Vətənpərvərliyin imitasiyası, yoxsa postsovet vətənpərvərliyi?

Anar Məmmədli

TOY TAMADALARINDAN YAS MOLLALARINA QƏDƏR...

Bizim ölkədə vətənpərvərlik ritorikasının təbliğatçıları müxtəlifdir. Dövlət rəsmiləri, toy tamadaları, yas mollaları, mikrofon qarşısına çıxan sadə insanlar, müğənni və aktyorlar yeri gəldi-gəlmədi bu mövzuda danışırlar. Kənar adama elə gəlir ki, vətənpərvərlik təbliğatı iqtidar partiyası ilə yanaşı, bütün ölkə vətəndaşlarının siyasi konsepsiyasıdır. Duruma Jan Jak Russonun fikri ilə yanaşaq, «fərdlər cəmiyyətdə ümumi həyatı, mədəniyyəti və istəkləri bölüşürlər. Bu ümumiliyin təzahürləridirlər». Yəni cəmiyyətdəki vətənpərvərlik, yaxud YAP-ın vətənpərvərlik ritorikası nə dərəcədə səmimi, rasional və əsaslandırılmışsa, bundan cəmiyyətin bütün fərdlərinə, xüsusən də «vətənpərvərlərə» hansısa dərəcədə pay düşür.

HEYDƏR ƏLİYEVİN VƏTƏNPƏRVƏRLİYİ...

1993-cü ilin 4 iyun hadisələri nəticəsində hakimiyyətə gələn Heydər Əliyevin o zamankı bəyanatlarında ərazi bütövlüyünün qorunması, dünya birliyinə inteqrasiya, sabitlik və suverenliyə təhlükənin aradan qaldırılması önə çəkilirdi. Bu cür vətənpərvərlik ritorikası o zamankı siyasi gerçəkliklərə adekvat, həmçinin duyğusallıqla yanaşı, rasional idi. Amma 93-cü ildən sonrakı 3 il ərzində siyasi gündəm dəyişdi: Ermənistanla atəşkəs haqqında saziş, xarici neft şirkətləri ilə «Əsrin müqaviləsi» imzalandı, ardınca isə Əliyev sabitliyə «maneə» yaradan keçmiş tərəfdarları ilə vidalaşdı. Ritorika da dəyişməli, vətənpərvərlik təbliğatına düzəlişlər edilməli idi. Amma bu, baş vermədi.

SUVERENLİK VƏ SABİTLİK DEMOKRATİYAYA QARŞI

95-ci ilin parlament seçkilərini müşahidə edən ATƏT və BMT missiyasının tənqidinə cavab olaraq, Əliyev bildirirdi ki, «seçkilərdə qüsurlar var və tənqidlər əsaslıdır».
Foto: Arxiv
O zaman Əliyev qeyd edirdi ki, Azərbaycan müstəqilliyini yeni bərpa edən dövlətdir, hazırda suverenlik və siyasi sabitliyin qorunması daha vacibdir. Əliyevin seçkilərin tənqidlərinə cavab olan fikirləri 1998-ci il prezident və 2000-ci il parlament seçkilərində də səsləndi. Məlum olurdu ki, iqtidara insan hüquq və azadlıqlarının müdafiəsi «suverenlik və siyasi sabitliyin qorunması» qədər vacib deyil.

«KONSTİTUSİONAL VƏTƏNPƏRVƏRLİK»

