Niyə bütün yollar şəriətə aparır?

İranda şəriət qaydalarına uyğun olaraq daşqalaq edilməyə məhkum olunmuş qadının cəzasının icrasına hazırlıq gedir.

-

BİR-BİRİNİ ANLMAQ DƏRDİ

Bu həftə Bağdad müharibəsinin də 9 ili tamam oldu. Bunun haqda hələ çox yazılacaq və çox danışılacaq, amma bu gün göz önündə olan ölənlərin və yaralananların sayı, böyük müharibə xərcləri və bir də aramsız davam edən terror aktlarıdır.

Mən bu mövzuya müraciət etməyə də bilərdim və ona müraciət etməyimin də əsas səbəbi heç də ildönümü və ya başqa səbəb deyil. Sadəcə, məni bir sual maraqlandırır. Ötən o 9 il bizi müsəlman dünyasını anlamağa nə qədər yaxınlaşdırdı? Biz müsəlman dünyasını azca da olsa başa düşdükmü?

Bəli, ötən min illərin ərzində xristianlar müsəlmanları, müsəlmanlar yəhudiləri və yəhudilər də onların hər ikisini dərk etmək üçün çox çalışdılar. Amma ötəri baxış da kifayətdir ki, bizim bu yolda elə də çox uzağa getməməyimizə əmin olasan. Bəlkə bunun bir səbəbi də odur ki, bu zaman ərzində hamı daha çox biri – birinin səhvlərini aşkar etməyə cəhd edib, birləşdirici məqamların və tendensiyaların üstündən sükutla keçib.

Silsilə «ərəb baharları» qısa vaxtda bizdə dəyərlərin universallığı haqda bu günə qədər deyilənlərə bir ümid və əminlik yaratdı, amma bu müddət çox qısa oldu. Bir müddətdən sonra bizim nəticələrin reallığı tam ifadə etməməsi bəlli oldu. Məlum oldu ki, görünənlər bir aysberq kimidir və onların böyük hissəsini biz heç təsəvvür belə etmirik.

D.FURMAN NƏDƏ HAQLI İDİ?

Bir vaxt məşhur bir deyim vardı. Bütün yollar Bağdada aparır! Müsəlmanları və onların siyasi özünüifadə metodlarını və doktrinalarını öyrənəndə həmin o tarixi məsəl yada düşür: müsəlman dünyasında bütün siyasi cərəyanların finalı gedib şəriətə çıxır!
Çeçenlər o qədər azad xalqdı ki, onlar dövləti yalnız bir halda qəbul edə bilərlər – onun Allahdan gəldiyini qəbul edib buna əmin olsalar!

Bunları qeyd edən, bunların qarşısını almağa cəhd edən, bir neçə il olsa da bu prosesi ləngitməyə səy göstərən çox olub, lakin bunu başa düşməyə, onun səbəblərini anlamağa çox az adam səy göstərib. Mən də bu sualın cavabını vermək iddiasında deyiləm, bu iddiada olsaydım mən də boynuma böyük yük götürmüş olardım. Amma bəzi detalları sizinlə də bölüşmək istəyirəm.

Bir moskvalı politoloq tanıyırdım – D.Furman. Biz onunla bir neçə dəfə görüşmüşdük. Söhbətimiz də elə hər dəfə gəlib Şərqin üstünə çıxırdı. O vaxt çeçen hadisələrinin gərgin vaxtı idi. Çeçen mücadiləsi də dini örtükdə aparılırdı, çeçen mücahidləri özlərinin mübarizələrinə cihad deyirdilər.

Bir dəfə Furmanla bu haqda danışırdıq. Bunun səbəbini müzakirə edirdik. O vaxt mən «Şərq irrasionaldır və onu dərk etmək çətindi» - dəyərək müzakirədən canımı qurtarmaq istədim. Amma mənim bu cavabım Furmanı qane etmədi. O özü çox maraqlı bir fikir dedi: «Çeçenlər o qədər azad xalqdı ki, onlar dövləti yalnız bir halda qəbul edə bilərlər – onun Allahdan gəldiyini qəbul edib buna əmin olsalar!».

