RLS-lər ölkəsi

Rusiya Qəbələdə ikinci RLS inşa etmək istəyir

Bir neçə gündür ki, Qəbələ RLS-i ətrafında gedən danışıqlar az qala siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Məsələyə maraq o qədər artıb ki, hətta Rusiyanın ciddi analitik dərgiləri belə mövzudan yan keçməyib, öz səhifələrində ona xüsusi yer ayırıb.

Əvvəllər belə təəssürat yaranırdı ki, onu Rusiya üçün xüsusi önəm kəsb edən obyekt kimi təqdim edən əsasən yerli informasiya vasitələridir. Elə həqiqətdə də hansısa stasionar (indi daha çox qeyri-stasionar obyektlərdən istifadə edilir) radio qurğunun Rusiya üçün o qədər maraq kəsb etməsi bir qədər şişirdilmiş görünürdü. Hər halda, indiyə qədər iki siyasi sistem və dörd hakimiyyət görmüş bu obyekt bütün deyilən iradlara və tənqidlərə baxmayaraq, öz mövcudluğunu qoruyub saxlayıb.

Bir məsələ xüsusi maraq kəsb edir ki, Rusiya hərbi bazalarına ifrat dözümsüz münasibətilə seçilən Ə.Elçibəy hakimiyyətinin dövründə belə Qəbələ RLS toxunulmaz qaldı. Həmin vaxt hansı arqumentin əsas götürüldüyünü demək indi çətindir, amma dörd hakimiyyətdən Rusiyadan asılılığı ən çox azaltmaq istəyən bir hakimiyyətin dövründə belə bu obyektin qalması problemin heç də asan olmadığını deməyə əsas verir. Xüsusən nəzərə almaq lazım gəlir ki, A.Mütəllibov dövründə və hətta ondan da bir azca əvvəl stansiyanın ekoloji təsirlərini araşdırmaq üçün böyük komissiya yaranmışdı.

Deyirlər ki, zaman çox şeyi «hamarlayır». Bir müddət keçdi, daha ekologiya haqqında heç kim danışmadı: kimi stansiyanın elmi-texniki qurğu kimi əhəmiyyətindən, kimi də onun geosiyasi rolundan danışmağa başladı. İndi də vəziyyət belədir, bir kimsə stansiyanın axır vaxtlar az qala kurort yerinə çevrilmiş Qəbələ rayonu üçün ekoloji ziyanından danışmır. Elə indi də belə təəssürat yaranır ki, Bakı stansiyanın icarə haqqının təxminən iki dəfə artırılması üçün əsl mücadilə aparır.

Qəbələ RLS

Amma neft gəlirlərinin bu qədər bol vaxtında 10-15 milyon manat o qədər böyük məbləğ təsiri bağışlamır. Elə rusların da inadı, danışıqlarda az məbləğ üstündə israr etməsi bir qədər təəccüblü görünür. Böyük ehtimalla burada başqa bir məsələ özünü büruzə verir.

İKİNCİ RLS AZƏRBAYCANIN NƏYİNƏ LAZIMDIR?

Artıq hamı bilir ki, ruslar danışıqların gedişində Qəbələdə ikinci RLS inşa etmək istədiklərini bildiriblər. Onlar köhnə stansiyanın əvəzində yeni modul stansiya tikmək istəyirlər. Bütün bunlar hamıya yaxşı məlumdur. Amma bir məsələ diqqətdən qaçır ki, inşa edilməsi nəzərdə tutulan köhnə stansiyadan fərqi olaraq yeni stansiya hərbi baza kimi nəzərdə tutulur. İndiki obyektinsə belə statusu yoxdur. Bu məsələ ilə bağlı bir neçə irad meydana çıxır. Əsası budur ki, Azərbaycanın hərbi doktrinası, elə milli təhlükəsizlik konsepsiyası da ölkə ərazisində xarici dövlətlərin hərbi bazalarının yaradılmasını nəzərdə tutmur. Digər tərəfdən, bu, Azərbaycanın neytral dövlət statusu ilə uzlaşmır. Amma bunlar da hələ məsələnin bütün təfərrüatı demək deyil.

RLS-İN ƏSL RİSKİ NƏDƏN İBARƏTDİR?

Çox maraqlıdır ki, rəsmi Bakı Qəbələ RLS-in riskli olmasını etiraf edir, lakin buna baxmayaraq, onun istismar edilməsinə çalışır. Rusiya bu obyekti də və inşa edilməsi nəzərdə tutulan yeni obyekti də indi ABŞ-ın bəzi ölkələrdə raket hücumundan müdafiə sistemləri yerləşdirmək

D. Medvedev Kalininqraddakı «Voronej-DM» RLS-ində

​planlarına cavab olaraq nəzərdə tutduğunu etiraf edir. Buradan belə nəticə hasil olur ki, Azərbaycan qlobal hərbi çəkişmədə bir tərəf rolunda, özü də ki Rusiyanın tərəfində çıxış edir. Bu da onu nüvə və raket müharibələri zamanı potensial hədəfə çevirir. İnşa edilməsi nəzərdə tutulan yeni obyekt həm də Türkiyənin və Pakistanın səmasını nəzarətdə saxlayacaq. Deməli, Azərbaycan ərazisini ona müttəfiq olan və ona qarşı bir loyallıq göstərən ölkələrin səmasının izlənilməsi üçün təqdim edir.

ÇIXIŞ YOLU VARMI?

İndi bir məsələyə diqqət yönəldilir ki, Azərbaycan danışıqlarda böyük icarə haqqı təkid etməklə və yeni RLS-in inşasına heç cür razılıq verməməklə o qədər də böyük risk etmir. Çünki risk ikinci halda – yeni RLS-in qurulacağı halda daha böyükdür. Belə ki, bu halda o, faktiki olaraq özünün ərazisində başqa bir dövlətin hərbi bazasının yerləşməsinə icazə verir. Bəlkə artıq elə bu da kimin üçünsə o qədər də pis «perspektiv» kimi görünmür. Amma son 20 ildə əldə olunan azacıq milli nailiyyətlərin bir-bir əldən verilməsi də elə bir yaxşı perspektiv vəd etmir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.