«Stereotip» və «qəlib»
Dəli şeytan deyir bir aforizm aydırım: stereotiplər görəni kor edir, korusa görən.
Nədir stereotip? Sözü hamı bilir, hamı işlədir, di gəl daşıdığı anlam-şəkli unudur. «Stereotip» deyəndə göz qabağına ərimiş qurğuşunun töküldüyü forma gəlməlidir. Bizdə buna «qəlib» deyirlər. Ancaq «qəlib» sözünə azəri çəkməçinin bığlı üzü, meşin iyi, çirkli qaba əli elə yapışıb ki, elmi cümləyə stereotipin yerinə gətirəndə dalınca cümləyə o şəkil də gəlir. Cümlədən həməncə elm və düşüncə ədası gedir. «Stereotip» deyəndə isə elə şəkil gəlmir, şəkil gəlsə, Avropa, bəd ayaqda rus intellektualının ağıllı gözləri, nəzakətli danışığı gəlir.
Stereotiplərin ziyanı və faydası
Stereotiplər nə mənada kor gözü açır? O mənada ki, qarmaqarışıq maye qəlibə düşəndə onun biçimini alıb aydınlaşdığı kimi stereotip də aydınlıq gətirir. Bəs nə mənada görən gözü kor edir? O mənada ki, öz biçimi ilə qavrayışımızı daraldır, ona görə də o biri biçimləri görməyə qoymur. Məsələn, azərbaycanlılarda öz millətini «bir ailəyik» qəlibində düşünmək var, ona görə də Azərbaycan alçaqları bu stereotiplə konfliktə gitrən kimi hiddət gəlir: çox alçaq millətik. Halbuki millətlə bağlı «ailə» sereotipi olmasa, azəri də hər yaramazdan millətin «yaramazlar ailəsi olması» düşüncəsini çıxarmaz. Deməli, bu situasiyada «ailə» qəlibi Azərbaycanı normal qavrayışla görməyə qoymur (Yeri gəlmişkən Hitlerin dilində almanları bir bədən kimi birləşdirmək çox işlək metafora idi. Bu metaforadan sonra yəhudilər həmin bədəni deşik-düşük etmiş düşmən kimi verilirdi).
Görməyə imkan verən stereotipə örnək: Jvanetski bir çıxışında söyləmişdi: biləndə ki, Somali quldurları da mənim kimi Odessa Politexnik İnstitutunu bitirib mat qaldım, sonra da bir az xoşlandım. Burada «Odessa Politexnik İnstitutunun məzunu» ilə bağlı stereotip Jvanetskinin gözünü açmışdı ki, quldurlar savadsız vəhşi olmaya da bilərlər.
Orijinallıq stereotipi
İndi isə milli özünübilimlə bağlı bir qəlibi dağıdaq. İndiki zamanda öz millətini öz gözündə qaldırmağın bir stereotipi var: orijinallıq, özgünlük. Başqalarına oxşamayan əsərin (tutuşdur: “sizi başqa kitablardan ayıran kitab” - Nietzsche) avtomatik olaraq dəyər sertifikatı alması «orijinallığı» stereotip edib. Stereotip unutdurub ki, dəli də başqalarına oxşamır, ancaq bu onu yaxşı etmir. Başqalarına oxşamayan axmaq musiqi də ola bilər. Bizim şairlərin sevimli arqumenti var: mən dünyanı gördüyüm, duyduğum kimi şeirlərimdə vermişəm. Cümlənin arxasında o durur ki:
a) mən dünyanı elə görüb, elə duyuram ki, bununla başqalarından fərqlənirəm;
b) ona görə də şeirim orijinaldır (başqalarına oxşamır);
c) orijinallıq isə əsl sənət deməkdir (estetik stereotip).
Bu axırıncı stereotip görməyə qoymur ki, sənin orijinallığın mədəniyyətə, sənətə heç bir pillə, heç bir gələcək, heç bir keçmiş verməyə də bilər. Ona görə də özgünlüyün yey olması düşüncəsi stereotipdir. Elə orijinallıqdan isə qaydası ilə yaxşı bir muğam oxumaq daha yeydir.
