Nədən heç kim qəhrəman olmaq istəmir?

Ümid - Rəşid Şerifin karikaturası

Bu yaxınlardaca təsadüfən görüşdüyüm bir tanış bir xeyli ölkədəki vəziyyət haqda danışdı və axırda da sözünü maraqlı bir fikirlə bitirdi: «Bu ölkədə heç kim qəhrəman olmaq istəmir!». Onun fikri mənə çox maraqlı göründü. Lakin ürəyimdə onunla razılaşa bilmirdim. Doğrudanmı, heç kimsə məşhurlaşmaq və tanınmaq, barmaqla göstərilmək istəmir? Mən demirəm ki, sualın cavabı mənə dəqiq məlumdur. Amma bildiyim budur ki, böyük əksəriyyət şöhrətə, ad - sana heç də biganə deyil.

Bəs onda problem nədədir? Mənə elə gəlir ki, insanlar adsız qəhrəman olmaq istəmirlər. Bütün dünyada isə proseslərə bu cür insanlar, məhz adsız qəhrəmanlar təkan verirlər. Onları əksər hallardaca heç kim tanımır, hətta bəzi hallarda belələrinə «kütlə» də deyirlər. Amma siz digər ölkələrdəki proseslərə baxın. Məsələn, bu yaxınlardakı prosesləri, elə ərəb ölkələrini götürün. Böyük kütlə, insan seli etiraz etdi, bəziləri hətta bu yolda həlak oldu. Amma bizi bir çox hallarda bu, hətta narahat da etmir, bu qədər böyük proseslərdən bir – iki adamın adını çəkə bilsək, böyük şeydir, çünki biz onları tanımırıq. Böyük ehtimalla onları hətta öz həmvətənliləri də tanımayacaq və ən yaxşı halda bir daş lövhə ucaldıb oradaca ümumi sözlər yazacaqlar.

Amma onlar şöhrət lazım idimi? Güman etmirəm. Bu insanları o proseslərə qoşulmağa vadar edən azadlıq və ləyaqət hiss idi. Bəlkə onların bir qismi o qədər pis də yaşamırdı. Lakin məsələ elə bundadır ki, insanların yalnız sosial problemlər ucbatından etiraz etməyə məcbur olduqlarını iddia edən fəlsəfə artıq arxada qalıb. Həmin fəlsəfə ilə bir çox ölkələrdəki, əsasən də tox və varlı ölkələrdəki etirazları izah etmək mümkün deyil - aclıqdan və susuzluqdan insanların qırıldığı Somalidə heç kim etiraz etmir, inqilab etmir və humanitar yardım paylanan növbələrdə gözləməklə işlərini bitmiş hesab edirlər. Lakin qat – qat tox ölkədə, Misirdə insanlar etiraz edir və diktaturanı rədd edir. Bu, paradoks deyil, sadəcə sosial – siyasi proseslərə yeni baxış tələb edən
Müxalifətin aksiyası, 30 aprel 2010
faktdır.

21-Cİ ƏSRİN «PRAQMATİK»LƏRİ

Siyasi prosesləri də təbiət prosesləri kimi yozmağa çalışanlar belə bir fikir söyləyirlər ki, insan həmişə az müqavimət tələb edən yolu seçir. Bu fikirdə də müəyyən rasional elementlər var. Təsəvvür edin, bir çox ölkələrdə hətta hakim zümrəyə yaxın insanlar belə özləri üçün müxalifət partiyalarının bilet və sənədlərini əldə edib yaşamaq üçün xaricə köçürlər. Bu da praqmatizmin bir qədər deformasiya olunmuş formasıdır. İnsan fikirləşir ki, bir ölkədə çox əlləşib – vuruşmaqdansa, nisbətən rahat və sabit ölkəyə köçüb yaşamaq da olar. Təbii ki, bu da insanların seçimidir, üstəlik yerdəyişmə hüququ insan hüquqlarının fundamental tərkib hissələrindən biridir. Bəzi ölkələrdən, elə tutaq ki, İran kimi dövlətlərdən mühacir axını olmasaydı, insanlar daha asan yol seçməsəydilər, bəlkə də orada siyasi sistem çoxdan dəyişərdi. İnsanları bir çox hallarda adi məişət fəlsəfəsi idarə edir: mənim evim və ailəm! Çoxu hər şeyə məhz bu aspektdən yanaşır. Amma bu «fəlsəfə»dən başqa mənim məhəlləm, mənim şəhərim, mənim ölkəm fəlsəfəsi də var!

VAXT QİYMƏTƏ MİNİB, YOXSA İNSANLAR BİGANƏLƏŞİB?

B.Franklinin ardınca indi hamı «vaxt puldur!» deyir. Amma Franklin başqa işlərə də vaxt tapırdı, ABŞ –ın üç böyük və fundamental sənədinin altındaca məhz bu adamın adı dayanır. Amma avtoritar ölkələrin orta statistik insanı necə fikirləşir? «Mənim vaxtım yoxdur, mən ailəmi dolandırmalıyam!». Bəs ədalətsizliklərə qarşı etirazı kim etməlidir? Onların buna da cavabı olduqca lakonikdir: «müxalifət var, qoy, onlar etiraz etsin!». Sanki müxalifətçi etiraz etdiyinə görə maaş alır! Bu cür adamlar məmurlar haqqında belə desələr və tutaq ki, xarici siyasətlə diplomatların məşğul olmalı olduqlarını iddia etmiş olsalar, haqlı olarlar, çünki məmurlar insanların ödədiyi vergilər hesabına maaş alırlar və məhz bu səbəbdən də işləməlidirlər. Amma müxalifət təkcə «etiraz kontoru» deyil, cəmiyyət hər şeyə biganədirsə, bir qrup müxalifətçi nə edə bilər? Onlar yalnız vətəndaşlıq borclarını yeri yetirə bilərlər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.