Azərbaycanda yeni dərs ili başlayır

Foto: Arxiv

2011-2012-ci tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I sinfinə 124 274 şagird qəbul olunub.

Yeni dərs ilində 47 yeni orta məktəb istifadəyə verilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Zəminə Əliqızı «APA»ya bildirib ki, bu il paytaxtın 326 məktəbində 320 minə yaxın şagird təhsil alacaq. Onlardan 33 min 464 şagird I sinif şagirdidir.

Z. Əliqızı deyib ki, son illər Bakı məktəblərinin maddi texniki bazasının möhkəmləndirilməsi ilə bağlı çoxlu işlər görülüb:

«Bu gün 4 yeni məktəb istifadəyə verilir. 57 müəssisədə isə əsaslı təmir-bərpa işləri aparılıb, yeni sinif otaqları və korpuslar tikilib. Amma hələ də Bakı şəhərində 18 məktəb qəzalı vəziyyətdədir. «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən, 2013-cü ilin sonuna qədər Bakıdakı bütün məktəblər müasir standartlara uyğunlaşdırılacaq».