Alman romantizmində orijinallıq
Orijinallıq stereotipi iki yüzildir ulusları ucaltmaq repertuarına keçib. Milləti şəxsiyyət kimi düşünmək Romantizmdən başlayır. Şəxsiyyətin orijinallığı ideyası isə gətirib millətin orijinallığına çıxarıb. İndiyənəcən biz bu stereotipin əsir-yesiri olmuşuq. Orta azərini Qloballaşdırmada öfkələndirən məsələ milli orijinallığın itməsindən qorxmasıdır. İslamçılar Batıya pis baxanda əsas arqument onu gətirirlər ki, Qərbin təqlidçisi olmaq meymunluqdur (bəs, nədən atanı yamsılamaq meymunluq deyil?!).
Alman romantizmi Alman mentaliteti məsələsini gündəmə gətirmişdi və elə o zamanlarda da alman qutunun sirlərindən danışmışdılar. Ruslar almanlardan bunu götürüb sirli rus ruhundan danışmışdılar. İndi həmin təsir xətti ilə biz də azərbaycanlı mentalitetini bənzərsizlik cizgilərində tapmaq və dünyaya göstərmək istəyirik.
Tutuşdurma stereotipi
Bu yerdə gəlib çıxdıq ulusların tutuşdurulması məsələsinə. Düşünmək nələrisə ayırmaq, nələrisə birləşdirməkdir. Deyirsən ki, türklərin qutunu at qaçışının ritmi formalaşdırıb – türk ruhunu at qaçışı ilə birləşdirirsən. Deyirsən ki, türklər qorxaqlığa nifrət edib – türkü qorxaqlıqdan ayırırsan. Bax, bu anlamda düşünmək nələrisə birləşdirmək, nələrisə ayırmaqdır. Biz ulusları ayıranda sanki onları dərindən düşünə bilirik. Bax, bu düşünmənin də öz stereotipləri var.
Biz bir ulusla o birisini tutuşduranda «birində olan o birisində yoxdur» stereotipi ilə işləyərkən sanki daha aydın portret fərqini alırıq. Ancaq millətləri düşünməyin bir qəribəliyi var. Gedirsən, Gürcüstana, gürcülərin bizdən fərqinin qoxusu sanki havada da var. Qayıdırsan Bakıya, istəyirsən bu fərqləri yazasan, görürsən ki, alınmır. Milli fərqləri gözlərin yaxşı tutur. Milli fərqləri burunun qoxusu da (yemək və küçələrin iyi) yaxşı tutur. Ancaq qavrayışınla aldıqların sözlərə çevirmək istəyəndə fərqlər itir.
Bunun nədəni odur ki, «onlarda olan bizdə yoxdur» stereotipi işləyəndə axmaq vəziyyətə düşürsən. Desən, biz qonaqpərəstik, deyəcəklər, onlar da qonaqpərəstdirlər. Desən, biz döyüşkənik, cırtqozuq, deyəcəklər onlar da elədirlər. Deməli, bu «ip» Minos çarının qızı Ariadnanın ipi deyil ki, dolamnbacdan çıxarsın. Bu ipi tutub getmək azmaqdır.
Əsl fərqlərin yeri
Uluslar bir-birindən «onlarda olan bizdə yoxdur» stereotipi ilə yox, «onlarda elə olan bizdə belədir» fərqləri ilə ayrılır. Azərbaycan rəsmilərinin milli biabırçılığımızı guya adiləşdirən deyimi var: korrupsiya hər yerdə var. Bax, budur, «bizdə olan onlarda da var» stereotipi. Halbuki əsas soru belədir: korrupsiya onlarda necədir, bizdə necədir?. Bizdə rüşvət vəzifəsinə qalxmış adamın uğurlu olması toya da gedəndə, yasa da gedəndə üzündə yazılır. Onlarda isə belə şey ola bilməz.
Suallar siyahısı
Beləcə, «bizdə olan onlarda da var» stereotipindən qurtulmaq üçün «bizdə necədir, onlarda necədir» sorusuna keçəndən sonra aşağıdakı sualları sərgiləmək olar:
- Onlarda boşananda necə düşmənçilik edirlər, bizdə necə?
- Onlarda vətəni necə sevirlər, bizdə necə?
- Onlarda necə əylənirlər, bizdə necə?
- Onlarda ruhanilər necə korlanırlar (və ya mənəviyyatca ucalırlar) bizə necə?
- Onlarda adamlar nə üstündə incişirlər, bizdə nə üstündə?
Azərbaycanı bilməyin ciddi məsələsi bölgələrin psixoloji-mentalitet fərqlərini tapıb düşünməkdir. Bu məsələdə də biz «birində olan o birisində yoxdur» stereotipindən qurtulmalıyıq.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.