BP-nin əyri-üyrü borusu

Gürücüstanda kəmərin inşası

Oktyabrın 1-də boru kəmərləri şirkətlərinin «Şah-dəniz» yatağının «Mərhələ-2» layihəsi çərçivəsində çıxarılacaq 10 mlrd. kubmetrlik qaz üçün Azərbaycan tərəfinə verə biləcəkləri kommersiya təklifləri bağlanacaq.

Yəni, bu tarixdən sonra artıq Azərbaycan Dövlət Neft Şirkəti və «Şah-dəniz» layihəsi iştirakçıları artıq heç bir təklifə baxmayacaqlarını elan ediblər. Qeyd edək ki, indiyə qədər «Mərhələ-2» layihəsindəki qaza iddialı kimi 3 boru kəməri çıxış edirdi - «Nabucco» (Türkiyənin «Botaş», Avstriyanın OMV, Almaniyanın RWE, Bolqarıstanın «Bulgargaz», Rumıniyanın «Transgaz», Macarıstanın MOL), Trans-Adriatik Qaz Kəməri – TAP (İsveçrənin EGL, Norveçin «Statoil» və Almaniyanın «E.ON Ruhrgas») və ITGI (İtaliyanın «Edison» və Yunanıstanın DEPA).

BP-NİN BORUSU

Sentyabrın 23-də Londonda BP-nin «Şah-dəniz» layihəsi üzrə vitse-prezidenti Əl Kuk (Al Cook) «Financial Times» qəzetinə bildirib ki, Azərbaycan qazını Avropa bazarlarına çatdırmaq üçün yeni bir marşrut nəzərdən keçirilir. Bu marşrutla «Şah-dəniz» qazının «Mərhələ-2»dən 2017-ci ildə çıxacaq qazını əsasən Şərqi Avropada satmaq planlaşdırılır. Bunun üçün Türkiyədən Bolqarıstana boru xətti çəkilməli, ordan isə Rumıniya və Macarıstan birləşdirilməlidir. Nəzərə alınsa ki, Macarıstan və Xorvatiya artıq qərara alıblar ki, öz ölkələrinin qaz sistemlərini birləşdirsinlər, onda Xəzər qazının bu ölkəyə də daşınması gündəmdə olacaq.
Doğrudan da, artıq uzun illərdir ki, sanki bezmişik bu layihələrdən – demək olar ki, 2006-cı ildən «Caspian Oil & Gas» ənənəvi neft və qaz konfransında bu 3 kəmərlə bağlı eyni əfsanə və nağıllar eşitməkdən başqa çarəmiz qalmamışdı. Nəhayət ki, yeni bir şey də eşitdik və elə bil ki, «borunun sonundakı işıq» təsiri bağışladı. Ancaq bir qədər dərinə gedərkən o saat anlamaq olur ki, boru əyri-üyrüdur və hələ ki, onun o biri ucundan səsdən başqa eşidilən bir şey yoxdur. Elə isə görək bu layihənin özəllikləri nədir.



DAHA ÇOX SUAL???

BP-nin elan etdiyi bu ideyanı bu həftədən artıq həm Qərbdə, həm də Şərqdə (Rusiyada) maraqla şərh etməyə başlayıblar. Əl Kuk israr etsə də ki, bu, hələ boru kəməri layihəsi də deyil və başqa kəmərlərə qarşı da yönəlməyib, «sadəcə, bir ehtiyat variantıdır». Məncə, buna inanan az tapıla. Çünki artıq mediada BP-nin söz açdığı kəmərə «Cənub-Şərqi boru kəməri» (South-East Pipeline) adı veriblər. Rusiyanın biznes dərgisi «Kommersant»a isə BP-də bildiriblər ki, artıq Bolqarıstan, Rumıniya, Macarıstan və Xorvatiya ilə danışıqlar aparılıb. Düzdür, şirkətdə bu danışıqların təfərrüatlarını açıqlamayıblar, ancaq bu o deməkdir ki, layihə üzərində «qızğın» iş gedir.

Maraqlıdır ki, BP-nin yeni kəmər variantı ilə bağlı ilk açıqlamasını sentyabrın 22-də Bakıda keçirilən Beynəlxalq qaz infrastrukturu konfransında «BP-Azerbaijan» şirkətinin kommersiya məsələləri üzrə departamentinin rəhbəri Riçard Taus (Richard Tawse) vermişdi. Onun fikrincə, bu variantın gündəmə gəlməsi sırf qaz hasilatçılarının kommersiya maraqlarından doğub, belə ki, «Mərhələ-2» layihəsi bahalı olduğundan «bizə maksimum sərfəli olacaq bir variant gərəkdir».

MÜMKÜN CAVABLAR

Rusiya faktoru da kifayət qədər vacibdir
SOCAR prezidenti Rövnəq Abdullayev boru kəmərləri şirkətlərindən oktyabrın 1-dək öz təkliflərini rəsmən təqdim etməyi 2011-ci ilin mayında bəyan etdi. Bu, faktiki olaraq SOCAR-BOTAŞ danışıqlarının aprelin sonundakı raundundan sonra baş vermişdi. Hansı raundda ki, tərəflər hazırlaşırdılar Paket qaz sazişini az qala imzalasınlar. Ondan sonra faktiki olaraq bütün yayı danışıqlar olmadı. Bu ərəfədə isə çox güman ki, SOCAR və BP vaxtı boşa verməyib real marşrut üzərində düşünüb-daşınıblar. Aparılan araşdırmalara görə, Yunanıstan və İtaliya bazarları və bu ölkələrə yönəlik infrastruktur layihələrinin reallaşması heç də təqdim edildiyi kimi, cəlbedici deyil. Risklər kifayət qədər böyükdür. Həmçinin, Rusiya faktoru da kifayət qədər vacibdir («Cənub axını» layihəsi). Buna görə də, Azərbaycan və tərəfdaşları daha real və 5 ilə başa gəlməsi mümkün ola biləcək layihəyə «qol qoymağı» qərara veriblər. Əks təqdirdə, təkliflərin qəbulunun başa çatdırılmasına 1 həftə qalmış hansısa ideyanın səsləndirilməsinə nə ehtiyac vardı? Demək, bəlkə də «South-East Pipeline» şirkəti qeydiyyatdan da keçib və onun təkliflər paketi təqdim də edilib. Və çox güman ki, bunu zamanı çatanda, rəsmən elan da edərlər.

P.S. Rusiya üçün bu variant daha əlverişlidir. Çünki «Nabucco» müəyyən zaman kəsiyi üçün də olsa, gündəmdən çıxır. Əslində 2012-ci ilə mümkün maliyyə böhranı ilə girməyə hazırlaşan Avropa Birliyi üçün «Nabucco» kimi meqalayihə bir baş ağrısıdır, nəinki gələcək enerji dərdinə çarə.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.