Diktatorların xalqa ata olmaq həvəsi

Arxiv şəkil.

- Axı Mən Sizin Atanızam...

Bu iddialı bəyanatı ayaqlar altında tapdalanan yaralı Qaddafi səsləndirirdi. “Siz günah işlədirsiniz, mən sizin atanızam”. Ya diktatorlar ölüm ayağında belə camaatı ələ salmaq qabiliyyətlərini qoruyub saxlayırlar, ya da adam doğrudan da dediyinə inanırdı. 1989-da güllələnməyə aparılan Yelena Çauşesku da belə danışırdı: “Nə edirsiniz? Axı siz mənim uşaqlarımsınız.” Yəqin ki, səmimi bəyanatlardır. Amma bu bəyanat onu səsləndirən adamın düşüncə tərzi haqqında nələri deyir?

Kralların Yadigarı

Ölkə əhalisinə öz uşaqları, daha qədimdə isə öz qulu kimi baxmaq monarxik sistemin doğurduğu düşüncə tərzidir. Kralın mütləq hakimiyyətinin qorunması üçün bu patriarxal düşüncəyə böyük ehtiyac var idi. Cəmiyyəti ailə, kralı ailənin başçısı/atası hesab etməklə ierarxik hakimiyyət sisteminin sabitliyini saxlamaq mümkün olurdu. Yoxsa hər yoldan ötən şahın şahlığını sual altına qoya bilərdi və bütün cəmiyyət daima vətəndaş müharibəsi vəziyyətində yaşamalı olardı.

On yeddinci əsrin ortalarında bu sistemə İngiltərədə ilk etiraz ediləndə kral Çarlz Stüart başa düşə bilmirdi ki, uşaqlar öz atalarının – kralın iradəsini necə sual altına qoya bilərlər. Kralın ordusunu iki dəfə məğlub edən İngiltərə parlamenti ondan sadə bir şey tələb edirdi – kralın səlahiyyətlərini məhdudlaşdıran bir sənədə imza atmaq. Kişini devirmirdilər. Hakimiyyətinin də cüzi bir hissəsini əlindən alırdılar… onu müharibə meydanında tam məğlub edib, ev dustağı edəndən sonra. Təsəvvür edin ki, belə bir vəziyyətdə Çarlz Stüart dirənib güzəştə getmir və 1649-cu ildə onu edam edəsi olurlar.

İndi XXI əsrdir. İnsanlar ümumən anlayırlar ki, bir adamın hakimiyyətə anadangəlmə haqqı uydurma anlayışdır. Amma Səddam Hüseyn onu mühakimə edən hakimin qarşısında durmaqla öz ali vücudunun təhqir olunduğu qənaətində idi.

Çauşesku və Qaddafini də yuxarıda qeyd etdik. Ən qəribəsi budur ki, yüz illərlə nəsli kral olan monarxlardan fərqli olaraq diktatorların əksəriyyəti çox adi bir şəcərədən gəlirlər; əksəriyyəti hakimiyyətə yiyələnməmişdən qabaq ən adi bir adam olublar və deməli anlamalıdırlar ki, hakimiyyət onların ilahi haqqı deyil.

Anlayırlarmı? Belə görünür ki, anlamırlar. Ölənə qədər anlamırlar.

“Mənim Adamım”

90-cı illərin ortalarında Heydər Əliyevin keçirdiyi çoxsaylı müşavirələrin birində akademik Midhət Abbasov neytral bir mövzuda çıxış edirdi. Akademikin bir qədər müstəqil davranışı Heydər Əliyevin xoşuna gəlmir. Əliyev tələb edir ki, akademik sussun və akademik etiraz edəndə Heydər Əliyev qəribə bir bəyanat verir: “Sən vaxtilə mənim adamım olmusan”. Akademik bir daha etiraz edəndə ki, o heç vaxt Əliyevin adamı olmayıb, Heydər Əliyev səsini ucaldıb daha inadla deyir: “Sən mənim adamım olmusan!”

Heydər Əliyevin istinad etdiyi dövrdə o, imperator, kral, ya da şah olmayıb. O zaman Əliyev guya ki, insan bərabərliyini tərənnüm edən Kommunist partiyasının Azərbaycandakı birinci katibi olub. Amma adamlara necə baxıb…

Yəqin, mütləq hakimiyyətin mahiyyətindən doğur. Mütləq hakimiyyət sahibi qarşısında bir dəfə aciz, hakimiyyətinə tabe gördüyü adamı daha heç vaxt bərabərhüquqlu qəbul edə bilmir.

Dialoq


Avtoritarizmlə mübarizədə yumşaq davranışın perspektivsizliyi ən müxtəlif tribunalardan dəfələrlə səsləndirilib. Amma yuxarıda təsvir edilən fenomeni nəzərə alanda həmin o fikri heç əsaslandırmağa da ehtiyac qalmır.

Təsəvvür edin ki, Qaddafi düşüncəli bir hakimiyyət sahibinə ölkə vətəndaşları dialoq təklif edirlər, siyasi islahatlar yolu tutması üçün onunla bərabərhüquqlu təmaslara girməyə çalışırlar.

Pessimist səslənmək istəmirəm, amma mənə elə gəlir ki, belə təklifləri eşidən hər bir diktatorun ürək sözlərini duyuram: Adam da atası ilə belə danışar?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.