Əvvəl mən bu fikrə əhəmiyyət vermədim və o haqda ciddi şəkildə sonradan fikirləşdim. Bəli, həmsöhbətim haradasa və nədəsə haqlı idi, təəssüf ki, bunu dərhal başa düşə bilməmişdim. O vaxtdan indi bir neçə il keçib. Lakin hər dəfə islam dünyasından söz düşəndə mən o söhbəti xatırlayıram.

Bəlkə də burada azadlıq məsələsi bir qədər mübahisə doğura bilər, çünki biz azadlığı yalnız Qərb tipli institutlarla bağlamışıq və o bizi bir qədər çaşdırır. Lakin görünür ki, mental azadlığın da mövcudluğunu qəbul etmək lazımdır. Bu azadlıq ümumi və bərabər olmur, bəzən cəmiyyəti qismən əhatə edir.

Hətta ən sərt quruluşlarda belə mülki cəmiyyət elementi olur. Həm də islam dövlətlərinin yaranmasının bir xarakterik detalı olub. Bu dövlətlərdən əvvəl güclü tayfa və qəbilə institutları mövcud olub və həmin o institutların ittifaqı kimi də dövlət yaranıb.

Təbii ki, tayfa və qəbilə institutu heç də özünün bütün funksiyalarını dövlətə verməyib, bu funksiyaların bir qismi cəmiyyətdə qalıb. Ümumiyyətlə, Şərq üçün güclü dövlətlər o qədər də xarakterik olmayıb, Şərqdə böyük imperiyalar olub, amma onlar da standart mənada başa düşülən güclü, hər şeyə nəzarət edən dövlətlərdən fərqli olub.

BİR MÖCÜZƏNİN TƏSİRİ ALTINDA

Təbii ki, bir misalla və bir dəlillə müsəlman dünyasında müşahidə olunan o tendensiyanı axıra qədər çözmək mümkün deyil. Nədən bütün yollar şəriətə aparır?
Müsəlmanlar belə hesab edir ki, dinin əsasında yazılmış qaydalardan təkmil bir qanun olmaz və ən doğrusu da bu qanunlar əsasında yaşamaqdı.

Çox güman ki, bu həm də inancla bağlıdır. Müsəlmanlar belə hesab edir ki, dinin əsasında yazılmış qaydalardan təkmil bir qanun olmaz və ən doğrusu da bu qanunlar əsasında yaşamaqdı.

Bu çox düşündürücü məqam hesab edilməlidir. İllər, qərinələr də bu inancı azaltmır, əksinə onu artırır. Bu haqda bəlkə də müqayisəli təhlil aparmaq daha düzgün olardı.

İslamda və iudaizmdə şəriət institutlaşıb, məcəllə və məhkəmə formasını alıb. Xristian dünyası isə bir qədər fərqli yolla getdi. Orta əsrlərdə «xristian məcəlləsi» və onun əsasında məhkəmə (inkvizisiyalar) yaratmağa cəhd edilsə də sonda o özünü doğrultmadı və ondan imtina edildi. Xristianlar xeyli müddət bununla yaşadı və onu təcrübədən keçirib onun heç də mükəmməl olmadığını başa düşdülər.

Bəlkə elə islam dünyasında da nə vaxtsa belə olacaq? Hər halda, şəriət əsasında yaşamağın bir təcrübəsi - İran gözümüzün qabağındadır. Bu gün iranlıların heç də hamısı bundan məmnun deyil. İllər ötdükcə məmnun olmayanların sayı artır.

Düzdür, onlar hələ ki öz etirazlarını İrandan köçmək, başqa yerdə yaşamaqla bildirir, amma bu da reallığa etirazın bir formasıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.