Neçə gündür ki, Təbriz və Urmiyədə etnik azərbaycanlıların etiraz nümayişləri diqqət mərkəzindədir. Oradan göndərilən videolara baxanda 1988-ci ilin Bakısı yadıma düşür.
Bu hadisələr arasında əsas oxşarlıq etirzların səbəbidir. Hər iki prosesdə qığılcım, nə qədər qəribə də olsa, ekoloji məsələ idi: Bakıda - Topxana meşələri, orada Urmu gölü.
Amma bu yazının məqsədi zaman və məkan arasında parallelər aparmaq deyil. Məqsəd insanları hərəkətə gətirən və onları hərəkətdən soyudan siyasi dinamikaya nəzər salmaqdır.
QOŞULMAYAN…
«Qoşulmayan biqeyrət!», «Dur qardaşım, sən də gəl!». Bu 2 diametral əks emosiyanı ifadə edən şüarları Təbrizdə eyni kütlə səsləndirirdi. Çox maraqlı mənzərə alınır. Fəal azlıq hərəkətə keçib və rejimin onu əzməməsi üçün çoxluğu da etirazlara cəlb etməyə çalışır. Çoxluq isə gözləyici mövqedədir. Azlıq da çoxluğu yarı-xoş, yarı-zor meydana gətirmək istəyir. Azlıq bilir ki, onun ifadə etdiyi fikirlər çoxluğun da ürəyindəndir, amma tərəddüd edir, repressiya və zor maşınınn qarşısına çıxmağa cürət etmir. Buna görə də səsləndirlən şüarlar çoxluğu həm utandırmağa, həm də onları ürəkləndirməyə yönəlir. Çətin ki, bu şüarlar hansısa məqsədyönlü planların nəticəsidir. Sadəcə olaraq, ortaya çıxıb özünü riskə məruz qoyan fəalların öz instinkti var. Həmin instinkt də bu şüarları diktə edir. Amma qoşulmayanların da öz instinkti var…
QOŞULMAYANLAR
İctimai fəallığa çağıran şüarlar əzilən çoxluğun mənafeyini doğru-dürüst ifadə etməyəndə məsələ sadədir: Qoşulmuram, çünki sizin istədiklərinizi mən istəmirəm.
Amma ortada bir ədalətsizlik varsa, bir zülm varsa və həmin o zülmə qarşı vuruşan fəal azlıq camaatı hərəkətə çağırırsa, məsələ mürəkkəbləşir. Açıq şəkildə «qorxuram» deyib qoşulmamaq da olar, təbii. Ancaq bunu etmək çətindir. Cəmiyyətdə qorxmayanların qabağında gəzib-dolaşıb qorxaqlığını boynuna almaq ən ambisiyasız adam üçün də ən azı psixoloji narahatlıq yaradar. Belədə, qoşulmayanların öz instinkti işə düşür – sinik düşüncə.
SİNİSİZM
İstərdim ki, bu sözün azərbaycanca qarşılığını verim. Amma ingiliscə «cynicism» adlanan bu sözü azərbaycan lüğətləri tamamilə uyğun gəlməyən bir sözlə tərcümə ediblər – «latayır». Sinik düşüncə tərzi hər şeyə və hər kəsə lağla yanaşan, az qala bütün dünyanın «iç üzünü açıb ifşa etməyə» hazır vəziyyətdə duran bir düşüncə tərzidir. İngilis dilinin izahlı lüğətində «cynical» yəni sinik düşüncə tərzi belə izah edilib: «1. İnsanların yalnız öz mənafeləri ilə motivləşən inam; insan səmimiyyətinə və düzgünlüyünə inamsızlıq. 2. Nəyinsə baş verəcəyinə, yaxud baş verməyə layiq olmasına şübhə».
