onun hansı ideya olacağını demək çətindir. Ruslar özləri üçün bir neçə variantı nəzərdə tuturlar. Amma bunların heç biri Azərbaycan üçün məqbul deyil. Onlar daha çox siyasi ideologiyalara diqqət yetirirlər. Lakin siyasi ideologiyalar çox az, hətta nadir hallarda ümummillilik statusuna iddia edə bilir. Adətən ədalətsiz iqtisadi bölgüdən sonra sosial ədalət ideyası populyarlaşır. Avtoritar rejim çökən ərəfədə və yaxud çökəndən sonra xeyli müddət liberal dəyərlər daha çox dəbdə olur. Mən hələ millilik statusuna iddialı olan başqa ideyaları dilə gətirmirəm. Əlverişli məqamda onların hamısı dirçəlmək, gündəmə gəlmək iqtidarındadır. Aristotel deyirdi ki, təbiət boşluğu sevmir. İndi onun sözlərini bir qədər dəyişərək demək olar ki, siyasi mühit də boşluğu sevmir, sadəcə hər şeyin öz vaxtı var...