Miminoya heykəl qoyuldu! Bəs, bizim Məşədi?

Mimino abidəsi (Foto: Mediaforum.az)


Tbilisidə Miminoya heykəl qoyuldu. Mediada yayılan məlumata görə, şəhərin ən çoxmillətli rayonu sayılan “Avlobar” metrosunun yanında.

Abidənin 4 il öncə Moskvada açılması nəzərdə tutulubmuş. Amma baş tutmayıb. Səbəb – yəqin ki, Rusiya-Gürcüstan arasındakı ildırımsürətli müharibə olub.

Deyəsən, Gürcüstanda son vaxtlar ədəbi və film qəhrəmanlarının belə heykəl-abidələri dəbə düşüb.

ƏLİ VƏ NİNO—100 İL SONRA QOVUŞAN SEVGİ ABİDƏSİ…

Əli və Ninonun zaman-zaman birləşib öpüşən heykəli yadınızdadırmı? Batumidə qoyulan bu abidənin heykəltəraşı Tamara Kvesitadze idi. Adını əvvəlcə “Kişi və Qadın” qoymuşdular. Sonra dəyişdilər—Sadəcə “Sevgi” adlandırdılar.

Batumidə Əli və Nino abidəsi

Abidə hərəkət edən iki fiqurdan ibatətdir. Metal konstruksiyalardan hazırlanıb. Hündürlüyü 7 metrdir. Qadın və kişi bir-birindən aralıdır. Amma hər 8-10 dəqiqədən bir birləşirlər. Yəni heykəllər müəyyən zaman fasiləsində tam olur. Sonra ayrılırlar… Lap Əli və Nino kimi… Heykəltəraş özü bu abidəni hazırlarkən ilham qaynağının Qurban Səidin bu məşhur romanının qəhrəmanları olduğunu deyib.

SOÇİDƏ QOYULAN ABİDƏYƏ BİRİ DƏ ƏLAVƏ OLUNDU

Keçək Miminoya. 4 il öncə Soçidə də Miminoya bənzər abidə ucaldılıb. Abidə bu əfsanəvi filmin 3 qəhrəmanını əbədiləşdirib—Vaxtanq Kikabidzenin, Yevgeni Leonovun və Frunzik Mkrıtıçyanın qəhrəmanlarını.
Heykəltəraş Zurab Sereteli Tbilisidə qoyulan abidəyə daha bir nəfər əlavə edib – bu, filmin rejissoru Georgi Daneliyanın heykəlidir.

ERMƏNİLƏR DÖZMƏDİ - “QONŞUDAN QALMA DALA”

Soçidən sonra bu yay bənzər abidə Ermənistanın Dilican şəhərində qoyuldu. Filmin erməni personajı Ruben Xaçikyan əslən bu şəhərdən olduğu üçün (Onun dolma sevgisi yadınızdamı?). Hə, ermənilər hətta abidənin qarşısına bizim kimi fəvvarə də quraşdırıblar. Abidə Rusiyada yaşayan erməni mesenatların və yerli erməni icmasının təmsilçilərinin sayəsində ucaldılıb.

BAKIDA KİMİN HEYKƏLİ OLSUN?

Bəs biz? Niyə belə maraqlı heykəllər bizim can Bakımızı da bəzəməsin? Məsələn, Batumidə qoyulan abidəyə Qurban Səidi də əlavə edib Bakıda ucaltmayaq?

Və ya niyə Koroğlunu şəhərin ən uca nöqtəsində - Çənlibeldə dəlilər əhatəsində Nigar xanımla birgə əbədiləşdirməyək?

Bakıda "O olmasın, bu olsun" filminin məşhur personajı Məşədi İbadın kuklası

Niyə bizim milli qəhrəmanımızı — Məşədi İbadı şəhərin düz mərkəzində öz dükanıyla birgə sərgiləməyək. Yanında Qoçu Nəcəfqulu, qəzetəçi Rza bəy, hambal, nə bilim, Gülçöhrə və Əskər?!

Hanı sağlığında sevgiləri dastan olmuş Əliağa Şıxlinski ilə Nigar xanımın birgə abidəsi?

Hanı maestro Niyazi ilə Həcər xanımın heykəli?

Hanı Şəhriyarla Heydərbaba?

Hani Babəklə Bəzz qalası?

Hanı Tık-tık xanım?

Hanı Şəngülüm-Şüngülüm-Məngülüm?

Hanı neft və milyonlar səltənətinin sahibləri?

Hanı xaricdə yaşayan milli soydaşlarımız?

Quru, “cansız”, vaxtilə Leninə, Stalinə qoyulanlara bənzər heykəllərdən qurtulmağın vaxtı çatmayıbmı?

Nə düşünürsünüz?