«Transxəzər»in düsturu: 2+2+1

Xələf Xələfov

Noyabrın 22-də Qazaxıstan paytaxtında Xəzərin hüquqi statusu haqqında Konvensiyanın işlənməsi üzrə Xüsusi işçi qrupun 30-cu iclası öz işinə yekun vurdu. İclasın yekununa həsr edilmiş mətbuat konfransında yadda qalan hissə Xəzərin hüquqi statusu məsələlərindən daha çox «Transxəzər»lə bağlı oldu. Belə ki, məhz Astana görüşündən sonra bir daha Xəzəryanı ölkələrin bu meqalayihəyə münasibəti bəlli oldu.

MÜNASİBƏTLƏR

Jurnalistlərin suallarını cavablandırarkən rəsmi Bakının mövqeyini dilə gətirən Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Azərbaycan tranzit ölkə kimi əməkdaşlıq üçün açıqdır və karbohidrogenlərin tranziti üçün öz imkanlarını təqdim etməyə hazırdır. Daha sonra nazir müavini «Xəzəryanı ölkələr öz nəqliyyat və enerji layihələrinin reallaşdırılması üçün suveren hüquqa malikdirlər» deyərək «Transxəzər» qaz kəmərinin mümkün çəkilişi məsələsini jurnalistlərə şərh edib.

Faktiki olaraq Azərbaycanın mövqeyi bir qədər əvvəl rəsmi Aşxabadın «Transxəzər»lə bağlı elan etdiyi mövqe ilə üst-üstə düşüb. Çünki Türkmənistan Xarici İşlər Nazirliyinin noyabrın 19-da yaydığı bəyanatda göstərilir ki, bu ölkə öz ərazi sularında həyata keçirmək istədiyi layihələr üzərində suveren hüquqlara malikdir və üçüncü tərəfin buna qarışması

Türkmənistan prezidenti «Şərq-Qərb» qaz kəmərinin təməlqoyma mərasimində, 31 may 2010

yolverilməzdir.

Qeyd etmək lazımdır ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov rəsmi Aşxabadın Xəzər dənizində magistral boru kəmərləri çəkilməsi məsələsinə münasibətini ortaya hələ düz 1 il öncə - 18 noyabr 2010-cu ildə Xəzəryanı dövlət başçılarının Xəzərin hüquqi statusu ilə bağlı Bakı zirvə toplantısında ortaya qoymuşdu. O zaman Berdıməhəmmədov bəyan etmişdi ki, boru kəməri hansı dövlətlərin ərazi sularından keçəcəksə, məhz həmin dövlətlərin suveren hüquqları çərçivəsində həllini tapmalıdır.

«Transxəzər» boru kəməri Xəzər hövzəsinin enerji resurslarının Avropa bazarına çatdırılması üzrə «Cənub dəhlizi»nin hissəsi kimi nəzərdən keçirilir. Bununla bağlı cari ilin sentyabrın 12-də Avropa Birliyi Enerji Komissiyasına xüsusi mandat verib ki, «Transxəzər» qaz kəmərinin tikintisi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlara başlasın. Danışıqların ilk raundu oktyabrın ikinci ongünlüyündə Brüsseldə baş tutub.

Kreml sentyabrın 13-də XİN tərəfindən bəyanat yayaraq buna özünün kəskin reaksiyasını vermişdi. Moskvanın fikrincə, Xəzərin hüquqi statusunun həllini tapmadığı bir şəraitdə belə bir addımın atılması regionda vəziyyəti gərginləşdirə bilər. Rusiya Avropa Birliyinin Xəzər regionu ilə heç bir coğrafi sərhədləri olmamasını əsas gətirərək, rəsmi Brüsseldən regionun işlərinə qarışmamasını tələb etmişdi. Moskva bununla kifayətlənməyərək bir-neçə dəfə «Transxəzər» qaz kəməri kimi meqalayihələrin həyata keçirilməsi zamanı bütün Xəzəryanı dövlətlərin razılığının olmasını dilə gətirmişdi. İran isə sanki Moskvaya «züy» tutmaqla kifayətləndi, yəni konsensusla (hamılıqla razılıq) məsələlərin həllinin vacibliyini qeyd etdi.

