Asiya kapitalizmi! O, necə təzahür edir?

Belarusda «tolkuçka»

Metronun yarıqaranlıq, yarıişıqlı keçidləri. Alıcıların və satıcıların səs-küyü biri-birinə qarışaraq qəribə bir uğultuya çevrilib. Tünlük adamı lap sıxır, bu tünlükdə özünə yol açmaq istəyirsən, amma çətin məsələdir...

Bəlkə sizlərin hər biri gündə bir neçə dəfə bu mənzərə ilə rastlaşırsınız və hər dəfə də belə düşünürsünüz ki, yerin üstündə sahman yaradan kimi altında da bir qayda-qanun yaratmaq pis olmazdı. Bəlkə də sizə elə gəlir ki, bu, bir texniki, ötəri məsələdir, çünki digər dövlətlərdə də belə hallar olub. Bir vaxt ən böyük bir «tolkuçka» Polşa Seyminin qarşısında yaranmışdı. Mən özüm bir neçə illər bundan əvvəl Polşada olarkən böyük bir stadionun dövrəsində yaranmış və daha çox Ukraynadan, Belarusdan gələn xırda ticarətçilərin alver etdiyi bir «tolkuçka»nı görmüşdüm. SSRİ-nin süqutundan sonra onlar əksər sovet ölkələrində yaranmışdı. Lakin bir çox yerlərdə onlar yığışdırıldı, kiçik köşk və «toçka»ların yerini böyük marketlər tutdu. Amma haradasa onlar bu gün belə qalmaqda davam edir.

Bu lənglik nə ilə izah edilir? İnsan kütləsinin lap qələbəliklə xırda ticarətlə məşğul olması yaxşıdır, yoxsa pis? Mən bu haqda çox düşünmüşəm. Etiraf edim ki, Asiya ölkələri əvvəllər də mənim nəzərimi daha çox uğultulu şəhərləri, qaçdı-qovduları, at yerinə adam qoşulmuş və ora-bura qaçan qoşquları ilə cəlb etmişdi. Belə təsvirlər ən çox da Cənub-Şərqi Asiya ölkələrində, Hindistanda müşahidə olunurdu.

İndi min şükür ki, bizlərdə insanlardan qoşqu kimi istifadə etmirlər. Amma bunun əvəzində əlində su, çay ora-bura qaçan uşaqları, marşrut taksiləri üçün sərnişinləri səsləməklə çörəkpulu qazanan gəncləri görürsən. Bunun bir yozumu belə səslənir ki, elmi tutumlu iqtisadiyyat olmayanda,

Hondurasda uşaq meyvə satır

insanlar daha primitiv üsul və qaydalarla pul qazanırlar. Amma mənə elə gəlir ki, səbəb bir az dərindir...

İKİNCİDƏN BİRİNCİYƏ, YOXSA ÜÇÜNCÜYƏ?

Dünya ölkələri şərti olaraq birinci, ikinci və üçüncü ölkələrə bölünür. «İkinci ölkələr» aralıq mərhələdə olan ölkələrdir. Onlar bir az müddətdən sonra ya ilk ölkələr sırasına, ya da ki, «üçüncü ölkələr»in cərgəsinə qoşulurlar. Ölkələr sırasında «orta sinif»ə bənzər təbəqəyə hələ ki, rast gəlinmir, çünki dünyanı bir iqtisadi polyarlaşma mərəzi tutub. İnkişaf templəri o qədər yüksəkdir ki, birinci ölkələrin ardınca qaçmaq üçün böyük səy və əmək tələb olunur. Mən və eləcə də bir çox insanlar bir vaxt elə düşünürdük ki, əsası sosialistyönlü iqtisadiyyatdan imtina etmək kapitalizmə keçməkdir. Bundan sonrası artıq A.Smith'in qeyd etdiyi kimi, «bazar iqtisadiyyatının gizli əli»nin işidir, bolluğu da, sərvəti də o, yaradacaq. Amma gəlin birgə anlığa düşünək. Dünyada ilk cərgədə, yəni birinci olan nə qədər ölkə var? Üçüncülərin sayı nə qədərdir?

İndi bəlkə də iki-üç ölkə tapmaq olar ki, onlarda hələ də planlı iqtisadiyyat hökm sürür, dünyanın mütləq əksəriyyətində kapitalizmdir. Bəs onda nədən dünya ölkələrinin əksəriyyəti kasıbdır? Bu, təkcə təbii sərvətlərin azlığı ilə bağlıdırmı? Nə qədər paradoksal olsa da, əksinədir. «Üçüncü ölkələr»in böyük əksəriyyətinin bol təbii sərvətləri var. Amma inkişaf yoxdur! Səbəb əsl Asiya modeli deyilən bir modelin bərqərar olmasıdır.

Yeqor Qaydar

Y.QAYDAR RUSLARI NƏDƏN ÇƏKİNDİRİRDİ?

90-cı illərdə Rusiyada siyasətə qoşulmuş ağıllı adamlardan biri də Y.Qaydar idi. Ötən il vəfat etmiş bu adamın maraqlı kitabı var: «Dövlət və evolyusiya». Adı da qəribədir və mənə elə gəlir ki, o, təsadüfən seçilməyib, çünki sovetlər vaxtı «Dövlət və inqilab (revolyutsiya)» kitabı da vardı. Həmin kitabda Asiya kapitalist modelinin tənqidinə kifayət qədər yer ayrılıb. Ən başlıcası isə onu bir sistem kimi xarakterizə etməyə cəhd edilib.

Nədir bu xarakteristik cəhət? Yüksək korrupsiya, məmurların iqtisadiyyata qeyri-məhdud müdaxiləsi və mülkiyyət institutunun özünü təsdiq edə bilməməsi! Kitabda göstərilir ki, hələ tək kapitalizm özlüyündə bütün xəstəliklərin çarəsi deyil, elə xəstəliklər var ki, onlar kapitalizmin özünü də xəstələndirirlər! Asiya tipli istehsal üsulu və Asiya tipli bölgü qaydası! Bunlar adi söz birləşməsi deyil. Bir çox dövlətləri inkişafdan saxlayan, onları aşındıran modeldir. O, reallıq olmasaydı, elə bütün kapitalist ölkələri eyni inkişaf səviyyəsində olardılar. Lakin təəssüf ki, belə deyil – kapitalist quruluşlu dövlətlərin kiçik bir qismi yüksək inkişafda və tərəqqidədir, böyük əksəriyyəti isə, əksinə kasıblıq və işsizlik həddindən qalxa bilmirlər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.