Azərbaycan Qərbə qazla irəliləməkdədir...

İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan, İzmir, 25 oktyabr 2011

Məntiqə əsaslanan gümanlarımız öz təsdiqini tapdı, nəhayət ki, uzun sürən danışıqların yekunu olaraq oktyabrın 25-də Azərbaycanla Türkiyə arasında paket qaz sazişi imzalandı. Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın sözü ilə desək, daha Azərbaycan qazının Avropaya daşınması yolunda bir maneə qalmadı. İndi əsas məqam Avropa məkanında Azərbaycan qazına bir bazar tapmaqdır.

AVROPA BAZARI

Bu, heç də sadə bir iş deyil. Baxmayaraq ki, liberal bazar qanunları mövcuddur və rəsmi Brüssel enerjidaşıyıcıların idxalının çoxsahəli olmasına önəm verir, bazarlar iri və orta şirkətlər tərəfindən tutulub. Burada nə qədər manevr etsən yenə də «oturuşmuş» şirkətlərin əhatə dairəsində olacaqsan.

Boru xətti ilə Avropaya gətirilən qazın satışı isə daha mürəkkəbdir, çünki burada əsas qaz paylayıcı mərkəzlərdə təmərküzləşmə çoxdan baş verib. Ona görə də Avropa bazarında «özünə yer eləmək», özü də uzunmüddətli müqavilələr əsasında, heç də Ceyhan limanında iritonnajlı tankerlə (tutumu 600 min bareldən 1 mln barelədək) neft satmaq qədər asan bir şey deyil.

Ancaq vəziyyət çıxılmaz da deyil. Ona görə ki, burada bazar kiminsə maraqları və ya monopolist istəkləri ilə deyil, qanunlarla tənzimlənir. Bu baxımdan da, nəzərə alsaq ki, SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) apardığı kommersiya danışıqlarında ona BP kimi bir nəhəng də yardımçı olur, demək «Şah-dəniz» qazının Avropaya axması, özü də minimum 2036-cı ilin sonuna qədər («Şah-dəniz» layihəsi üzrə PSA müqavilənin hüquqi qüvvəsinin bitməsi dövrü) davam etməsi yaxın vaxtlarda reallığa çevrilməlidir.

SAZİŞ İMZALANDI, BƏS SONRA?

İzmirdə türkiyəli jurnalistlər prezident İlham Əliyevdən «Nabucco» qaz kəmərinə münasibət öyrənmək istədilər, daha doğrusu istədikləri bu idi ki, Azərbaycan qazını bu kəmərlə Avropaya çıxaracaqmı?

İlham Əliyev Budapeştdə «Nabucco» sammitində, 2009

Dövlət başçısı diplomatik ifadələrlə bunun Azərbaycanın marağına cavab verən boru xətti ilə həyata keçiriləcəyini söylədi və ümumiyyətlə, «Cənub dəhlizi»nin əhəmiyyətini bir daha onların diqqətinə çatdırdı.

Əslində İlham Əliyev çox düzgün bir mövqe nümayiş etdirdi. Çünki hazırda SOCAR və onun «Şah-dəniz» layihəsi üzrə tərəfdaşları «Mərhələ-2» çərçivəsində Avropaya ixrac ediləcək qazın marşrutunun təyin edilməsi üzərində iş aparırlar. Bununla bağlı oktyabrın 1-ə «Nabucco», ITGI və TAP kimi infrastruktur layihəsi iştirakçılarından son təkliflər alınıb. Bir qədər əvvəl SOCAR prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, alınan təkliflərin qiymətləndirilməsi prosesi 4 həftəyədək davam edəcək. Deməli, İzmirdə Azərbaycan prezidenti hansısa boru xəttinin dəstəklənməsi ilə bağlı bir açıqlama versəydi, bu iştirakçı şirkətlər tərəfindən hələ başa çatmamış tender prosesinə müdaxilə kimi qiymətləndirilə bilərdi.

Təbii ki, noyabrın əvvəli üçün «Şah-dəniz» iştirakçıları qiymətləndirmə prosesinin yekunlarına görə kommersiya baxımından onlara sərf edəcək marşrutu müəyyənləşdirəcəklər. Ancaq bu, yekun seçim olmayacaq. Çünki bundan sonra şirkətlərin seçimi Azərbaycan dövlətinin strateji maraqları ilə uzlaşdırılma mərhələsinə keçəcək.

NƏDİR BU MƏRHƏLƏ?

Şirkətləri maraqlandıran əsas məsələ «Mərhələ-2» layihəsi çərçivəsində daha çox gəlir əldə etməkdir, bunun üçün də qazın ucuz nəqli və baha satışı əsas meyar kimi ortada durur. Yəni, çox normal bir yanaşmadır. Tutaq ki, şirkətlər ITGI layihəsini (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) məqbul saydılar və

Qaz kəmərinin tikintisi

İtaliya bazarında da yaxşı qiymətlərin olduğunu vurğuladılar. Ancaq Azərbaycan rəhbərliyi ilə məsləhətləşmələr nəticəsində nisbətən kiçik layihə - TAP (Yunanıstan-Albaniya-İtaliya) qalib elan olundu. Rəhbərlik şirkətlərə strateji planlarını açıqlayır: 5 il sonra SOCAR Albaniyanın yerli qaz bazarının 50%-ni nəzarətə götürəcək, 25% magistral qaz kəmərləri bizim nəzarətimizdə olacaq, 2018-də buradan keçmiş Yuqoslaviya ölkələrinə qaz ekspansiyasına başlayacağıq və sair. Bununla da həm İtaliya bazarına, həm də Balkanlara çıxışımız olacaq.

Bax, burada məsələnin həlli kökündən dəyişir və Azərbaycanın maraqları şirkətlərdən önə keçir – hansını ki, İlham Əliyev yüksək kürsülərdən daim hər hansı boru xəttinə görə lobbiçilik edən Qərb siyasətçilərinin nəzərinə çatdırmağı unutmurdu.

ÜZÜCÜ İKİ AY

Ola bilsin ki, Azərbaycanın seçimi ilin sonuna kimi çəksin. Çünki bu ərəfədə regionda siyasi vəziyyətin də bu məsələylə dolayı əlaqəsi ola bilər. Bundan başqa, SOCAR qarşısında çox ciddi bir məsələnin həlli durub: Azərbaycan ərazisində yeni qaz kəməri tiksin, yoxsa Bakı-Tbilisi-Ərzurumun ərazimizdən keçən 480 km. hissəsinin genişləndirilməsinə icazə versin. Bu məsələ hələ də həllini tapmayıb. Ancaq istənilən halda Azərbaycan Qərbə doğru öz qazı ilə irəliləməkdədir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.