Morningstar Bakıda jurnalistlərdən nəyi gizlədib?

Richard Morningstar.


Noyabrın 14-15-də ABŞ dövlət katibinin Avrasiyada enerji diplomatiyası üzrə xüsusi nümayəndəsi Richard Morningstar Bakıda səfərdə olub. Səfəri çərçivəsində onun Azərbaycan prezidenti İlham Əliyev, hökumət rəsmiləri və energetika sahəsində işləyən şirkətlərin rəhbərləri ilə görüşləri olub. Morningstar Azərbaycana hər il bir-neçə dəfə səfər edir və əsas məsələ budur ki, o bu dəfə Bakıya nə məqsədlə gəlmişdi?

Rəsmi məlumatlar

Azərbaycanın rəsmi KİV-ləri Morningstarın Bakı səfəri haqda demək olar ki, protokol görüşlərdən hazırlanan məlumatlardan başqa bir şey verməmişdilər. Elə dövlət başçısı ilə görüşdən də qısa bir xəbər yayılmışdı. Ona görə bütün ümidlər qalırdı cənab Morningstarın özünün keçirəcəyi mətbuat konfransına.

Həmin tədbirə də ABŞ səfirliyi məhdud sayda jurnalist dəvət etdiyindən orada səsləndirilən fikirləri informasiya agentlikləri vasitəsilə öyrənməli oldum. Ancaq ilk dəfə idi ki, bu cür yüksək ranqlı məmurun açıqlamalarında həddən artıq bir-birinə uyğun olmayan fikirlərlə rastlaşırdım. Ona görə də qərara gəldim elə ABŞ-ın rəsmi orqanlarının informasiya mənbələrindən istifadə edim.

Morningstarın açıqlaması

“Amerikanin səsi” radiosunun saytında yerləşdirilmiş məlumatda Morningstara istinadən bildirilir ki, ABŞ Nabucco-nun tikintisi ilə bağlı siyasi dəstəyini təklif edib və bundan sonra da dəstəyini davam etdirəcək.

“Nabucco-nun tikintisi siyasi və strateji cəhətdən mühüm olardı. Kəmərin tikintisinə Amerika şirkətləri cəlb olunarsa Amerika idxal-ixrac Bankı tərəfindən tikinti fəaliyyətinin maliyyələşdirilməsinə maliyyə vəsaiti yönəltmək mümkündür. Amerika Cənub dəhlizindən keçən istənilən layihəni dəstəkləyəcək. Bir şərtlə ki, bu kəmər Nabucco-dan kiçik tutumlu olmalıdır.

Çox aydın zəmanət verilməlidir ki, bu kəmərin genişləndirilməsi imkanları olsun. Zərurət yarandıqda bu kəməri genişləndirmək mümkün olmalıdır. Bir daha təkrar edirəm ki, biz Nabucco-nu bu baxımdan dəstəkləyirik ki, onun tikintisi strateji və siyasi baxımdan əhəmiyyətlidir.”

Qarışıq məqamlar

Açıqlamadan belə məlum olur ki, Morningstarın Azərbaycana səfərinin əsas məqamlarından biri Nabucco layihəsinə lobbiçilik etmək imiş və bu arzusu gerçəkləşməmiş qalıb. Ancaq buna baxmayaraq, o, jurnalistlərə bəyan edib ki, “Amerika və Azərbaycan bütün enerji məsələlərində əhəmiyyətli, zəruri ümumi ortaq razılığa malikdir”.

Başqa bir tərəfdən Morninqstar bildirib ki, “bir müddət öncə qazın satışı və tranziti ilə bağlı Türkiyə ilə Azərbaycan arasında əldə edilmiş razılığa görə İlham Əliyevi təbrik etdim. Bu sazişin Cənub dəhlizi layihəsinin davam etdirilməsi baxımından əsas təkan olması ilə bağlı mülahizələrimizi bölüşdük... Hər iki tərəf qazın Avropaya çatdırılmasında kommersiya baxımından bütün tərəflər üçün əhəmiyyətli layihəni dəstəkləyəcəyi barədə razılığa gəldi”.

Demək cənab Morningstar bilirdi ki, İzmirdə oktyabrın 25-də SOCAR və BOTAŞ razılığa gəliblər ki, paritet əsasda Türkiyə ərazisində yeni bir qaz kəmərinin tiksinlər və bunun vasitəsilə də Azərbaycan qazını gələcəkdə Avropaya ixrac etmək mümkün olacaq.

Bundan başqa, ABŞ administrasiyası ekspertlərinin də yəqin ki, Nabucco kəmərinin son qiymətlərindən və BP şirkətinin 4-cü ixrac variantından xəbərləri olmamış deyildi.

Elə isə Bakıda heç bir kommersiya dolğunluğu daşımayan bir layihənin “siyasi əhəmiyyət”dən danışmağın yeriydimi? Və ya maliyyə böhranına qarşı dünyanı bürüyən etiraz dalğası fonunda ABŞ-ın idxal-ixrac Bankını hələ özünün iqtisadi-kommersiya təsdiqini tapmamış Nabucco-nun tikintisinə nədən vadar etmək? Bəlkə gələcəkdə Nabucco Pipeline şirkətinin iflasa uğramasına elə indidən şirnikləndirici şərait yaratmaq məqsədi güdür bu? Düşündürücüdür!

“Dostcasına müzakirə”


Mənə daha çox qəribə gələni isə Morningstarın Nabucco qaz kəmərinin tikintisinə Amerika xidmət şirkətlərinin cəlb olunması məsələsinin ortalığa atılmasıydı. Ümumiyyətlə, ABŞ kimi dövlətin informasiya-kəşfiyyat imkanlarını göz önünə gətirəndə Dövlət Departamenti kimi orqanın nümayəndəsinin Bakıda çətin məqamlarla üzləşməsinə təəccüb edirsən.

Ancaq mənim nəzərimcə, Morningstarın hər şeydən çox gözəl xəbəri vardı və o bura ABŞ şirkətlərinin Türkiyədəki qaz kəmərində pay almaq məsələsini “dostcasına müzakirə etmək” üçün gəlmişdi.

Yadıma bir şey düşür: heç Bakı-Tbilisi-Ceyhanın tikintisində belə ABŞ-ın tikinti şirkətlərinə iş verilməmişdi. Türkiyə ərazisində isə çətin bu ölkə ilə rəqabət aparan tikinti şirkətləri olsun.

Ona görə, mənə belə gəlir ki, Vaşinqton Bakıda maraqlı bir strateji başlanğıca “start” vermək niyyəti güdür və bunu açıq ifadə etməmək üçün cənab Morningstar Bakıdakı mətbuat konfransında bəzi şeyləri bir-birinə qarışdırmalı olub.