Saakashvili Bakıya niyə gəlmişdi?

M.Saakashvili və İ.Əliyev

Siyasət o qədər qəlizləşib ki, bəzən ən adi suallara da cavab tapmaq olmur. Bir də görürsən ki, ən adi bəyanatın və yaxud da səfərin məqsədi bir xeyli vaxt keçəndən sonra aydınlaşır. Gürcüstan prezidenti M.Saakashvili'nin Bakı səfərini də bu qəbildən olan qəfil siyasi hadisələrə aid etsək bir o qədər də təhrifə yol vermərik. Saakashvili Qafqazın ən müəmmalı və mübahisəli, bir az dəqiq olsaq, qəliz siyasi fiqurudur. Az qala, ikinci prezidentlik müddətini baş vurmaqda olsa da, hələ də insanlar yəqinləşdirə bilmir ki, o kimdir? Bir demokrat, yoxsa adi bir qərbçi? Çox maraqlıdır ki, çox az adam Saakashvili haqda bir demokrat kimi danışır. Gürcülər, Gürcüstanda olan qafqazlılar və hətta əcnəbilər onu sadəcə diktator adlandırırlar. Onun ölkədə az müddətdə qayda-qanun yaratması və korrupsiyanı kəskin şəkildə azaltması belə onu demokrat kimi xarakterizə etməyə imkan vermir.

Bir sözlə, reallıqda gürcü siyasi lideri var. Bəlkə sualın cavabı da elə bu məqamdadır. Demokratiya və azadlıq ənənəsi zəif olan ölkədə insanların meyarları da mübahisəli olur. Elə Gürcüstanın birinci prezidenti Z.Gamsakhurdia da siyasətə müəmmalı siyasi fiqur kimi gəldi və müəmmalı şəkildə də onu tərk etdi.

Mən bunları Qafqazın bugünkü siyasi mənzərəsini cızmaq üçün yazdım. Təbii ki, bir qədər kobud şəkildə olsa da. İstənilən qafqazlını həmişə bir sual düşündürür: görən, üç Qafqaz ölkəsini coğrafiyadan başqa daha nəsə birləşdirirmi? İndiki vəziyyət bu suala cavab vermək üçün bəlkə də əsl məqamdır. Ermənistan elə ölkədir ki, onun üçün Rusiyada kimin hakimiyyətdə olması elə bir fərq etmir. Çünki özünü əsl qərbçi və demokrat adlandıran rus siyasətçilərinin dövründə belə o, yuxarı və aşağı Qarabağın işğalını başa çatdırdı və onlar bundan hansısa bir narahatlıq duymadılar. Ona görə də Ermənistanı Rusiyanın bölgədə tək doğma qonşusu adlandırmaq olar. Amma digər iki ölkə – Azərbaycan və bir də Gürcüstan haqda bunları demək çətindir, onlar Rusiyanın ögey qonşusu hesab edilə bilərlər, çünki Rusiya ilə qonşuluq bu iki ölkəyə yalnız problem gətirir.

İ.Əliyev və M.Saakashvili Batumidə yaşayış binasına qazın verilməsi mərasimində, 2008

Bəlkə bu iki ölkəni birləşdirən də elə bu problemdir?

TƏNHA ADAYA ÇEVRİLMƏMƏK ÜÇÜN

Bir dəfə bir rusiyalı analitikin yazısını oxumuşdum. O, Qafqazı təhlil edərək belə bir tezis irəli sürmüşdü ki, iki Qafqaz ölkəsi – Ermənistan və Gürcüstan istiqamətində fəal siyasət aparmaq, Azərbaycana isə toxunmaq lazım deyil, onu sadəcə tənha adaya çevirmək kifayətdir. Bəli, mən burada Azərbaycanı dünyaya birləşdirən əsas tranzit imkanlarının hansı ölkənin sayəsində, necə mövcud olması haqda hamıya məlum olan həqiqətləri bir daha təkrarlamaq istəmirəm, hər şey aydındır. Ona görə də dəmiryolu xəttindən daha çox bir «qara maliyyə çuxuru»na bənzəyən Bakı-Tbilisi-Qars haqda, həmçinin də digər layihələr haqda səslənən tənqidi fikirlərə anlaşıqla yanaşsaq da, başqa bir çıxış da görmürük – Gürcüstan Azərbaycanın neft hesabına formalaşan maliyyə imkanlarından yararlanmalıdır, çünki bu maliyyə imkanları məhz bu ölkənin sayəsində mövcuddur. Amma kiçik bir nüans var. Azərbaycanın adı çəkilən imkanlarından Gürcüstan dövləti, Gürcüstanın siyasi imkanlarından isə Azərbaycan hakimiyyəti faydalanır. Fərq bundadır. Ona görə də bir daha Saakashvili'nin Bakı səfərinə toxunsaq onun da məhz bu maraqlardan yarana biləcəyini istisna etmək olmaz.

BAKI ÜÇÜN BAĞLI QAPILARI AÇAN İNSAN

Bu yaxınlarda ABŞ-ın bir neçə istiqamət üzrə Qafqaz ölkələrinə ayırdığı iri maliyyə vəsaitlərinin siyahısına baxırdım. Gürcüstan öndə idi. Təbii ki, bura Saakashvili'nin Gürcüstanı Qərbin forpostuna çevirmək üçün etdiyi cəhdləri də aid etmək lazımdır. Düzdür, bu il ABŞ-da da seçki ilidir. Ona görə mən uzağa gedən nəticələr çıxarmaq istəmirəm. Həm də qarşılıqlı bir faydalanma prosesi gedir. İndi Saakashvili üçün ABŞ və Qərb nə qədər yaxındırsa,

İ.Əliyev və V.Putin, 2007

Rusiya bir o qədər uzaqdır. İ.Əliyev üçün vəziyyət bunun əksinədir. Putinin təzədən prezident seçilməsi ona Rusiya ilə o qədər də pis olmayan bir münasibət və perspektiv vəd edir. Gürcüstan da bundan yararlanmaq istəyir. İ.Əliyev hələ 2013-cü il ilə bağlı öz planlarını geniş şərh etmir. Hətta müsahibələrinin də birində demişdi ki, bununla bağlı qərar qəbul etməyib.

Amma o, indi Putin'in növbəti qayıdışını maraqla izləyir, çünki bu, bir eksperimentdir. Dünya hakimiyyətdə qalmaq üçün V.Putinin manevr və kombinasiyalarına dözümlə yanaşdısa, bunu Bakıya da münasibətdə edə bilər. Çox güman ki, İ.Əliyev də bu haqda düşünür. Düşünmək üçün predmet də var - üçüncü dəfə prezident olmaq, özü də bunu fasiləsiz etmək, o qədər də asan iş deyil, böyük ölkələr bunu indi yalnız Mərkəzi Asiyanın prezidentlərinə rəva görə bilir. Saakashvili də özünün gələcək siyasi planları haqda danışmır, lakin hiss olunur ki, onu da bu, düşündürür. Lakin onun nə İ.Əliyev kimi birbaşa, nə də ki, V.Putin tək dolayı yolla öz prezidentlik müddətini uzatmaq imkanı yoxdur. Bir sözlə, bu gün İ.Əliyev də, M.Saakashvili də yolayrıcındadır. Elə ona görə də görüşmək və düşünmək üçün predmet qıtlığı yoxdur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.