İkinci Cahan savaşında məğlub olan Almaniya iki hissəyə parçalandı və «vahid Almaniya» ideyası iflasa uğradı. Məğlub ölkədə siyasi durğunluq və psixoloji sarsıntılar mühafizəkarlar, sosialistlər və liberalları narahat edirdi. Belə bir dövrdə filosof Dolf Sternberqer «konstitusional vətənpərvərlik» anlayışını təqdim edərək, yeni siyasi müzakirələrə istiqamət göstərdi. Ştenberqerə görə, vətənpərvərlik vətəndaşların respublikaçı dünyagörüşündə təzahür etməli, toplumun birgəyaşayışı isə tarix və ümumi istəklər çərçivəsində baş verməlidir. Azad və bərabər qaydada. Sternberqer vətənpərvərliyi yalnız duyğusal və irrasional dəyər hesab etmirdi, əksinə, o bildirirdi ki, rasional səciyyə daşımayan vətənpərvərlik fayda verməyəcək. Sternberqer vurğulayırdı ki, vətənpərvərlik insanların doğulduğu məkan, tarixi yaddaşı, etnik kimliyi ilə yanaşı, sahib olduğu çağdaş dəyərlər və cari maraqlarına görə də formalaşır.

RUSİYA, ERMƏNİSTAN, İRAN VƏ TÜRKİYƏ TƏCRÜBƏLƏRİ...

Siyasi tarix vətənpərvərliklə bağlı təcrübələrlə zəngindir. Məsələn, qonşu Rusiya üçün imperialist vətənpərvərlik, Ermənistan üçün etnik, İran və Türkiyə üçün isə dövlət vətənpərvərliyi xarakterik olub. Ancaq Azərbaycan üçün səciyyəvi olan vətənpərvərliyi Xəzərin şərq sahilində yerləşən ölkələrdə müşahidə edirik. Hərçənd ki, Orta Asiya ölkələrindən daha fərqli siyasi kapitala sahibik; 20-ci əsrin əvvəllərində mövcud olmuş ictimai baxışlar, siyasi ənənələr və Xalq Cümhuriyyəti çağdaş
Parlament seçkiləri, 7 noyabr 2010
vətənpərvərlik üçün dəyərli siyasi irs ola bilərdi…

VƏTƏNPƏRVƏRLİYİN İMİTASİYASI...

Bizdə vətənpərvərliyin imitasiyaya yönəldiyini müşahidə etmək çətin deyil. Məsələn, Ermənistanı torpaqlarımızı işğal etmiş dövlət kimi lənətləyirik. Ancaq işğal edilmiş əraziləri əhatə edən 8 seçki dairəsində seçicilərin (qarabağlıların) seçki hüquqlarının mənimsənilməsini tənqid etmirik. Hakimiyyət bir yandan işğal olunmuş ərazilər üzrə sülh danışıqları aparır, digər yandan isə həmin ərazilərdə yaşayası insanlara 8 nəfər deputat seçmək haqqını tanımır.

MÜSTƏQİLLİYİN 20 İLİ...

Müstəqilliyin bərpasının 20-ci ildönümü qeyd olunan ölkədə vətənpərvərliyi hələ də bir qrup şəxs müəyyən edərək, ibtidai dəyərlər toplusu kimi təqdim edir. Belə çıxır ki, ölkəni bürümüş korrupsiya, sosial ədalətsizlik və məmur özbaşınalığına qarşı çıxış edənlər, siyasi azadlıqları tələb edənlər vətənpərvər deyillər? Vətənpərvərlik yalnız torpağa, tarixi keçmişə, meşələrə, çaylara sevgidirsə, onda Konstitusiyasında vətəndaş hüquqları və azadlıqları bölməsinin hansı əhəmiyyəti var? Belə çıxır ki, korrupsiyanı, sosial ədalətsizliyi, qanunsuzluğu, saxta seçkiləri və özbaşınalığı vətənə yaraşdırmaq olar, çünki bunları törədənlər öz vətəndaşlarımızdır. Amma torpaqlarımızı 200 yüz il öncə Rusiyanın, 18 il öncə Ermənistanın işğal etməsi ilə barışmaq olmaz, çünki onlar yadellidirlər. Bu, ən yaxşı halda etnik vətənpərvərliyin kobud imitasiyasıdır; ötən əsrin 90-cı illərində yaranan və son illər daha da möhkəmlənən vətənpərvərlik 20 il keçməsinə baxmayaraq, postsovet vətənpərvərliyi səviyyəsindədir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.