«Rus baharı»! o, realdırmı?

Rusiya müxalifətinin Yeni Arbatda anti Putin aksiyası. 10 mart 2012

«Rus qışı», «rus meşəsi», hətta «rus ayısı» kimi ifadələr leksikonumuza elə daxil olub ki, biz onları çox təbii qəbul edirik. Amma «rus baharı» ifadəsinin həm tarixi azdır (o ötən ilin sonlarından işlədilməyə başlanıb), həm də hələ özünə elə real bir məzmun qazanmayıb, daha çox belə iddiada olan bir ifadə kimi hesab edilir. Rusiyada müxalifətin sonuncu aksiyasında ona bir məna vermək qərarlaşdırıldı. Belə ki, müxalifətin ən böyük aksiyalarından biri elə yaza təsadüf edəcək. Silsilə «ərəb baharları»nı yaşayan dünya indi bu vədin nə qədər ciddi olacağı haqda düşünür. Vəd böyükdür: yazda milyonların ən böyük yürüşünü təşkil etmək nəzərdə tutulur.

Dünya da çaşqın vəziyyətdədi və buna inanmaq istəyənlər də var, istəməyənlər də. Rusiya böyük inqilabçı ənənələri olan bir ölkədir. Hətta «rus inqilabı» bir çox hallarda «rus urası»nı yada salır, onunla eyni bir assosasiya yaradır. Dünya rus inqilabından həm ehtiyat edir, həm də onu maraqla gözləyir. Bir sözlə, təzadlı haldır. Bir tarix aspektindən yanaşanda rusların sözünə inanmamaq üçün əsas yoxdu, lakin o biri düşərgədə – V.Putin tərəfində olan ruslar da zəif görünmür. Ona görə də indi hamı bir təhlil, analiz mərhələsini yaşayır. Kimlərə inanmalı, V.Putinə və onun tərəfdarlarına, yoxsa müxalifətə?

DÜNƏNƏ BAXANDA ÇOXDUR, SABAHLA MÜQAYİSƏDƏ İSƏ AZ...

Müxalifətin sonuncu mitinqinin kəmiyyət göstəriciləri bir qədər mübahisəli oldu: hökumət on min nəfər dedi, müxalifət isə əlli min. Başqa bir vaxt buna əhəmiyyət verməmək də olardı. Amma indi kəmiyyət mühüm rol oynayır. O, gələcəklə bağlı proqnozlar vermək üçün zəruridir. Düzdür, bəri başdan onu qeyd etmək lazımdır ki, müxalifətin aksiyaları hərbçilərin və polislərin güclü pressinqi şəraitində keçir. Polis canlı çəpər çəkir, insanları yoxlayır, fürsət düşən kimi saxlayır. Mən hətta S.Udalstvoun danışdığı halda necə tutularaq həbs olunduğunu görəndə özümdən asılı olmadan bir qədər təəccüb etdim, çünki bu cür mənzərəni mən Bakıda görmüşdüm: polislər ictimaiyyət fəalını elə aksiya yerində gözləyir, onu irəlicədən bura gətirilmiş maşına əyləşdirir!

Rusiyada müxalifətin etiraz aksiyası. 10 mart 2012

Başqa ölkələrdə polis yalnız zəruri olduğu halda kordon qurur və bir qayda olaraq aksiyanın gedişinə müdaxilə etmirlər. Amma burada vəziyyət başqa cür cərəyan edir, polis sanki müxalifət «ovu»na çıxır. İndi mən digər məsələ haqda bir – iki kəlmə yazmaq istəyirəm. On min, əlli min çoxmilyonlu şəhər üçün elə bir böyük kəmiyyət deyil. Belə kəmiyyət müxalifətin gələcək aksiya təşəbbüslərinə bir qədər pessimst yanaşamağa təhrik edir. Lakin burada bir sual yaranır: əgər müxalifət çox zəifdirsə, hakimiyyət özündən arxayındırsa, bəs nədən polis və daxili qoşunlar bu qədər canfəşanlıq göstərir, nədən bu qədər narahatlıq keçirirlər? Biz bu sualı hər dəfə Bakıda keçirilən aksiyalar zamanı soruşurduq. Deyirlər, müxalifət yoxdur, cəmi beş – on nəfərdir! Bəs onda nədən bu qədər təlaş keçirirsiniz?!.. Mən bu detalı niyə qeyd etdim? O məsələyə görə ki, istər Bakıda, istərsə Moskvada hakimiyyət narahatdır və özünə arxayın deyil, ona görə də müxalifətin aksiyaları zamanı min bir üsul tətbiq edirlər, insanları dağıtmağa cəhd edirlər, onların toplaşmaq imkanını məhdudlaşdırırlar. Hakimiyyətin böyük narahatlığına baxanda adamın «rus baharı»na inanmamaq üçün əsası qalmır. Həm də əvvəlki dövrlərdən fərqli olaraq bir nüans mübahisəsizdir: Rusiyada yeni situasiya yaranmaq istəyir. Əvvəllər bu, yox idi. Amma indi bu situasiya özünü biruzə verməkdədi.

HARADASAN, RUS ZİYALISI?

Rusiya müxalifət liderlərindən biri Eduard Limonov etiraz aksiyası zamanı. 5 mart 2012

Əvvəldə qeyd etdim ki, rusların inqilab təcrübəsi keçmək üçün kiminsə və nəyinsə dəstəyinə ehtiyacı yoxdur, onların təcrübəsi tarixin dərinliklərindən gəlir. Amma biz hələ etirazçıları müşaiyət edən ziyalı xorunu görmürük. Bir məşhur fikir var: rus ziyalısının tarixi seçimi hakimiyyətin əleyhinə olmaqdı və ona opponentlik etməkdi! Bəlkə bunu hələ bir müddətdən sonra görəcək və hiss edəcəyik? Son aksiyalardan sonra yazıcı və etirazçı E.Limonov çox maraqlı bir fikir dedi: «Qapıları örtün. Biz başqa yolla gedəcəyik». Bu sözün magik təsiri var. Mənim sovetlər vaxtındakı məşhur bir portret yadıma gəldi.

Həmin portretdə gənc Lenin təsvir olunmuşdu. O portretin də adı beləydi ki, biz başqa yolla gedəcəyik!.. Mən bu analogiyanı təsadüfən aparmadım. Rus ictimai mühiti bir günah kompelksi yaşayır, çünki rus inqilabları bəşəriyyəti böyük bəlalara düçar etmişdi. İndi hamı bunların təkrar olmasından ehtiyat edir. Amma səhvlər fəaliyyəsizlik üçün əsas olmamalıdı. Bunu etiraf etmək lazımdı. Səhvlərə gəldikdə isə... Kim onları etməyib? Bəlkə Fransa onu heç vaxt etməyib? Ediblər. Gilyotinanın qorxusu hələ də başların üzərindədir və fransızlar da o dövrü həm qürurla, həm də bir az ehtiyatla xatırlayırlar, necə deyərlər, iki yüz ildir ki, iki hiss biri - birinə qarışıb. Bəlkə Almaniya bu səhvi etməyib? Ediblər... Eləcə də digərləri!.. Səhv etməkdən təkcə ölülər sığorta olunub, yalnız ölülər səhv etmir, çünki onlar ölüdür və onların ölkəsi elə bu səbəbdən də qəbiristanlıq adlanır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.