Beləliklə, sinizm çox rahat düşüncə tərzidir. Adam həm özünü ağıllı hiss edir, həm də başqalarını axmaq. Nə özünü qorxaqlıqda ittiham edir, nə də vicdan əzabı çəkir ki, bir işin qulpundan yapışıb haqq-ədalət uğrunda çalışmır. Sinik düşüncə tərzi avtoritar təbiətli post-Sovet məkanına, siyasi azadlıqların ya az, ya da heç olmadığı müsəlman Şərqinə xas olub.
Sinizmin daşıyıcıları olan adamlar sanki dünyanın bütün sirlərinə vaqif «müdriklərdir». Hər şeyə hazır cavabları var:
Nə? Bir qrup adam ayağa qalxıb nəsə tələb edir? Əlbət, onları kimsə idarə edir.
Ətrafı inqilablar bürüyür? Böyük ölkələrin işidir, camaatı salıblar ortaya ki, pul qazansınlar.
Camaat meydanlara çıxıb zülmə qarşı yalın əllə mübarizə aparır? Axmaqdırlar da, başa düşmürlər ki, hansısa bir oyunun peşkalarıdırlar.
Bu siyahını sonsuzluğa qədər uzatmaq olar. Sinik təfəkkürlü insanı məntiqlə məğlub etmək mümkün deyil. Adam bütün sualların «cavabını» verəcək, amma… heç nə etməyəcək. Niyə? Çünki bu düşüncənin ancaq bir real motivi var: fəaliyyətsizliyə bəraət qazandırmaq.
GEOPOLİTİKLƏR ÖLKƏSİ – AZƏRBAYCAN
Azərbaycanda xarici siyasət və geopolitika sahəsində dəyərli fikir sahibləri olan ekspertlər var və belə mütəxəssislər hər bir ölkəyə ancaq xeyir verə bilərlər. Ancaq bəzən adama elə gəlir ki, sanki bu ölkənin bütün əhalisi geopolitikdir.
Əgər bir ölkədə baş verən proseslər ən adi məişət səviyyəsində (deyək ki, dayanacaqda müştəri gözləyən taksi sürücələri arasında) da müzakirə edilərkən söhbət geopolitikaya gedib dirənirsə, deməli bu ölkənin iri problemi var.
Sinik düşüncə tərzinin bariz nümunəsidir belə «geopolitik» müzakirələr. Öz vəziyyətini dəyişə biləcəyinə inamı olmayan adamlar ölkənin ictimai impotensiyasını «geopolitika» ilə pərdələyirlər, məsələn belə: «Qardaşım, nəsə eləyərdik də… amma bu neftə, Bakı-Ceyhana görə Qərb bizi zəlil etdi».
FİKRİN HƏRƏKƏT VEKTORU VAR
İctimai həyatda səsləndirilən hər bir fikir insanı ya hansısa hərəkətə səsləyir, ya da onu hansısa hərəkətdən çəkindirir. Fərqi etmir, deyilən fikir səhv, yoxsa düzgündür.
İnsanları təşəbbüs göstərməyə meylləndirən fikirlər bir qayda olaraq müsbət vektorlu, onları hərəkətsizliyə yönəldən fikirlər isə mənfi vektorlu olur.
Fikir vektorlarının insanı davranışına təsirini yoxlamaq çox asandır.
Səsləndirilən ictimai məzmunlu fikri belə bir sualla bitirməyə çalışın: Yaxşı, onda biz nə edək? Sinik fikirlər savadlı, məlumatlı adamların dilindən səslənəndə parıltılı görünə bilər. Amma «nə edək» sualına bu fikirlərin cavabı həmişə dəyişməzdir – «heç nə».
Təbrizdəki nümayişlərin insanlara qısa-müddətli dövr üçün nə verəcəyini indidən təxmin etmək çətindir. Uzunmüddətli planda isə nəsə edən toplum nəsə qazanır, heç nə etməyən toplum isə heç nə qazanmır. Tarix bunu göstərir.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizləridir