Azərbaycan maskaları

Rəşid şerifin karikaturası - «Mətbuat sorğusu»

TOK-ŞOULARIN MİLLİ MƏKANA YAYDIQLARI İLĞIMLAR

Bu yaxınlarda «Azərbaycanda gənclər necə geyinir?» konusunda Tok-şouda (Xəzər TV-də göstərilib) iştirak edirdim. Orada bir daha gördüm ki, paltar-pultarı kulturoloji kontekstdə düşünmək və danışmaq elə də asan deyil.

Əslində bütün Tok-şoularda düşüncəli danışmaq çətindir. Ancaq bu çətinliyi görünməz etmək üçün TV-lərdə at çapan gənc aparıcılar asanlıq effektini yaratmaq amacı ilə düdüləmək «texnikasına» əl atırlar. Öncələr bizi gündəlik dünyada tək-tük boşboğazlar təngidərdi. Ancaq onların sayı az olduğundan, tutalım, 50 adama bir boşboğaz düşərdi və deməli 49 adam dincələ bilərdi. Sovet Mediasına gəldikdə isə, nə qədər qəribə səslənsə də, orada boş-boğazlığa qoymurdular. Axı, telekanalların və mətbuatın azlığı üzündən efir vaxtının, qəzet sahəsinin qıtlığı vardı.

Ona görə də Sovet TV-lərində və qəzetlərində boşboğazlıq yox, tutuquşuluq, çevir tatı-vur tatı vardı.

ÇOXLUĞUN BOŞBOĞAZ SONUCLARI

İndi TV kanallarının xeyli sayı, qəzetlərin və saytların çoxluğu boş yeri doldurmaq problemini yaradıb və o yerləri ağızlarının becidliyi ağıllarının sürətindən qabaq gedən oğlan və qızlar doldurub.

Çağdaş Tok-şoularda ritm yaratmaq və susqunluğu qaranlıq sayıban qovmaq üçün çəpik və gəvəzəlik «texnikası» tapılıb. İki dəqiqədən bir əl çalmaq Şouya sanki diringi ritm verir. Bu ritm fəallıq ilğımını yaradır. Hər «səki-qəşəng» deyimdən sonra əl çalmaq «nə yaxşı söhbət edirik» illüziyasını yaradır – yaradır aldanışlarla, səs-küylə. İkinci «ixtira», yəni gəvəzəlik aparıcıların «səki-virtuoz» danışığıdır. Bununla onlar susqunluğu düşüncələrlə yox, qatar-qatar tökülən sözlərlə «görünməz» edirlər. Azərbaycanlılar hansı məntiqləsə tapıb ki, susqunluq, susub oturmaq axmaqlığın, səviyyəsizliyin, darıxqanlığın göstəricisidir. Tok-şouda susqun pauzalar olsa, belə çıxacaq ki, iştirakçıların deməyə sözü, düşüncəsi yoxdur. Yoxdursa, deməli, başları boşdur, ona görə də ordan çıxarmağa bir nəsnə yoxdur. Bax, bu nədənlə, səbəblə də hər yerdə, eləcə də efirdə şoumənlər boğaz yırtıb, dil töküb sakitliklə böyük dava aparırlar.

CİBLƏR, YAMAQLAR, PİNTİLİKLƏR HARADAN GƏLİR

Məncə, gənclərin geyim konusunda «pis geyinirlər» söyləmək, heç nəyi bəyənməmək üslubunda öz «səki-ağıllı» kimliyini qurmaq bicliyidir. Mən belə bic görünməmək üçün bəzi nəsnələri deyim.

İndiki gənclərin geyimində ən gözlənməz yerlərdə olan ciblər və ya cib görüntüləri (ağ etməyin estetikası), şalvardan çıxmış köynək (səliqəsizliyin estetikası), çirk rənglər (pintiliyin estetikası), taykeşlik, tərsinəlik, cındır və cırıq, yamaq yerlər (yoxsulluğun estetikası) hamısı bir vaxtlar yüksək modada tapılmış,

Modada inqilab, Kanada

istifadə olunmuşdu və sonra İtaliya, Fransa, Çin, türk istehsallarında (ürətimlərində) tirajlaşdırılmışdı. Beləcə, elitar moda tapıntıları hamılaşdırılır və Azərbaycan kimi ölkələrdə yüz minlərlə gəncin geyiminə çevrilir. Beləcə, Çin və türk tavarlarının ucuzluğu üzündən bütün Azərbaycan qız və oğlanları normal geyinirlər...

QLOBALLAŞMIŞ DÜNYADA MİLLİ GEYİM FƏRQLƏRİ

Bu durumda, ilginc bir soru çıxır: türk və Çin tavarları, tutalım, gürcü, rus və azərbaycanlı gənclərinə ortaq olduğu halda onlar arasında geyim fərqləri haradan gəlir?

Mən gəncliyimdə Moskvada oxuyanda rusların papaqlarından çaş qalmışdım. Ona görə də gündəliyimdə yazmışdım: Moskva ən əcaib papaqlar geyinən kişilər şəhəridir! Səbəbi: o vaxtlar bizdə papaq kişilik rəmzi olduğu üçün heç kim onunla «dingişlik» etmirdi. Ona görə də hamı iki-üç papaq, şapka tipindən birini seçirdi. Rusiyada isə bu simvol yox idi, ona görə də hərə başına nə gəldi qoyurdu.

70-80-ci illərdə konkisürənlərin, alpinistlərin toxunma papaqlarını Azərbaycanda başa qoymaq mümkün deyildi, hoydu-hoyduya götürərdilər. Elə papaqları ancaq balaca uşaqların başında görərdik. Bakıda ilk dəfə Ermənistan qaçqınları bu papaqları ilə şəhərə çıxdılar. İndi isə onu, day, hamımız qoyuruq. Bu o deməkdir ki, papaq məsələsində Ermənistan vətəndaşları ermənili- türklü bizə baxanda az konservativ olublar.

Keçək başqa nəsnəyə. 90-cı illərdə bütün azəri qadınları sinəsi qızıl pullu paltarlar geyərdilər. Bu dəb Azərbaycan ixtirası deyildi, yenə ya Avropadan, ya Türkiyədən gəlmişdi. Ancaq orada ani bir parıltı salıb sıradan çıxaraq yerini başqa dəblərə vermişdi. Bizim qadınlarınsa qızıl və parıltı sevgisi ona gətirmişdi ki, həmin modanı bir-neçə il saxlamışdılar. O zaman Bakıya gəlmiş bir gürcü tanışımdan soruşanda «burada geyimlər sənə nədə maraqlı görünür», qayıtmışdı ki, bütün qızların və qadınların bu modası.

Ulusların geyim fərqləri belə nəsnələrdən gəlir və onları düşünmək, artıq, kültür olaylarına elmi yanaşmadır.

DÜNYA MASKALARI

Leydi Qaqa

Moda məsələsində bir nəsnə də var, onu maska metaforasında düşünək. Ancaq öncə «maska» metaforasını açım.

​Bütün dinlərdə, hərəkatlarda və başqa kültür alanlarında (siyasətdə, şoularda) öz kimliyini görünüşcə, geyimcə, davranışca bənzərsizlik özəlliyində yaratmış qurucular durur. Zaman keçdikcə davamçılar bu banilərin görünüş, geyim, davranış «şəkillərini» götürərək maska, niqab kimi özlərinə taxırlar. Günümüzdən son örnək: İngiltərədə, İtaliyada indiki etiraz eyləmlərində gənclər Ortaçağ ingilis qiyamçısı Qay Foksun film versiyasındakı sifətini maskaya çevirərək üzlərinə taxırlar. Vəhhabilərin saqqal və gödək şalvarları bir maskanın tirajlaşdırılmasına başqa örnəkdir. Qızılbaşların saqqalsız üzü, Qələndərlərin qaşsız, tüksüz başları yenə mürid üzünün mürşüdlərdə maska kimi təkrarlanmasıdır. 90-cı ildən başlayaraq hətta cəbhəçi fəalların da arasında yayılmış ağ corablar (balaqdan aşağıda görünən ağ corablar) heç özləri də bilmirdilər ki, Maykl Cekson corablarının maska kimi təkrarı idi.

Beləliklə, Eynşteyn, Hitler, Çe Qevara, Heminquey, bitlllar, Leydi Qaqa kimi adamlar dünyaya maska tipində yayılan üzlər vermişlər. Böyük kuteryelər dünyaya maska kimi yayılan geyimlər bağışlamışlar. Burdan çıxan sonuc – dünyaya yamsılamaq üçün maska vermiş adamlar qalereyasını ayrıca tarix kimi araşdırmaq olar. Başqa ilginc soru – türklər, müsəlmanlar maskalara çevrilmiş üzlər qalereyasına nələri vermişlər? Daha bir soru – Azərbaycan oğlanları özlərini qızlara çəkimli, ilginc etmək üçün hansı maskaları daha çox seçirlər? Eləcə də qızlar. Bu oğlan və qızlara seçdikləri maskalar nələri bildirir ki, məhz bu bildirilənlərə görə də seçirlər?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.