Sumqayıt tortu, Fransa və siyasi məhbus

Sumqayıtda bişirilən 50 metr uzunluğunda, 12 ton ağırlığında tort. 24 dekabr 2011

Bəstəkar Firudin Allahverdi Sumqayıt öz bloqunda şəhər Kimyaçılar Mədəniyyət Sarayının qarşısındakı meydanda İlham Əliyevin 50 yaşının tamam olmasıyla bağlı hazırlanan tort haqqında yazır:

«Sumqayıtın icra başçısı Eldar Əzizov əvvəllər eyni vəzifədə işlədiyi zaman Gəncədə yaratdığı ənənəni Sumqayıtda da davam etdirir. Hər il ölkə başçısının ad günü hakimi olduğu şəhərin baş meydanında böyük tortu kəsir. Məni maraqlandıran isə başqa məsələdir. İnsanlarımızın torta necə daraşması istər-istəməz hamımızda təəssüf doğurur. Amma nə etməli, insanın təbiəti belədir. Elə hər yerdə belədir. Nəyisə ucuz, mümkündürsə lap müftə əldə etməyi yer üzündəki insanların demək olar ki, hamısı istəyir.

O zaman belə çıxır ki, problem o torta növbəsiz daraşanlarda deyil, növbəni yaratmalı olanlarda, təşkil edənlərdə, buna məsuliyyət daşıyanlardadır. Yoxsa, siz necə icra strukturusunuz ki, o boyda tort bişirə bilib ölkə başçısına sevginizi bildirə bilirsiniz, amma o tortu mədəni surətdə ölkə vətəndaşlarına çatdıra bilmirsiniz? Sadə xalq kütlələri heç vaxt günahkar olmurlar və günahkar sayılmamalıdırlar. Hansı qayda-qanuna öyrəşiblərsə ona da uyğun hərəkət edirlər.

Nə başınızı ağrıdım, əgər kimsə uzun tort bişirməyi öyrənibsə, zəhmət çəkib onu camaata sivil yolla, ədalətlə çatdırmağı da öyrənməlidir».

BLOQQERDƏN TƏKLİF

Bloqqer Emil Sakitoğlu Fransa parlamentinin «erməni soyqırımı»yla bağlı qəbul etdiyi qanun barədə öz fikirlərini paylaşıb. Emil yazır ki, qardaş Türkiyəyə dəstək olmaq istəyən azərbaycanlılar da çox düşündükdən sonra qərara gəliblər ki, Fransa ədəbiyyatını boykot etsinlər:

Fransanın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyasından görüntü

«Qəbul edilən qərara görə bundan sonra Azərbaycanda kim Alber Kamyu, Gi de Mopassan, Aleksandr Düma, Andre Jid, Antuan de Sent-Ekzüperi, Emil Zolya, Fransua Rable, Jan Jak Russo, Jan-Pol Sartr, Jorj Sand, Jül Vern, Moris Drüon, Onore de Balzak, Prosper Merime, Qüstav Flober, Viktor Hüqo, Volter, Monteskyö, Jan Kokto və başqalarının kitabını oxusa 45 min manat cərimə və 1 il müddətində həbs cəzası ilə cəzalandırılacaq və üstəlik həmin adamın evi də SOCAR işçiləri tərəfindən söküləcək.

Hətta Azərabaycan höküməti daha sərt addım ataraq ilk dəfə fransız maarifçisi Monteskyönün verdiyi hakimiyyətin bölünməsi prinsipindən də imtina etmək istəyir. Milli Məclis növbədənkənar sessiyasında bu məsələ müzakirə ediləcək.

Xatırladaq ki, Monteskyö 1748-ci ildə yazdığı «Qanunların ruhu» əsərində hakimiyyətin üç yerə bölünməsi (qanunverici, icraedici və məhkəmə) və qarşılıqlı məhdudlaşdırılması prinsipini irəli sürüb».

Samir Əsədli də Fransa parlamentinin qəbul etdiyi qanun barədə yazıb.

YENİ İL VƏ HƏBSDƏ OLAN GƏNC FƏAL RÜFƏT HACIBƏYLİ

«Mən heç bir vaxt heç Binəqədi təcridxanasının divarlarını görməmişəm. Ancaq dostlar ciddi rejimli həbsxanalarda ideyaları uğrunda mübarizə aparırlar. O dostların çoxusu məni ancaq qiyabi tanıyır. Mən də həmçinin…» - bunları gənc siyasi məhbus Rüfət Hacıbəylinin doğum günüylə bağlı bloq yazısında Etibar Salmanlı yazıb:

«Mən yeni ili hansısa xarici şəhərdə keçirib Azəristandan uzaq olmağı, bir az zehni zorlanmalardan uzaq sakit 4-5 gün keçirmək istəyirəm. Onlar isə həbsxana daxilində, həbsxanada keçirəcəklər yeni ilə girişlərini.

Deyirlər ki, yeni ili gərək evdə keçirəsən ki, növbəti illərdə də evdə olasan. Bu bizim milli «mentualetimizin» səhvlərindən biridir. İnsan yeni ili ancaq sevdiklərinin yanında olur. Özün uzaqda olursan ancaq ürəyin ailənin, sevgilinin, dostların yanında olur…

Ondandır ki, biz mübarizə üçün özləri uzaqda, qəlbləri isə bizimlə olan dostlarımızı yadda saxlayırıq…

Hər zaman bir yerdə olduğumuzu hamıya çatdırırıq…»