PUL, HƏYASIZLIQ VƏ UTANCAQLIQ
Ötən bloq yazımda aça bilmədiyim ki nəsnəni indi açım. Onlardan biri bu deyim idi: «pul ölçüyə gələn, ölçən bir şeydir». Keyfiyyət «nəlik» və «necəlik»dirsə, kəmiyyət «neçəlik» və «nə qədərlik»dir. Azərbaycanda ən böyük kələk nəqədərliyi necəliklə, yəni sayı keyfiyyət aldanışları ilə gizlətmək olur. Tariximiz boyu nə qədər usta sifariş alanda müştəri «yaxşı olacaq» deyib, işi bitirəndə isə ona qəpik-quruş verib. Sözsüz, Azərbaycanda «pulumu ver!» deyiminin həyasızlığı var. Ancaq Azərbaycanda, sözsüz, yaxşı adamların zəhmətlərinə görə pul istəməsinin utancaqlığı da var. Batıda qonorarın, maaşın konvertdə verilməsi, məncə, daha çox pulun nə qədər olduğunu qıraqdan göz qoyanlardan gizlətməklə bağlıdır – qaydaları belədir. Bizdə isə xeyli nəcib adam var ki, əlini açıb halal pulunu almasını dilənçinin əl açması ilə anışdıraraq utanır, ona görə də bu konvert məsələsi dadına çatır.
PUL ÖLÇÜ VAHİDİ KİMİ
«Mən yaxşılıq edəcəm» cümləsinə baxanda, «mən filan qədər adama filan qədər pul verəcəm» cümləsi daha aydındır. «Mən populyar siyasətçiyəm» deyiminə baxanda, «Mənə filan qədər adam səs verib» deyimi daha aydındır (hərçənd seçki saxtakarlığı bu axırıncını heçə çevirir). «Mənim sənə yaxşı münasibətim var» cümləsi güc qazanır o zaman ki, bu yaxşı münasibətdən aldıqlarım ya bahalı nəsnələrdir, ya da dolayı olsa da yaxşı pullardır.
PUL VƏ MƏNƏVİYYAT
Mən indi pulun, kəmiyyətin önəmini açıram, ancaq sözsüz, elə mənəvi-dini hallar olur ki, insan pulun yerinə təbəssümə, sevgiyə üstünlük verir. Ancaq bu dünyagörüşünə insanın gücü çatması çox çətindir. Məsələn, insan Allaha sevgisinə görə başqalarına pislik edən pullu prokuror, polis rəisi vəzifəsindən imtina edə bilər. Ancaq çoxmu belə adamlar var?! Hətta aydın olur ki, şəhid kəmərini bağlayıb guya Allah yolunda ölümə gedənlərin arasında da elələri var ki, yoxsul ailəsinə pul çatacağına görə belə edir.
Həm İslamda, həm Xristianlıqda təriqətlər var ki, davamçılarını bir-birinə mənəvi bağlarla bağlamaq üçün pulla bağlayır. Bunu bizdəki missionerlikdə də görürük. Ancaq nə qədər deyinsələr də, heç də hər yerdə və hər kəsdə imanı puldan xilas etmək olmur: missionerləri pisləyən o qədər İslam dini xadimi var ki, getdiyi yasların pulunu çax-çuxa salır və yasa çağırılanda sevinir.
PULUN SAYININ KEYFİYYƏTƏ KEÇİRMƏSİ
Bizim dilimizdə «sayğı» sözü var, hörməti bildirir (Anadolu türklərində «sayın/sain» kimi). Bax, «sayğılı»da biz sayın keyfiyyətə keçdiyini görürük: səni saymaq səni seçməkdir, səni seçmək isə sənə hörmətdir. Necə ki yüksək maaş da adamı hörmətə mindirir.
İndi biz say ölçüsü olan puldan gerçəkliyimizə baxsaq, görərik ki, Azərbaycanda statistika bilgilərinin az, yalan və ya yarımçıqlığı keyfiyyətləri düşünmək imkanlarımızı aşağı salır. Bakı asfaltlarına xərclənən pulları təkrar asfalt çəkilmələrin sayı ilə tutuşdursaq, işin keyfiyyətini bilərik. Korrupsiyanın pul sayını bilsək, saxtalığın, iqtisadi əsası olmayan iqtisadi əməliyyatların sayını bilərik. Maaşla işıq və qaz pulunu, avtobus pulunu tutuşdursaq, hakim qüvvənin vətəndaşların taleyini necə düşündüklərini tapa bilərik.
Ona görə də söyləyirəm: pul ən ciddi ölçü aracıdır və pul keyfiyyəti bilmək üçün ən yaxşı vasitədir.
PUL MEXANİZM KİMİ
Bu anlamda da deyərdim ki, pul dünyada ən güclü mexanizmlərdəndir. «Mexanizm» latınca bir təkanı başqa proseslərə çevirən alətə deyilir. Puldan qurulmuş mexanizm də idealları, istəkləri lazım bildiyin proseslərə çevirir. Məsələn, Türkiyə çoxdandı ki, dünya çapına layiq futbolunun olmasını arzulayırdı. Elə ki futbolu biznesə çevirdi, bu arzusuna çatdı.
Biz mədəniyyəti yaman çox mənəviyyatla bağlayırıq, ancaq Hollivud timsalı göstərir ki, mədəniyyətdə, kinoda çoxlu pullar fırlananda mədəniyyət də yüksəlir. Mədəniyyətdə elitar olanlar pul gətirmir. Ancaq mədəniyyətdə çoxlu pullar fırlananda elitar üçün də pul tapılır. Necə ki «axmaq» bestsellerdən yaxşı pul qazanan nəşriyyat pul gətirməyən yüksək romanı da çap edə bilir – ən azı özünü hörmətli etmək üçün.
Bizim müəllimlərin ən sevdiyi şikayət tələbələrin oxumamasıdır. Ancaq mən deyərdim: bizim öyrətdiyimiz biliklər tələbələrə pul gətirsə, oxuyarlar. Bunun üçünsə Azərbaycanda iki nəsnə olmalıdır: birincisi, biliklərə görə pul qazandıran iqtisadiyyat. İkincisi isə belə iqtisadiyyat olandan sonra müəllimə, məktəbə sual verilməlidir: niyə sənin verdiyin bilik pul gətirmir?!
Cəmiyyətdə mənəvi nüfuz, reputasiya, düzlük, yaltaqsızlıq insana pul gətirən və ya pula gətirən sayğı qazandırırsa, toplumda şərəfli kəslərin sayı artır. Toplumda bütün bunlar olmursa, alçaqlıq dəbdə olmasa da murdar sayılmır.
AZƏRBAYCANI PUL DÜZƏLDƏCƏKMİ?
Bütün bu söylədiklərimdən sonra məni çoxdan düşündürən bir nəsnəni deyim. Azərbaycanı nə siyasi partiyalar, nə siyasi ideyalar düzəldəcək. Azərbaycanı düzgün-doğru pul mexanizmi düzəldəcək. Mənə elə gəlir ki, məmləkətimizdə pulla bağlı indiki iyrəncliyin, üfunətin içində xırda-xırda elə başlanğıclar formalaşır ki, axırda onlar pozitiv-konstruktiv mexanizm olacaqlar.
Ancaq «bizdə pul psixolojisi necə olmalıdır, pullar çaxçuxunda nələr baş verməlidir ki, elə olsun» sorusuna yaxşı iqtisadçılar cavab tapmalıdırlar.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.