Neft və qaz naziri Suat Mınbayev

Bu azmış kimi, İran Qaz Şirkətinin rəsmisi «Mehr» agentliyinə müsahibəsində rəsmi Aşxabada yol da göstərdi: nəyə lazım «Transxəzər», Türkmənistandan İrana qaz idxalı günü bu gün 20 mlrd kub metr səviyyəsində həyata keçirilə bilər və buradan da biz onu Türkiyə üzərindən Avropaya nəql edərik, təki rəsmi Brüsseli razı salın. Necə deyərlər, rəsmi Tehran eyni zamanda özünün siyasi-iqtisadi problemlərini çözmək arzusuna düşdü.

Ən maraqlı mövqe isə Qazaxıstandan gəldi. Buna daha çox mövqesizlik də demək olardı. Ona görə ki, AB Enerji Komissarı Günther Oettinger oktyabrın 4-də Astanada KIOGE-2011 neft-qaz beynəlxalq konfransında üzünü bu ölkənin rəhbərliyinə tutaraq ««Transxəzər» qaz kəmərinə qoşulun» deyə çağırış etdi. Ancaq onun çağırışı cavabsız qaldı, baxmayaraq ki, tədbirdə ölkənin nazirləri və enerji sektorunun rəhbərləri hamısı iştirak edirdilər. Yalnız oktyabrın 6-da beynəlxalq KİV nümayəndələrinin sorğularından sonra neft və qaz naziri Suat Mınbayev jurnalistlərə ağızucu bunları deyə bilmişdi: «Hələ ki, yaxın gələcəkdə bizim «Transxəzər»ə vurula biləcək azad qaz resurslarımız yoxdur». Astanada xüsusi işçi qrupun 30-cu görüşündəki mətbuat konfransında isə Qazaxıstanın Xarici İşlər nazirinin müavininin «Transxəzər»lə bağlı şərhi daha dumanlı oldu:

«Biz Xəzərin hüquqi statusunun həlini tapmayana qədər bu layihəyə qoşulmayacağıq». Yəni, əvvəllər resursların haçansa tapılmasına ümid bəsləmək olardı, ancaq hüquqi məsələnin həllinin tapılmasına ümid bəsləmək əslində «birdəfəlik «yox» deməməyin diplomatik formasından» başqa bir şey

Xəzəryanı ölkələrin Bakı sammiti, 18 noyabr 2010

deyildir.

DÜSTURLAR NƏ DEYİR

Beləliklə, indiyədək «Transxəzər»ə münasibətdə Xəzəryanı ölkələrin münasibətini formulaya çevirsək aşağıdakı düsturu alarıq: 2+2+1. Xəzərin hüququ statusu düsturu artıq çoxdandır ki, bu şəkildədir: 3+1+1. Yəni, Rusiya, Qazaxıstan və Azərbaycan Xəzərin dibinin orta xətlə bölünməsi tərəfdarıdırlar və bunu öz aralarında artıq həyata keçiriblər də. İran Xəzərin 20% olmaqla tərəflər arasında bərabər bölünməsini istəyir. Türkmənistan da Xəzərin dibinin orta xətlə bölünməsi tərəfdarıdır, ancaq bu zaman iri adaların və Abşeron yarımadasının hesab nöqtəsi kimi götürülməsini istəmir, yəni «analoqsuz bölgü sistemi» istəyir.

Bu düsturlara nəzər salsaq görərik ki, məsələlər göründüyündən də mürəkkəbdir. Çünki burada məsələlərin həllinin tapılmasında mövqe çoxluğunun heç bir əhəmiyyəti yoxdur. Əks halda çoxdan Xəzərin hüquqi statusu həllini tapardı və bunun nəticəsi kimi 2001-ci ildən kəşfiyyat işləri dondurulmuş «Araz-Alov-Şərq» strukturlarında axtarış işləri bərpa edilərdi. «Transxəzər»in çəkilməsi siyasi bəyanatlar yolu ilə deyil, hüquq çərçivəsində həll olunardı və region ölkələri ən azından iqtisadi əməkdaşlıqlarını indiki səviyyədən qat-qat yüksəldərdilər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.