Rusiyada yeni situasiya! O, nə vəd edir?

Moskvada mitinq, 24 dekabr 2011

Rusiyada ikinci aksiya da baş tutdu. Bu aksiya ölkədəki siyasi tendensiyanı hiss etmək üçün mühüm əhəmiyyət kəsb edirdi. Burada kəmiyyət haqqında xüsusi danışmağa ehtiyac yoxdur. Hakimiyyətə yaxın xəbər mənbələri belə etiraf edir ki, bu dəfə ötən dəfəkindən daha çox adam etirazlara qatılmış və etirazçıların sırasını artırmışdı. Düzdür, indi tələsik nəticələr üçün, eyforik və şişirdilmiş bəyanatlar üçün elə bir əsas yoxdur. Amma pessimist analitiklər belə etiraf edir ki, Rusiya daha əvvəlki ölkə olmayacaq, çünki onun siyasət sferasında bir dirçəliş hiss olunur. Sanki müxalifət partiyaları yenidən ayağa qalxmaq və öz gücünü göstərmək istəyir.

Bir neçə il bundan əvvəl isə belə deyildi. Mən bir dəfə Q.Yavlinskinin müsahibəsini oxumuşdum. Bir an mənə elə gəldi ki, müsahibədə hansısa Mərkəzi Asiya ölkəsindən söhbət gedir. O dəfə, dekabrın 24-də isə Q.Yavlinski 30 minlik izdiham önündə çıxış edirdi. Çox maraqlıdır ki, müxalifətin aksiyalarına rəsmi münasibət də polyarlaşıb. Baş nazir V.Putin sərt bəyanatlarla çıxış etsə də, hüquq-mühafizə orqanları etirazçılarla çox sakit və hətta bir qədər ehtiyatla davranır.

Mənə bir məqam xüsusilə təəccüblü gəldi. Rusiyanın Azərbaycandakı səfiri öz müsahibəsinə maraqlı fikirlə başladı: «Biz inkişaf etməkdə olan ölkəyik, hələ çox şeyi necə etməyi bilmirik...». Adətən rusiyalı siyasətçilərdən və diplomatlardan bu cür açıqlamalar eşitmək mümkün olmur. Maraqlıdır, indi belə ehtiyatlı münasibət siyasətçilərin əksəriyyəti üçün xarakterikdir. Bir çoxları bunu hakimiyyətdə hələ ki D.Medvedevin olması ilə izah edir. D.Medvedev bu yaxınlarda Dövlət Dumasına təcili iki qanun layihəsi göndərdi və onları yanvarın 1-dək qəbul etməyi tövsiyə etdi. Qanunlardan biri partiyalarla, digəri isə seçki məsələsi ilə bağlı idi. İndi partiyalara qeydiyyat üçün xəbərdarlıq bəs edəcək, çünki o, 500 nəfərin müraciəti ilə qeydə alına biləcək. Seçkiyə gəldikdə isə qeydiyyat üçün imza toplanması ləğv edilir, prezident seçilmək istəyənlər üçünsə 300 min imza kifayət

Vladimir Putin və Dmitri Medvedev, 1 dekabr 2011

edəcək.

D.Medvedev nədən bu qanunları belə tələskənliklə qəbul etməyə cəhd edir? Bununla bağlı da ehtimallar çoxdur. Ən əsas fikir budur ki, qeydiyyat qaydalarının ağırlığı partiyaları və müstəqil adamları iri siyasi birliklərdə birləşməyə vadar edir. Onlar sadələşdikdən sonrasa əksər bloklar parçalanmalı olacaqlar. Mən bunları niyə qeyd etdim? Bəzən belə də fikirlər səslənir ki, guya Medvedev «özünə oynamaq» istəyir. Lakin fikrimcə, bu, bir qədər zahiri təəssüratdır. Artıq oyuna başlamaq siqnalı verilib, topu oyuna daxil edəcək oyunçu da bəllidir – bu, V.Putindir. Müstəqil Medvedev isə indi olsa-olsa öz qapısına nişan alan oyunçu kimi görünə bilər...

50 MİLYONLUQ İNTERNET PARTİYASI

2000-ci ildə parlament seçkisi ərəfəsində müxalifət partiyaları üçün tövsiyə xarakterli təkliflər hazırlayarkən mən bu təkliflərin sırasına çox ehtiyatla və bir qədər inamsız interneti də əlavə etmişdim. O vaxt mənim bir çox şeydən – bir amerikalı politoloqun, demək olar, bütün dillərə tərcümə olunan, hətta bəzi dini təmayüllü partiyaların belə stolüstü kitabına çevrilən əsərindən, nə də sosial – şəbəkələrdən xəbərim yox idi. İndi isə bu haqda bilməmək hətta savadsızlıq hesab edilir. Bir neçə il əksər ölkələrdə sosial sakitlik dövrü tək keçdi. İndi görürsən ki, bu illər hədər keçməyib, sanki bu illər ərzində sosial enerji toplanırdı. 2011-ci ildə əsl «püskürmə» baş verdi. Rusiyada da artıq təxminən 50 milyon internet istifadəçisi var. Bunların çoxu gənclərdir.

Ortodoksal rus elektoratı müxalifəti çox çətin qəbul edirdi, onlar üçün cüdo həvəskarı, Çeçenistanda müharibəni udan, Rusiyanı parçalanmaqdan xilas edən V.Putin daha anlaşıqlı idi. Amma gənclərin bu problemi yoxdur.

Aleksey Navalnı

​Onlar E.Limonovu da həvəslə oxuyur, Q.Yavlinskinin yalnız peşəkar iqtisadçıların başa düşəcəyi iqtisadi terminologiyasını da elə bir çətinlik çəkmədən dərk edə bilirlər. Rusiya elektoratında yeni bir nəfəs duyulur. Artıq bu ölkədə də seçici tək təqaüdçülər – «babka»lar və «ded»kalar deyil. Nəsil dəyişikliyini konstatasiya etmək çətin olsa da, hər halda sosial qrup dəyişikliyi hiss edilir və bunu görməmək çox çətindir.

QAFQAZ TƏKCƏ NAVALNINI İZLƏMİR...

İki aksiya siyasi aləmə yeni bir iddiaçı gətirdi – söhbət A.Navalnıdan gedir. Onun çıxışları və tez-tez «Qafqazlıları yedirtmək yetər!» deməsi Qafqazın da diqqətini cəlb edib. Amma Qafqaz belə bəyanatları liberal-demokrat partiyasının liderinin dilindən çox eşidib. Qafqazı, xüsusən də Azərbaycanı daha çox V.Putinin siyasi perspektivi maraqlandırır. İş o yerə çatıb ki, hətta Azərbaycanda «Nabucco» ilə bağlı mövqelərini martda açıqlacayaqlarını da bəyan etməkdən çəkinmirlər. İndi bu ölkənin siyasəti Putinin saatı ilə birgə irəliləyir, çünki güclü Putin Azərbaycanı da ehtiyatlandırır. Bilirsiniz, bu çox qəribə psixoloji məqamdır – heç kim öz ağasına can sağlığı arzulamır, çünki senyor nə qədər xəstə və düşkün olsa, bir o qədər vassallarından asılı olur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.