Mən diktatorlar haqda necə film çəkərdim?

Kim Jong-il'in dəfni, 28 dekabr 2011

Bəzən yas mərasimlərinə xüsusi qadınlar gətirilir. Onlar ağılar deyir, insanı təsirləndirən səslə ağlayırlar. Bir neçə həftə bundan əvvəl Koreya lideri Kim Jong-il'in vəfatı zamanı insanların neçə ağladıqlarını görəndə, ağlıma gələn ilk fikir bu olmuşdu. Elə o vaxt demişdim ki, bu adamlar qorxudan ağlayır. Bəs onlar kimdən qorxurdular? Öz qonşularından, yaxınlarından!

Burada haşiyə çıxmaq istəyirəm. Bəlkə də bu heç haşiyə deyil, elə kontekstdə və öz yerində söylənmiş fikirdir. K.J.İl son səfərlərindən birini Rusiyaya etmiş və Leninin
heykəlinin önünə gül də qoymuşdu. Elə həmin Lenin cənablarının qurduğu dövlətdə A.Platonov tək yazıçının oğlunu öz atasına qarşı çuğulluq etməyə vadar etmişdilər...

Artıq Koreya mövzusunun bir qədər yaddan çıxdığı halda mən nədən bunları xatırlatdım? Məsələ bundadır ki, lider öləndən sonra bir müddət idi ki, Koreyada məhkəmələr gedirdi. K.J.İl'in vəfatına ağlamayanları və yaxud öz kədərlərini lazımınca büruzə verməyənləri 6 ay müddətinə islah-əmək düşərgələrinə cəlb etdilər. Mən avtoritar və totalitar ölkələr haqda o qədər yazmışam ki, indi onların hamısını xatırlamağa özüm də çətinlik çəkir və bir qədər də tərəddüd edirəm. Məqsəd nədir? Hamı insanları bu ölkələrə bir həqarətlə baxmağa vadar etməyə çalışır. Lakin mənə elə gəlir ki, təşvişi və qorxunu gülüşlə çıxarmaq lazımdır. İnsan güləndə artıq qorxu hissini öz ürəyindən birdəfəlik qovur. Koreya misalında da mənim diqqətimi məhz elə o detal cəlb etdi: belə hallar haqda oxuyanda, gülün, çünki gülüş həm də ciddi profilaktikadır, qorxunun

«Mimino»

düşmənidir...

BİR AZ MƏŞƏDİ İBAD, BİR AZ DA XUDAYAR BƏY...

Kino istedadım olsaydı, o vaxt, məsələn, İ.Stalin haqqında animasiya filmi çəkərdim. Bir vaxtlar, özü də lap yaxın keçmişimizdə, dəqiq deyəcəm, hələ R.Quliyevin spiker olduğu vaxt parlamentdə o qədər gülməli məqam olurdu ki! Onda «vintlər» indiki tək bərkidilməmişdi, parlament iclaslarından birbaşa verilişlər verilirdi. Üstəlik, parlament müxbirləri də yazılarında çoxlu maraqlı məqamlar üzə çıxarırdılar. Mən hələ digər satirik dərgiləri və yazıları demirəm! Amma nə edəsən ki, belə filmləri çəkmək və yazıları yazmaq üçün xüsusi istedad tələb olunur, hamıya bunu etmək müyəssər olmur. Elə bizim yaxın dövrdən də maraqlı bir animasiya filmi çəkmək olardı. Bilirsiniz, çox mətləbləri şişirtməyəndə onlar daha gözəl olur. Uzağa niyə gedək, məsələn, gürcülər özləri haqda çox yüksək fikirlərə dala bilərlər, amma orta statistik gürcü Miminodur! Ən azı sovet dövrünün gürcüsü Miminodan yana getmir!

Belə bir azərbaycanlı obrazı isə hələ yaradılmayıb, müxtəlif cəhdlər olub və indi də var. Məsələn, bir cəhd elə «Ad günü» filmində edilib, amma tam bir obraz yaradılmayıb. Bəlkə də bu da təbiidir, çünki bizim hər birimiz bir azca Məşədi İbad, bir az Xudayar bəy, bir az Novruzəli, bir az kefli İsgəndər və elə bir az da Şeyx Nəsrullahıq!

«Molla Nəsrəddin» - 1906

Elə avtoritar liderlər də bir az Xudayar bəyə, bir az da Lənkəran xanının vəzirinə bənzəyirlər!...

Burada daha bir haşiyə çıxım. Bu, milli mentaliteti çox gözəl göstərir. Bir dəfə Polşada olarkən gürcülər nahar verilməsini gözləmədilər, tez bir stolun arxasına keçib özləri üçün bir süfrə açdılar. Kənardan onlara göz qoyurdum. İlk tostları nə oldu? «Dostlar, içək Gürcüstanın şərəfinə!». Bəlkə elə bu xüsusiyyətə görə E.A.Şevardnadze hakimiyyət üçün təəssüflənmədən, elə bir ağır hiss keçirmədən «bəli, bizim inqilab ən gözəl inqilab idi!» - deyə bilirdi?!...

KİÇİK SÖZARDI

Yazılanlara görə indi Koreyada xüsusi avtomobillərlə şəhəri gəzir, insanlara varisin-yeni liderin necə böyük şəxsiyyət olması haqda təbliğat aparırlar... Yeni liderin isə hələ heç 30 yaşı yoxdur... Burada mənim yadıma bir neçə il bundan əvvəlki Bakı düşdü. Seçki vaxtı idi və maşınlarla şəhərin küçələrini gəzib ruporla təbliğat aparırdılar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.