Koroğlunun heykəli - "multik" qəhrəmanına oxşayır...

Sevda İsmayıllı

Bloq


CAN KOROĞLU! ÇƏNLİBEL XOŞUVA GƏLİRMİ?


Axir ki!

Axır ki, Bakıda Koroğlu abidəsi açıldı.

Bu, mənim gənclik arzum idi…

BAKI HAQQINDA İLK İNŞA “YAZIM”

Yadımdadır, universitetin birinci kursunda oxuyurdum.16 yaşım vardı. Rus dilinin hakim vaxtları idi. Rus dili müəllimimiz elə dərsə başlayan ay bizə Bakı haqqında inşa yazmaq tapşırığı verdi.

Mən çaşıb qaldım. Həm Bakı, həm də rus dili mənə hələ doğmalaşmamışdı.
Neyləməli? Köməyə bacımın rus bölməsində oxuyan şəhərli rəfiqəsi gəldi.

Mənə Bakı haqqında gözəl bir inşa yazı yazdı. Bir səhifəlik. Onu İtaliyanın Neapol şəhərinə bənzətdi. 26 Bakı Komissarı abidəsinin möhtəşəmliyindən söz aşdı. Şəhərin görməli yerlərini təriflədi. Və sözünü S.M.Kirovun Dağüstü Parkdan boylanan heykəli ilə tamamladı.

Yazı əla çıxmışdı. İlhamla yazılmışdı.
Səhəri dərs başlayan kimi müəllim məni ayağa qaldırdı. Yəqin düşünürmüş ki, heç nə yaza bilməyib.

Mən ürəklə qalxdım və birnəfəsə inşanı oxudum.

Hamı təəccübləndi. Dili belə pis bilən, üstəlik, şəhərə təzəcə gələn qızcığaz necə gözəl yazı yazmışdı!

Ondan sonra kim yazdığını oxudu, müəllimə bəyənmədi…
Mən də, rus dilini pis bilənlər siyahısından beləcə çıxdım.

KİROVUN ABİDƏSİ BAKININ RƏMZİNƏ ÇEVRİLMİŞDİ

Yəqin ki, Sovetlər dönəmində Bakı haqqqında inşa yazan hər kəs sözünü şəhərə lap yuxarıdan boylanan Sergey Mironovıç Kirovla bitirərdi.

Amma biz gənclərin bir arzusu var idi. Çünki 37-ci il deyildi, axı.

Odur ki, bunu ürəyimizdə yox, öz aramızda dilimizdə də səsləndirərdik:

Bakının Dağüstü parkında Koroğlunun abidəsini görmək!

Niyə Koroğlunun?

Deyə bilmərəm. Görünür, o illər—70-ci illər repressiyadan təzəcə canını qurtarmış “Dədə Qorqud” dastanı bizə yetərincə sevdirilməyibmiş.

Həm də, Koroğlu Sovetlərin sevimli qəhrəmanı idi.

“GÖZƏL VƏTƏNDAŞ”

Onu eynən dünən ölkə prezidenti kimi, kasıbların tərəfdarı, “gözəl vətəndaş” adlandırırdılar.


Koroğlunun heykəli, 21 fevral, 2012

Sən demə, Sovetlər Koroğlunu qəsdən aşınmaya uğradıbmış.

Dastan özünün estetik dəyərlər çərçivəsindən çıxıbmış.

Daha çox Sovet dövlətinin ideoloji, sinfi mübarizəsinə sığışdırılıbmış.

Əslində isə dastanda daha böyük mübarizələrdən, qəhrəmanlıqlardan söhbət gedirmiş.

Bunları çox sonra biləcəkdik…

Hə…Demək, arzumuz Kirovun yerində Koroğlunu görmək idi.

Odur ki, 90-cı illərdə Kirovu Dağüstü Parkdan yıxıb sürüyəndə, Allaha dua etdim ki, bir arzum yerinə yetdi.

Amma, düzü, Koroğlunu şəhərin basırıq yerlərinin birində görmək heç ağlımdan keçməmişdi.

Bu da oldu.

Koroğlu—o boyda qəhrəman dar bir parka sığdırıldı.

Heykəlin açılışına qədər ev yolumun üstü olduğu üçün hər gün abidəni görürdüm və təəccüblənirdim.

Koroğlu multik, yəni cizgi qəhrəmanına—bənzəyirdi.

Atı kifir idi, cılız idi. Belə də Qırat olar?

Qılıncı miskin idi. Belə də Misri qılınc olar?

Özü çəlimsiz idi. Belə də Koroğlu olar?

Heykəli görəndən bəyənmədim.

Ona 5 milyon manat xərclənmişdi…

ÖZÜMƏ SUAL VERDİM:

Bəs sən Koroğlu parkını necə görmək istərdin, Sevda - dedim?

CAVAB:

Koroğlu parkını hündür bir yerdə--elə Dağüstü parkda böyük bir kompleks şəklində görmək istərdim.

Xəyali Çənlibeldə.

Ətrafında dumanlı dağlar-qayalıqlar.

Yanında Dəliləri. Sayı 7777 olmasa da.

Yanında paşalar. Geyimli-kecimli. Zəhmli.

Yanında oğlu Eyvaz—başında durna teli. Özü deyən kimi:

“Eyvazım 15 yaşında,
Durna teli var başında”



Prezident İlham Əliyev və xanımı Koroğlunun heykəlinin maketini nəzərdən keçirirlər, 21 yanvar, 2011

Yanında Keçəl Həmzə-- Qıratı oğurlayıb aparan yerdə. Ay nadürüst!

Yanında Nigar xanım! Gözəllər-gözəli.

Özü necə deyir:

“Yanımda dayanıb alagözlü yar!”

Bax beləcə. Koroğlu Nigarıyla və Qıratıyla yüksəklikdə, sadaladıqlarım yan-yörəsində.

Qoy 10 milyon manat aparsın. Neft və milyonlar səltənətində Koroğluya can qurban!

EKSKURSİYA

Bax, aşağıdan billet alıb çıxırsan Dağüstü parka. Koroğlu parkını ziyarət edirsən. Uşaqlı-böyüklü.

Xarici qonaqları aparırsan. Milli qəhrəmanını tanıdırsan. Üstəlik, “7777” restoranında Koroğlu kababı yeyib-Koroğlu şərabı içib qayıdrsan şəhərə. Can Bakıya.

Nəyi pisdir?

Belə olsaydı, Çənlibel qəhrəmanı öz yerində görünməzdimi?

Yoxsa şəhərin daracaq yerlərinin birində, avtobusların aşağı-yuxarı şığıdığı bir məkanda Koroğluya abidə qoyarlarmı?

Belə Çənlibel olar?

Belə Çənlibel qəhrəmanı olar?

“Gözəl vətəndaşı” belə qiymətləndirərlər?

Bəlkə özündən soruşaq?

Can Koroğlu! Çənlibel xoşuva gəldimi?!

Monqolustanda Çingiz xanın heykəli